Məhkəmə qərarları › İş №3(004)-2879/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2879/2024

15.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2879/2024 15.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan X3 AYN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan X5 (bundan sonra - Agentlik) tərəfindən onun, X7 barəsində AYN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Aşağıda qeyd edilənlərə əsasən Agentliyin müvafiq inzibati tənbeh vermə haqqında qərarını qanunsuz hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 42.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə bu Məcəllənin 40.0.3-cü maddəsində nəzərdə tutulan orqanlar adından baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.33-2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346- 1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan X5 Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. “Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 7.4- cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqan adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişikliklər edilməlidir. Həmin Fərmanın 4-cü bəndi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılmışdır. Hesab edirəm ki, inzibati tənbeh vermə haqqında qərar buna səlahiyyəti olmayan qurum tərəfindən qanunvericiliyin normaları düzgün tətbiq edilməməklə, qanuna zidd olaraq qəbul edilmişdir. Belə ki, X5 Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilsə də, bu sahədə normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı verilmiş tapşırıq çərçivəsində İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında müvafiq dəyişikliklər edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 346-1.1- ci maddəsi üzrə qərar qəbul etmək səlahiyyətinin X3 vəzifəli şəxslərinə aid edilib-edilməməsi məsələsi öz həllini tapmamışdır. Odur ki, barəsində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan X3 AYN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, yuxarıda qeyd edilənlər habelə təqsirinin qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan X3 AYN ******* saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən X7 14 may 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsində “nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə” görə İXM-in 346-1.1-ci maddəsi ilə təqsirli bilinib 10 manat cərimə edilmişdir. Bununla da, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokola əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə qərar qəbul etmək səlahiyyətinin X3 vəzifəli şəxslərinə aid edilib-edilməməsi məsələsi öz həllini tapmadığını qeyd etsə də, məhkəmə aşağıdakılara görə hesab edir ki, şikayət əsassızdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 5.33-2-cü bəndinə əsasən həmin Məcəllənin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi baxır. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanında 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyi adından idarə Heyətinin sədri, onun müavinləri, Aparat rəhbəri və şöbə müdirlərinə aid edilmişdir. Azərbaycan X5 Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il 2109 nömrəli Fərmanının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan X5 Bakı şəhəri İcra Hakimiyyətinin başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 7.4-cü maddəsinə əsasən dövlət orqanının adı dəyişdirildikdə və ya bu orqanının adının dəyişdirilməsinə səbəb olan birləşmə, qoşulma, çevrilmə yolu ilə yenidən təşkil edildikdə, əvvəlki adı əks etdirən normativ hüquqi aktlarda addəyişmə hissəsində dəyişiklik edilməlidir. Belə dəyişikliklər edilənədək əvvəlki adı əks etdirən normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni yaradılmış) orqana tam həcmdə şamil olunur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X3 Nizamnaməsinin 1.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan X5 avtomobil nəqliyyatı sahəsində (bundan sonra – müvafiq sahə) tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti (Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmə və nəzarət istisna olmaqla) həyata keçirən publik hüquqi şəxsdir. “Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadında qeyd edilmişdir ki, publik hüquq münasibətlərində hətta dövlət orqanı ləğv edildikdə, publik hüquq münasibətləri xitam olunmur, belə ki, bu münasibətlərin tərəfi dövlətin özüdür, dövlət orqanları isə dövlət funksiyasının icraçısıdırlar. Dövlət orqanları (qurumu) publik hüquq münasibətlərində hakimiyyət səlahiyyətlərinə malik xüsusi publik subyekt olaraq iştirak edir və onlar arasında hüquq varisliyi maddi hüququn keçməsi ilə deyil, hüquqi statusunun və səlahiyyətlərinin keçməsi ilə şərtləndirilir. Dövlət orqanlarının (qurumlarının) funksional hüquq varisliyi məsələləri tənzimlənərkən digər sahələrdə olduğu kimi, inzibati xətalar sahəsində də dövlət orqanının (qurumunun) üzərinə düşən vəzifələrin icra edilməsinin davam etməsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, əks təqdirdə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, inzibati məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsinə, inzibati xəta nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının həyata keçirilməsinə xələl yetirilmiş olar. Burada xüsusilə nəzərə alınmaldır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan X3 Nizamnaməsinin” 3.1.2-ci maddəsinə əsasən, müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək Agentliyin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Palatası hesab etmişdir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanı ilə İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci və 346-1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindən funksional hüquqi varislik qaydasında Azərbaycan X5 publik hüquqi şəxsinə ötürülmüşdür. Beləliklə Azərbaycan X5 publik hüquqi şəxsinin İXM-in 346-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmağa səlahiyyəti vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin şikayətçi şikayətində də barəsində qəbul edilmiş qərarın inzibati xətanı törətmədiyinə görə deyil, AYNA-nın səlahiyyətli qurum olmadığını iddia etdiyinə görə ləğv edilməsini xahiş etmişdir. Ona görə də şikayətin təmin edilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan X3 AYN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar