Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2858/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PBnin sahə inspektoru X1 və Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 11A-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1, 342.1.3 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Eyni zamanda Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 511.1.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokollardan və onlara əlavə edilmiş materiallardan görünür ki, Şəxs “TikTok” sosial şəbəkəsində “nici.94” adlı profil ilə dövlət qeydiyyat nişanı **-MJ-*** olan “Saipa Tiba minik” markalı avtomobillə dövlət qeydiyyat nışanı olmadan avtoxuliqanlıq edərək videoçarxlar çəkib paylaşmış, həmçinin polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin sahə inspektoru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, ona istinad edilən əməlləri törətmədiyini bildirmiş və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZA 013878 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib edən şəxsin izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, həmçinin raportla tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq hesab edir ki, sonuncu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət müəyyən edir. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir: • nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; • cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər və • yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Şəxs barəsində toplanmış sübutlar onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Belə ki, məhkəməyə inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən Şəxs nəqliyyat vasitəsini idarə edərkən davamlı olaraq hansı yol hərəkəti qaydalarını pozması, hansı hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi və ya ictimai qaydanı və əhalinin dincliyini pozmasını təsdiq edən təkzibedilməz dəlillər təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək təkzibedilməz sübutların mövcud olmaması hazırkı iş üzrə onun İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş əməlin törətdilməsində təqsirli bilinməsi üçün kifayət etmir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə, inzibati tənbeh tətbiq edən orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon məhkəmələri nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxırlar. Baxılması rayon məhkəmələrinə aid edilən inzibati xətalar haqqında işlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuşdur. Hazırda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3 və 511.1.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin Məcəllənin protokolda qeyd edilən 511.1.3-cü maddəsinin baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, məhkəmə Şəxs hərəkətlərində yalnız həmin maddənin tərkibinin olub-olmamasına qiymət verir. Azərbaycan Respublikasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33cü maddələri ilə nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməli və sonuncunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün toplanmış materialların surəti aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ-nə göndərilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-2858/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2858/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver