Məhkəmə qərarları › İş №3(004)-29/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-29/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-29/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X7 vəkili və eyni zamanda nümayəndəsi Vəkil, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X12 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X13 Klubu” İctimai Birliyinin direktoru X12 barəsində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli nömrəli qərar tərtib olunmuşdur. Sözügedən qərara əsasən X12 4000 manat məbləğində cərimə olunmuşdur. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, X12 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli nömrəli qərar qanunsuzdur, əsassızdır və ləğv edilməlidir: Futbol Klubunun onun fəaliyyəti ilə əlaqədar xidmətlər göstərilməsi üçün digər şəxslərlə müqavilə bağlamaq hüququ vardır və buna əsasən də mülki hüquq subyekti kimi iradə sərbəstliyi və müqavilə azadlığı hüququndan istifadə etməklə X9 ilə əməkdaşlıq etmək məqsədilə tapşırıq müqaviləsi bağlanmışdır. X9 həmin müqavilə əsasında xidmət göstərmiş və ona razılaşdırılmış xidmət haqqı və digər ödənişlər edilmişdir ki, belə olan halda əməldə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibinin olması istisna edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki- hüquqi müqavilələr üzrə 'müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. Vurğulanmalıdır ki, əmək münasibətləri zahirən müəyyən işlərin yerinə yetirilməsi ilə bağlı mülki dövriyyə subyektləri arasında yaranan mülki münasibətlərə (tapşırıq, podrat, müqavilə münasibətləri və s.) bənzəyir. Lakin bu münasibətlər bir sıra əhəmiyyətli məqamlarda fərqlənirlər ki, bu da həmin münasibətlərin müvafiq olaraq əmək və ya mülki hüquq normaları ilə tənzimlənməsini labüd edir. X6 əsaslanaraq hazırki iş üzrə tərəflər arasında olan münasibətlərin məhz mülki-hüquqi münasibət olduğunu tamamilə aydınlaşdırmaq üçün bir sıra mühüm məqamları nəzərinizə çatdırmalıyıq. Belə ki, Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X9 ilə “X13 Klubu” İctimai Birliyi arasında xx.xx.2022-ci il tarixində yazılı şəkildə Tapşırıq müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən X9 (vəkalət alan) “X13 Klubu” İctimai Birliyini (vəkalət verən) məşqçi olaraq təmsil etmiş, “Səbail PFK” İctimai Birliyi isə məşqçi kimi xidməti fəaliyyətini göstərməsi üçün ona lazımi şərait yaradılmasını təmin etmişdir. Və nəzərinizə çatdırırıq ki, Əmirov Zaurla bağlanan müqavilə üzrə əmək münasibətlərinə əsaslanan hər hansı zəruri tələb və şərt müəyyən olunmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 4-1-ci maddəsinə əsasən "əmək münasibətləri- əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir." Lakin həmin şəxsin hər hansı vəzifəyə təyin edilməsi, iş saatları, nahar fasiləsi vaxtları və s. kimi məsələlər müəyyənləşdirilməmişdir. Ödəniş olaraq isə müqavilə imzalandığı tarixdən etibarən hər ay üçün bütün vergilər çıxılmaqla xalis 750 manat xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. AR Əmək Məcəlləsinin 6-cı maddəsinin “d” bəndinə görə isə "podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə AR Əmək Məcəlləsi şamil edilmir”. Bundan əlavə sözügedən tapşırıq müqaviləsinin bir illik müddətə bağlandığını qeyd etməliyik. KM-in X6 əsasən mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda^ müddətli bağlanır. Eləcə də müqavilənin bir illik müddətə bağlanması o deməkdir ki, vəkalət alanın fəaliyyəti dövri xarakter daşımışdır və bunun da mülki-hüquqi müqavilələrə xas əlamət olduğu aydın məsələdir. Daha sonra qeyd edək ki, əmək müqavilələrində işçi müəssisədaxili intizam qaydalarına və iş vaxtı rejiminə mütləq tabe olmalıdır, əks halda işçinin intizam tənbehinə məruz qaldığı məlumdur. Sözügedən mülki-hüquqi müqavilədə isə sadəcə tərəflərin müqavilənin bərabərhüquqlu subyektləri kimi öhdəliklərini yerinə yetirməyəcəkləri halda qanunvericiliyə uyğun məsuliyyət daşıyacaqları nəzərdə tutulmuşdur. Bu hal və ümumiyyətlə sözügedən tapşırıq müqaviləsinin tərəflərin hüquqi bərabərliyi və mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanması tərəflər arasında olan münasibətin mülki-hüquqi münasibət olduğunu təsdiq edən mühüm faktdır. Eyni zamanda bildirilir ki, şikayətçi X9 “X13 Klubu” İB-dən şikayəti ona məvacibin verilməsi ilə bağlı olmuş, hər hansı əmək müqaviləsinin imzalanıbimzalanmaması müraciət mövzusu olmamışdır. Belə olan halda inzibati orqanın ona ünvanlanmamış müraciətdə qeyd edilməyən halı araşdırması “İnzibati icraat haqqında” AR Qanunun tələblərinə ziddir. İnzibati orqanın müstəqil araşdırma çərçivəsində əmək müqaviləsinin imzalanması araşdırmaq səlahiyyəti AR İqtisaddiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinə məxsusdur. Belə ki, AR Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə görə "'operativ vergi nəzarəti çərçivəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi halları aşkar edilə bilər. Hətta hazırki iş üzrə inzibati xəta halı mövcud olmuş olsaydı belə AR İXM-nin 38.1- ci maddəsinə görə inzibati məsuliyyətə cəlbetmə üçün nəzərdə tutulmuş 4 aylıq müddət ötürülmüşdür. Sonda o da qeyd edilməlidir ki, mövcud Azərbaycan və dünya praktikasında bütün futbol klublarında məşqçi və baş məşqçilərlə əmək müqaviləsi deyil, özünəməxsus formata sahib tapşırıq və tapşırıq xarakterli xidmət müqavilələri imzalayırlar. Beləliklə qeyd etməliyik ki, X5 tapşırıq müqaviləsi əsasında xidmət göstərdiyi və tərəflər arasında faktiki olaraq əmək münasibətlərinin mövcud olmadığı təqdirdə həmin şəxslə əmək müqaviləsinin bağlanmasının tələb edilməsi absurddur. Və bunu əsas gətirərək inzibati tənbeh tətbiq etmə də tamamilə qanunaziddir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X2 şikayətin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, vətəndaş X9 “X13 Klubu” İctimai Birliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 18 iyun 2022ci il tarixdən 31 may 2023-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən də, “X13 Klubu” İctimai Birliyinin sədri X12 barəsində X8 Xidmətinin Bakı şəhər idarəsinin rəisi X10 tərəfindən xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iştirak edən barəsində qəbul edilmiş qərardan şikayət verən şəxs X7 vəkili və eyni zamanda nümayəndəsi Vəkil şikayətdə qeyd etdiyi xüsusatları bir daha təsdiq edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X9 “X13 Klubu” İctimai Birliyi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 18 iyun 2022-ci il tarixdən 31 may 2023-cü il tarixədək işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Ona görə “X13 Klubu” İctimai Birliyinin sədri X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyeva tərəfindən qəbul edilmiş 3(011)-4649/2023 saylı qərarından görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X9 ilə “X13 Klubu" İctimai Birliyi arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək yazılı şəkildə tapşırıq müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, hər ay xidmət haqqı ödənilmiş, bununla da “X13 Klubu " X4 Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilmədiyindən hüquqi şəxs “X13 Klubu” İctimai Birliyi Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, analoji işlə bağlı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-341/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-4649/2023 saylı qərarından verilmiş apellyasiya şikayəti təmin edilmədən, qərar isə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi Elxan Məmmədovun məktubuna ünvanladığı 22 yanvar 2019-cu il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinin d) bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə Əmək Məcəlləsi şamil edilmir. X11 Assosiasiyası ilə Azərbaycan Futbol Federasiyası Assosiasiyası arasında əməkdaşlıq münasibətlərinin qurulması, Avropa çempionatı və digər beynəlxalq turnirlərdə ölkəmizin futbol komandasının təmsil olunması, şəffaflığın təmin edilməsi, futbol yarışlarına hakimlik edilməsi, komanda üzvlərinə tibbi və sağlamlaşdırıcı xidmətlərin göstərilməsi məqsədilə vaxtaşırı ixtisaslı şəxslərin (nümayəndənin, hakimin, məşqçinin, həkimin, masajçının) mülki-hüquqi müqavilə əsasında aidiyyəti işlərin yerinə yetirilməsinə cəlb edilməsi qanunvericiliyin tələblərinə uyğundur. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 ilə "Səbail" X14 arasında heç bir zaman əmək müqaviləsi mövcud olmamış, Z.Əmirov "Səbail" PFK-da "Tapşırıq müqaviləsi" (hüquqi mülki müqavilə) əsasında fəaliyyət göstərmişdir. Qeyd olunan müqavilə 18 iyun 2022-ci ildə bağlanmış və 31 may 2023-cü il tarixində başa çatmışdır. Müqavilənin başa çatdığı tarixə qədər "Səbail" PFK tərəfindən X5 bütün ödənişləri həyata keçirilmişdir. Hazırda "Səbail" PFK-nın Z.Əmirov ilə bağlı hər hansı hüquqi və maliyyə öhdəliyi yoxdur. Belə ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X9 ilə “X13 Klubu" İctimai Birliyi arasında xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixədək yazılı şəkildə tapşırıq müqaviləsi bağlanmış və müqavilə üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, hər ay xidmət haqqı ödənilmiş, bununla da “X13 Klubu " İctimai Birliyinin sədri X12 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə sübuta yetirilməmişdir. Belə olan halda X7 əməlində AR İXM-nin 192.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, q ə r a r a a l d ı: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarından verdiyi şikayət təmin edilsin və həmin qərar ləğv edilsin. X7 Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilməsi ilə bağlı iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar