Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2939/2022 22.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X5 X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, barəsində qəbul edilən 03 iyun 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan narazıdı və şikayətçidir. Belə ki, həmin qərarda göstərilir ki, onun aptekində qida təhlükəsizliyi sertifikatı olmayan, üzərində Azərbaycan dilində məlumatlar əks edilməyən və içlik vərəqində Azərbaycan dilində məlumatlar olmayan Türkiyə istehsalı bioloji qida əlavəsi olmuşdur. O həmin malları Azərbaycan Respublikasında əldə etmiş və həmin mallar Azərbaycan Respublikasına gömrük sərhədindən daxil olmuşdur. Əgər həmin malların rəsmiləşdirilməsində qüsurlar və çatışmamazlıqlar varsa, o zaman həmin malların Azərbaycanda idxalına cavabdeh olan şəxslər məsuliyyətə cəlb edilməli və cərimə olunmalıdırlar. Həmin mallar qida məhsulu deyildir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayətin dəlillərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, şikayət ərizəsi ilə məhkəməyə müraciət etməsinin əsas səbəbi barəsində qəbul edilmiş inzibati cərimə növündə tənbeh tədbirinin ödənilməsinə maddi imkanının olmaması olmuşdur. Bundan əlavə həmin məhsulların satılmasının qadağan olduğunu bilmiş lakin onların satış üçün deyil vitrinə düzülməsi üçün orada olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X7 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “Paşa-K” Fimasının xx.xx.2022-ci il tarixli 76 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində İsmayılbəy Qutqaşınlı, ev 51C ünvanında yerləşən aptekdə, Azərbaycan Respublikasında Dövlət qeydiyyatı olmayan Türkiyə Respublikası “Tab İlaç Sanayi A.Ş.” şirkətinin istehsalı olan “Krilom” omega3 №50 adlı məhsul bioloji fəallığa malik qida əlkavəsi kimi satışdadır. “Paşa-K” şirkəti tərəfindən Türkiyə Respublikası “Vefa İlaç A.Ş.” şirkətinin istehsalı olan məhsul “Krilom” omega 3 eyni ticari ad ilə dövlət qeydiyyatına alınaraq satış məqsədi ilə ölkəyə idxal edilmişdir. Dövlət qeydiyyatı olmayan keyfiyyəti yoxlanılmamış məhsulun eyni adda satışda olması vətəndaşlar arasında çaşqınlığa və sağlamlığa bir başa təhlükə yaratdığını nəzərə alaraq məhsulun satışdan çıxarılması üçün lazımi tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 18 may 2022-ci il tarixli YPK/0160-22 nömrəli yoxlama aparılması haqqında qərarından görünür ki, insanların həyat və sağlamlığına birbaşa mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi şəxs tərəfindən yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətin daxil olması səbəbindən 19 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək X8 məxsus ünvan 1 ünvanında yerləşən aptekdə plandankənar növbəti yoxlama keçirilməsi qərara alınmışdır. İş materiallarında olan yoxlamanın nəticələri üzrə xx.xx.2022-ci il tarixli YPK/0160-22 nömrəli qərardan görünür ki, Türkiyə Respublikası “Tab İlaç Sanayi A.Ş.” şirkətinin istehsalı olan “Krilom” Omega3 №50 bioloji fəallığa malik qida əlavələri ünvan 1 ünvanında yerləşən “İstanbul” aptekə sertifikatı olmadan qəbul edilir. Məhsullara dair qida təhlükəsizliyi sertifikatı mövcud deyil. Eyni zamanda məhsulların üzərində və içlik vərəqəsində Azərbaycan dilində məlumatlar öz əksini tapmamışdır. “Krilom” Omega3 №50 bioloji fəallığa malik qida əlavələrinin aptekə kim tərəfindən gətirildiyi barədə aptek rəhbərliyi tərəfindən məlumat verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 19 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokolundan görünür ki, “İstanbul” aptekdə (ünvan: ünvan 1) keçirilən plandankənar yoxlama zamanı anbarda qida təhlükəsizliyi sertifikatı olmayan və üzərində Azərbaycan dilində məlumatlar əks olunmayan Türkiyə Respublikası “Tab İlaç Sanayi A.Ş.) şirkətinin istehsalı olan “Krilom” Omega №50 adlı bioloji fəallığa malik qida əlavəsinin olması müəyyən edilmişdir. Nəticədə vəzifəli şəxs X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3 və 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, 19 may 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3 və 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan X9 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə ünvanlanmış ərizədən görünür ki, X9 barəsində tətbiq edilmiş 2000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin 6 ay müddətinə hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 17 iyun 2022-ci il tarixli qərardadından görünür ki, X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı qəbul eidlmiş MN №1126368 nömrəli xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarda müəyyən olunmuş 2000 manat məbləğinin 6 ay ödənilməsi üçün möhlət verilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X9 ********** nömrəli Vöen əsasında X4 Satışı istiqaməti üzrə fəaliyyət göstərir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində normalaşdırma bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər (bundan sonra qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar) vasitəsi ilə həyata keçirilir. Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların hazırlanması və qəbulu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Qida məhsullarının istehsalı üçün istifadə olunan bütün avadanlıq və vasitələrə dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yeyinti məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədilə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin icra edilməsi yeyinti məhsulları sahəsində fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. İdxal olunan yeyinti məhsulunun istehsalçısı qida təhlükəsizliyi qeydiyyatından keçdiyi halda həmin istehsalçının məhsullarına qida təhlükəsizliyi sertifikatı tələb olunmur. Həmin Qanunun 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən yeyinti məhsullarının üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni: 447.0.3. standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə; 447.0.4. qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X9 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. X3 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 447.0.3 və 447.0.4-cü maddələrinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X9in verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 03 iyun 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-2939/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2939/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver