Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2921/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu müdafiə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş 23 may 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:49-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 104 ünvanında yerləşən Şəxs MMC tərəfindən satılmış kəmərin dəyişdirilməsi və ya geri qaytarılması qaydaları pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt vətəndaş Məmmədova Nuranənin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müraciətləri, Şəxs MMC tərəfindən Dövlət Xidmətinə təqdim edilmiş məktub ilə təsdiq edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X4 məhkəmə iclasında protokolda göstərilənlərə uyğun izahat verərək inzibati xəta törətmiş hüquqi şəxsin barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X6 inzibati xəta haqqında protokola etiraz edərək satılan məhsul korsetdir və alt paltarı kateqoriyasına aid olduğunu və qanunvericilikdə də həmin növ paltarların qaytarılması nəzərdə tutulmadığından müştəridən geri alınmadığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, Şəxs MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Əlbəy Hüseynzadə küçəsi, ev 86 olmaqla qanuni təmsilçisi X5r. İş materiallarında olan X2 İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətindən görünür ki, xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 104 ünvanında yerləşən Şəxs adlı mağazadan (telefon nömrəsi: **********; **********; **********) kəmər almışdır. İddia etdiyinə görə, kəmər onun zövqünə uyğun olmadığı üçün xx.xx.2023-cü il tarixində həmin mağazaya yaxınlaşaraq malın geri götürülməsini tələb etmiş, lakin mağazanın işçisi kəmərin gigiyenik mal olduğunu iddia edərək onu yalnız dəyişdirə biləcəyini bildirmişdir. Qeyd olunanları əsas gətirərək, vətəndaş adıçəkilən mağaza tərəfindən özünün istehlakçı hüquqlarının pozulduğunu iddia edərək, malın geri qaytarılmasına qanunvericiliyə uyğun olaraq müvafiq köməklik göstərilməsini və cavab məktubunun Elektron ünvan e-mail ünvanına göndərilməsini xahiş edir. Vətəndaşa müraciəti əsasında şikayət vərəqəsinin tərtib edildiyi və qanunamüvafiq qaydada baxılaraq nəticəsi barədə ona rəsmi məlumat veriləcəyi bildirimişdir. İş materiallarında olan X2 İqtisadiyyat Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətində qeyd etmişdir ki, “Sizin verdiyiniz cavab mektubu ile qeti shekilde razi deyilem ve bu meselenin yeniden arashdirilmasini teleb edirem. Chunki sizin emekdasha bildirdiyim kimi, bu mehsulun beden shekillendirmesi ile qeti shekilde elaqesi yoxdur. Eger magaza bu kemeri oz resmi sehifesinde paltarin uzerinden aksesuar kimi geyinilib shekil paylashibsa, siz nece deye bilersiniz ki bu beden shekillendiricidir? men size magazanin oz resmi yerleshdirdiyi shekilleri elave edib, teqdim edirem. Zehmet olmasa bu meseleye bigane yanashilmasin. Chunki bu cavabdan men onu http://gorurem. Men size faktiki shekiller gonderirem siz ise qarshiliginda tamam fergli bir mehsul kimi mene cavab verirsiniz. Shekiller de diqqet etdiyiniz kimi, korset bedene geyinilmeyib,by ariqladici mehsul ve s beden yigmaq uchun korset deyil, korset formasinda olan kemerdir. Vixen magazasinin oz yerleshdirdiyi shekilleri size yönlendirirem.” Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanlanmış məktubdan görünür ki, 03 Aprel 2023-ci il tarixdə daxil olmuş vətəndaş Nurane Məmmədovanın müraciəti ilə əlaqədar aparılmış araşdırmaya əsasən vətəndaş xx.xx.2023-cü il tarixdə müraciətində qeyd etdiyi kimi kəmər deyil, modelləşdirici alt paltarların sinifinə aid olan korset almışdır. Qeyd olunmalıdır ki, adıçəkilən məhsul bir başa bədənə geyinməklə şəxsin sinə və qarın nahiyəsini sıx şəkildə əhatə edir. Vətəndaş müraciətində də qeyd etdiyi kimi heç bir qüsuru olmayan malı yalnız zövqünə uyğun gəlmədiyi üçün qaytarmaq məqsədilə xx.xx.2023-cü ildə mağazaya müraciət etmişdir. Vətəndaşın müraciəti ilə əlaqədar ona mağazanın əməkdaşı tərəfindən qanunvericiliyin tələbləri izah edilmişdir. Belə ki, həmin məhsul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 saylı Qərarı ilə təsdiq edilmiş Azerbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısının 10-cu bəndində qeyd olunmuş istehsa qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlarına aid olduğundan qaytarılmır Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli 443 nömrəli satış çekindən görünür ki, 57.90 manat dəyərində kəmər satılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 saylı Qərarına əsasən Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı aşağıdakı kimi göstərilmişdir.
1. Qızıl və qızıl məmulatları.
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
4. Parfümer-kosmetika malları.
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
9. Uşaq oyuncaqları.
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
11. Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar.
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 444.2-ci maddəsinə əsasən, Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə - altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə prosesində Azərbaycan Respublikasının İXM-nin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC tərəfindən satılmış məhsul cəmiyyətə məxsus kassa çekindən də göründüyü kimi kəmərdir və Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısında qeyd edilən məhsul göstərilməmişdir. Bu səbəbdəndə Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 210.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Rauf Daşdəmirov