Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-295/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:33-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus mağazada epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin pozulması faktı aşkar edilmişdir. Belə ki, təsərrüfat subyektində epidemiya əleyhinə rejim, sanitariya-gigiyena qaydaları və karantin rejimləri dövründə sosial ara məsafəsi saxlamaqla bağlı tələblər pozulmuşdur. Bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.2-ci (epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 izahatında hüquqlarını təmsil etdiyi Cəmiyyət barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan baxılmadan həmin protokolu tərtib etmiş orqana geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Belə ki, protokol tərtib etmiş inzibati orqan tərəfindən işə əlavə edilmiş fotoşəkilə nəzər yetirildikdə, həmin faktın harada aşkar edilməsini müəyyən etmək mümkün deyildir. Yəni, Şəxs MMC-nin hansı filialında fotoşəklin çəkilməsinə və ya görünən təsərrüfat subyektinin Cəmiyyətə ümumiyyətlə məxsus olub-olmamasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Bundan başqa Cəmiyyət barəsində protokol tərtib edilməmişdən öncə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair, o cümlədən nümayəndənin işə cəlb edilməsi barədə hər hansı rəsmi sənəd daxil olmamışdır. Protokolda Cəmiyyətin nümayəndəsinin imzalamaqdan imtina etməsi qeyd edilsə də, kimin imtina etməsi göstərilməmişdir. İşin görünən tərəfi odur ki, protokol və ona əlavə edilmiş sənədlərdə ümumiyyətlə xətanın kim tərəfindən törədilməsi göstərilməmiş, Cəmiyyətin xəta törədən hər hansı bir vəzifəli şəxsinin şəxsiyyəti müəyyənləşdirilməmişdir. Belə olan halda isə Cəmiyyət tərəfindən də daxili qaydalara uyğun şəkildə xətanın kim tərəfindən törədilməsi və həmin şəxsin gələcəkdə özünün intizam məsuliyyətinə cəlb edilməsi faktının araşdırılması da mümkün deyildir. Əgər hüquqi şəxsin mənafeyi naminə xəta törətmiş şəxs müəyyən edilməmişdirsə o, halda Cəmiyyətin əməlində hər hansı bir xəta tərkibinin olmasından söhbət gedə bilməz. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada sürətli poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4. maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə edilmiş material natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş material aşağıda qeyd edilən əsaslara görə geri qaytarılmalıdır. Belə ki, sözügedən xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər ilk dəfə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş, lakin məhkəmə tərəfindən qəbul edilmiş 3(004)-4203/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadla inzibati işdə məhkəmə baxışı zamanı aradan qaldırılması mümkün olmayan nöqsanlar sadalanaraq inzibati orqana geri qaytarılmışdır. Məhkəmənin qərardadında digər qüsurlarla yanaşı qeyd edilmişdir ki, “hüquqi şəxsin törətdiyi inzibati xəta”, “hüquqi şəxsin əməlində inzibati xəta tərkibi” deyildikdə, yalnız hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün fəaliyyət göstərmiş konkret fiziki şəxslərin inzibati xəta törətməsindən, onların əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasından söhbət gedə bilər. İnzibati xətalar qanunvericiliyinin məzmunundan da görünür ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi istisnasız olaraq konkret fiziki şəxslərin törətdiyi inizbati xətalarla əlaqələndirilmişdir. Belə ki, bu əlaqə onunla xarakterizə olunur ki, həmin xəta hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün törədilmiş olmalıdır. İnzibati xətanın hüquqi şəxsin xeyrinə törədilməsi dedikdə, həmin əməllə hüquqi şəxsə fayda gətirmək, onun maddi öhdəliklərini azaltmaq, onun maddi durumunu başqa formada yaxşılaşdırmaq məqsədilə törədilməsi kimi başa düşülür. İnzibati xətanın hüquqi şəxsin maraqlarının qorunması üçün törədilməsi dedikdə isə, inzibati xəta əməlinin hüquqi şəxsin müxtəlif xarakterli mənafelərinin müdafiəsi və təmin olunması məqsədilə törədilmiş olması başa düşülür. Bu cür maraqlar hüquqi şəxsin nəzarət orqanlarının yoxlamalardan kənarda qalmasını təmin etmədə və sair hərəkətlərdə ifadə oluna bilər. Beləliklə qanunvericiliyə görə hüquqi şəxsə tənbeh tədbirinin tətbiq edilməsinə əsas ola bilən fiziki şəxslərin konkret dairəsi müəyyən edilmişdir. Yalnız hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxslər; o cümlədən həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Dolayısı ilə, Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə hər hansı hüquqi şəxsin məsuliyyətinin yaranması üçün onun müvafiq tələblərə cavab verən vəzifəli şəxsinin əməlində həmin xətanın tərkib əlamətləri olmalıdır, əks təqdirdə həmin hüquqi şəxs məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Yuxarıda qeyd olunanlara baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi yenidən protokol və ona əlavə edilmiş sənədləri əvvəlki qaydada natamam şəkildə baxılması üçün təkrarən məhkəməyə göndərmişdir. Məhkəməyə daxil olmuş xx xxxxxx 2021-ci il tarixli müşayiət məktubunda bildirilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 12:33-də ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus təsərrüfat subyektində epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejiminin pozulması faktı aşkar edilmiş, bu fakt protokollaşdırılmış, törədilmiş xəta ilə bağlı işçilərə hüquq və vəzifələri izah edilmiş, lakin sonuncular özlərini təqdim etməkdən, bu barədə izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişlər. Daha sonra qeyd olunan materiallar xx.xx.2020-ci il tarixdə Cəmiyyətin hüquqi ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli **********244100 nömrəli “Sənədlərin göndərilməsi haqqında” məktubdan isə görünür ki, tərtib edilmiş protokolun surəti hüquqi şəxsə məlumat olaraq göndərilmişdir. Lakin protokol tərtib edilməmişdən öncə hüquqi şəxsin nümayəndəsinin başlanılmış inzibati xəta haqqında iş üzrə ictaatda iştirak etməsinə dair bildiriş və ya ona hüquq və vəzifələrinin izah edilməsinə dair mötəbər sənəd işə əlavə edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən protokol və material geri qaytarıldıqdan sonra isə səlahiyyətli inzibati orqan tərəfindən məhkəmənin qərardadında sadalanan nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilməmiş, bunun əksinə olaraq iş təkrarən formal əsaslarla baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd edilir ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda göstərilənlər nəzərə alınaraq məhkəmə hesab edir ki, hazırki qərarda və məhkəmənin 3(004)-4203/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadında sadalanan natamamlıqlar aradan qaldırılmadan işə məhkəmədə baxılması mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100, 109, 110 və 114cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş material Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 Üzrə Baş İdarəsinə geri qaytarılsın. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-295/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-295/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver