Məhkəmə qərarları › İş №3(004)-2893/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2893/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2893/2021 10.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Nefçala rayonu, Neftçala şəhəri, M.Ə.Rəsulzadə küçəsində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 09 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09.11.2021-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu H.Zərdabi prospekti 190 ünvanında küçə söyüşləri söyərək ictimai əsayişi pozmuş daha sonra polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 09 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 190 ünvanında yerləşən “Melissa Park” yaşayış kompleksinin tikinti gedən ərazisinə qanunsuz olaraq daxil olmaq istəmiş, bu zaman ərazinin mühafizəçisi onun qarşısını almışdır. Bundan sonra mühafizəçi ilə mübahisə edərək yüksək səslə küçə söyüşləri söyərək ictimai əsayişi pozmuşdur. Daha sonra oradakı mühafizəçi tərəfindən 29-cu polis şöbəsinə məlumat verilmiş əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları Şəxs şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər lakin, onun şəxsiyyətini təsdiq edən sənədi üzərində olmadığı üçün ona polis bölməsinə getməli olunduğunu bildirmişlər. Lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq polis bölməsinə getməkdən imtina etmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, 09.11.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən “Melissa Park” yaşayış kompleksinin ərazisində olan tikinti işləri aparılan yerə daxil olmaq istəmiş, lakin mühafizəçi bunun qadağan olduğunu bildirmişdir. Bundan sonra mühafizəçi tərəfindən həmin yerə məsul şəxslər çağırılmışdır. Həmin yerə gələn şəxslər bir neçə gün əvvəl baş vermiş oğurluq hadisəsində onu şübhəli bilmişlər, lakin videogörüntüyə baxdıqdan sonra oğurluq edən şəxsin o olmadığı məlum olmuşdur. Bu zaman onlar arasında mübahisə yaranmış və o əsəbiləşərək yüksək səslə nalayiq ifadələr və söyüşlər işlətmişdir. Bundan sonra orada olar şəxslər tərəfindən polis idarəsinə məlumat verilmişdir. Əraziyə gələn polis əməkdaşları ondan şəxsiyyətini təsdiq edən sənədi tələb etmişlər, o isə üzərində hər hansı bir sənəd olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona 29-cu polis şöbəsinə getməli olduğunu bildirmişlər, o isə hər hansı bir əməl törətmədiyini və polis şöbəsinə getməyəcəyini bildirərək polisin qanuni tələbinə tabe olmamışdır. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 29-cu PŞ-nin baş əməliyyat müvəkkili Anar Sadıqov tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə ünvanlanmış 09.11.2021-ci il tarixli raportdan görünür ki, 09.11.2021-ci il tarixdə saat 17:00 radələrində Yasamal rayonu, H.Zərdabi prospekti 190 ünvanında “Melisa Park” yaşayış kompleksinin mühafizəçisi işləyən Sadiq Rüstəmov 29-cu PŞ-nin növbətçi hissəsinə zəng vuraraq bir nəfər şəxsin onun xidmət etdiyi ərazidə qadağan olunmuş əraziyə zorla daxil olmaq istədiyini və həmin şəxsin onunla mübahisə edərək ünvansız küçə söyüşləri söyməsi barədə məlumat verərək hadisə yerinə polisin gəlməsini istəmişdir. Faktla bağlı əməliyyat qrupu ilə hadisə yerinə gedilərkən orada olan Şəxs adlı şəxsin ünvansız küçə söyüşləri söyməklə mühafizəçi ilə mübahisə etdiyini görüb həmin şəxsi PŞ-nə dəvət edərkən o, PŞ-nə gəlməkdən imtina etmiş daha sonra isə PŞ-nə gətirilərkən PŞ-də səs-küy salaraq, uca sözlə ünvansız küçə söyüşləri söyməyə başlamış həmin şəxs dəfələrlə intizama dəvət edilsədə o, öz qanunsuz əməllərini davam etdirərək polisin qanuni əmrlərinə tabe olmamışdır. 09 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər İXM-in 510-cu maddəsində, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 09 noyabr 2021-ci il tarixdə Yasamal rayonu “Melisa Park” yaşayış kompleksində mühafizəçi Sadiq Rüstəmov ilə mübahisə edərək insanların sıx məskunlaşdığı və ətrafda xeyli insanın olduğu yerdə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmiş və əraziyə gəlmiş 29-cu polis şöbəsinin əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində xırda xuliqanlıq və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni, 09 noyabr 2021-ci il tarixdən, saat 17:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 09 noyabr 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar