Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-286/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, X2 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X10 İdarəsi (DYPİ) 02 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayon Polis İdarəsi DYPŞ-nin (DYPİ) 02 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025 tarixdə təxminən saat 21:50 radələrində mülkiyyətində olan “Ford Mustang” dövlət qeydiyyat nişanı **-NA-*** olan nəqliyyat vasitəsi ilə Tbilisi prospektində yerləşən “1ST Petrol” YDM-dən çıxarkən bir az qabaqda geriyə dönmə edərək 20 Yanvar mst-na doğru hərəkət etmiş, “Qafqaz” oteli keçdikdən sonra Tbilisi prospektində yerləşən “Araz” supermarketin qarşısında polis əməkdaşı maşına tərəf şığıyaraq saxlama əmri verdiyinə görə, maşını hərəkətsiz vəziyyətə gətirərək yolun sağında saxlamış. Saxlama əmrinin səbəbini, İXM-nin hansı maddəsinin tələblərini pozmağı barədə inspektordan məlumat almaq istəsə də, o öz növbəsində ona özünü qeyri-adekvat apardığını, avtoxuliqanlıq etdiyini, avtomobilin cərimə meydançasına aparılacağını, bununla yanaşı narkoloji testdən keçməli olduğumu bildirdi, bir qədər mübahisə etdikdən sonra, içki həmçinin narkotik vasitə aludəçisi olmadığını, içkili olduğunu müəyyən etmək üçün alkotestin verilməsini, həmçinin onu ittiham etdikləri avtoxuliqanlıq görüntülərini tələb etdikdə ona müvafiq görüntünü təqdim edə bilməyəcəklərini, hadisənin guya TŞ (təhlükəsiz şəhər) kameraları tərəfindən qeydə alındığı üçün Yasamal DYP-nin rəisinin daxili göstərişinə əsasən saxladıqlarını bildirdilər. Qeyd edir ki, müvafiq hadisəyə iki iş ortağı və bir dostum şahidlik etmişdi (faktı təsdiq edə biləllər). Sonradan onu DYP-nin **-YP-*** qeydiyyat nişanlı xidməti patrul avtomobilinə əyləşdirərək tanışlarıma narkotik yaxud içkidən istifadə etdiyini müəyyən etmək məqsədilə onu Maştağa istiqamətində aparacaqlarını bildirsələr də, onu Yasamal RPİ-nin DYP şöbəsinə gətirdilər, orada onu polis baş leytenantı Səfərov Rəcəb qəbul edərək əvvəlcə mənə avtoxuliqanlıq etdiyini, ona etiraz etdikdə isə bir qədər sonra dəqiqləşdirərək onu rəisin “Məmməd Əliyev”-in göstərişinə əsasən polis inspektorunun saxladığını bildirdi. Saxlama səbəbi olaraq baş leytenant Rəcəb Səfərov ona “1ST Petrol” YDM-dən çıxdıqda rəisə siqnal verdiyini, bu halın onun tərəfdən xoşa gəlmədiyini bildirmişdir. İdarə rəisi onu öz otağına çağıraraq, ona tutduğu mövqeyə, polis yüksək rütbəsinə yaraşmayacaq qeyrietik tərzdə “sən lotusan mənə siqnal verirsən, kimsən ə sən?!? Bunu aparın yoxlatdırın, bu adekvat deyil, sonra da mənə məruzə eliyərsiz, məndə avtomobildə videoregistrator var onu da görüntü kimi əlavə eliyərsiz ” - deyə bildirdi. Otaqdan çıxdıqdan sonra baş leytenant Səfərov Rəcəb İXM-nin 327.2 maddəsi ilə barəsində qərəzli protokol tərtib edərək, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən halların, onların hansı səlahiyyətli vəzifəli şəxs tərəfindən müəyyən edildiyini və ya hansı xüsusi texniki vasitələrin köməyindən istifadə edilərək aşkar edilməsinə dair görüntü göstərməmiş (İXMnin 99.1.1.), protokolun tərtib edilməsindən indiyədək kifayət qədər vaxt ötsə də inzibati xətanı təsdiq edən videogörüntü onun elektron kabinetinə yerləşdirilməmişdir. Qeyd edir ki, həmin gün yəni xx.xx.2025 tarixdə idarədən çıxdıqdan sonra saat 23:10-da başına gələnlərlə bağlı DİN-nin çağrı mərkəzinə (102) zəng edərək şikayətini bildirmişdir. (indiyədək nəticəsizdir). Müvafiq qərəzli protokolun tərtib edilməsində bir sıra digər nöqsan və qanun pozuntu halları da müşahidə edilmişdir, protokolda hadisənin qeydə alınma yeri X9 84 göstərilsə də, o ümumiyyətlə həmin küçədə olmamış, yuxarıda qeyd etdiyi kimi Tbilisi prospekti istiqamətində hərəkət etmişdir. Görünür işində qanunu deyil rəisin göstərişini rəhbər tutan polis əməkdaşları protokolu o qədər “operativ” şəkildə icra edib ki, inzibati xətanın törədildiyi yeri şəxsi uydurmalarına əsasən H.B.Zərdabi 84 olaraq qeyd etmişlər, hərçənd ki Yasamal DYP-nin rəisinin iddiasına əsasən onlar arasında yaşanan insident Yasamal rayonu Tbilisi prospektində yerləşən “1ST Petrol YDM”-nin yanında olmuşdur, Yasamal rayon DYP xidməti avtomobili isə onu Nəsimi rayonu ərazisində göstəriş əsasında saxlamışdır. İXM-nin 100.5. maddəsinə əsasən protokol ciddi hesabat sənədi hesab olunur, nömrələnmiş blanklarda tərtib olunur, protokol inzibati xəta törədilməsini təsdiq edən sənəd olmaqla, müəyyən hüquq pozuntularının sənədləşdirilməsi məqsədini güdür. Müvafiq protokol və ona dair qəbul edilmiş Qərarla razı deyil, özümü təqsirli hesab etmir, barəsində inzibati xətanı təsdiq edəcək videogörüntü və fotoşəkil mövcud deyil. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir (İXM-nin 53.2). Yuxarıda sadalanan maddələrlə yanaşı müvafiq Qərarın qəbul edilməsində vəzifəli şəxs tərəfindən icraat mövcud məcəllədə nəzərdə tutulmuş qaydada aparılmamış, İnzibati Xətalar Məcəlləsinin aşağıda qeyd edilən maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Odor ki, barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 Rauf oğlu şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 02 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 02 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 02 yanvar 2025-ci il tarixdə saat 22.50-də Bakı şəhəri, X9 küçəsi 84 ünvanında “Ford Mustang” markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilli idarə edərkən yolayrıcı keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Qeyd edilən 02 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X7 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsi DYPŞ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 02 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsi DYPŞ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş 02 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsi DYPŞ-yə İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-286/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-286/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver