Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2908/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru İsmayıl İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru E.Abıyev bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən hər ay 308 (üç yüz səkkiz) manat məbləğində aliment Şəxs tutularaq tələbkar X3 ödənilməlidir. Lakin Şəxs icra vərəqəsinin icrasını üzrsüz səbəbdən tam yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Hazırda borclunun 17881 manat aliment borcu yaranmışdır. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı borclunun əmlakı üzərinə həbs qoyulmuşdur, eyni zamanda borclu tərəfindən sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 500 manat məbləğində ödəniş edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(006)-4657/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından məlumatlıdır. 2018-ci il tarixdən 2022-ci il tarixədək hər ay aliment məbləğinə tam şəkildə nağd formada ödəmişdir. Həmin dövrdə tələbkarın şikayət etməməsi bunu bir daha təsdiq edir. 2022-ci ildən başlayaraq ödənişləri onlayn formada etmiş və bəzən aylıq aliment məbləğindən daha artıq məbləğdə ödənişlər etmişdir. Lakin tələbkar X7 nağd formada edilən ödənişləri etiraf etmədiyindən onun hazırda aliment borcu olması protokolda qeyd edilmişdir. İddia edilən borcu tam şəkildə ödəyə bilməməsinin səbəbi maddi imkanının olmamasıdır. Hal-hazırda işsizdir. Lakin hər ay 500 manat olmaqla hissə-hissə ödəyir. 26 aprel 2025-ci il tarixdə də borcundan 500 manat ödəmişdir. İcra məmurunun tələblərinin yerinə yetirilməməsində hər hansı qərəz yoxdur. Göstərilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4657/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 154 (bir yüz əlli dörd) manat olmaqla, cəmi 308 (üç yüz səkkiz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1 tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır və bununla bağlı bildiriş xx.xx.2019-cu il tarixdə Şəxs təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş müxtəlif tarixli ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən X2 hesabına xx.xx.2024-cü il tarixdən hazırdək mütəmadi olaraq hər ay 500 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, **********6 nömrəli ödəniş qəbzindən görünür ki, Şəxs tərəfindən X2 hesabına 500 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, icra məmuru, borclu tərəfindən tələbin könüllü icra edilməsindən imtina edilmədiyi və bunun üçün qanunla müəyyən edilmiş müddət keçmədiyi halda, yəni inzibati xəta hadisəsi olmadığı halda əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi mövcud deyildir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-2908/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2908/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver