Məhkəmə qərarları › İş №3(004)-2956/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2956/2021

28.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2956/2021 28.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35D ünvanında olan, (VÖEN **********) Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 211.2-ci maddəsi ilə 03.11.2021-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, 03 noyabr 2021-ci il tarixdə saat 11:20 radələrində cəmiyyətin fəaliyyət göstərdiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 35D ünvanında Şəxs adlı obyektdə həmin obyektin işçisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən fərdi qoruyucu vasitədən istifadə etməyərək xidmət göstərməsi aşkar olundu. Protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs MMC-nin işçisi qeyd edilən tarixdə və obyektdə fərdi qoruyucu vasitədən istifadə etməyərək xidmət göstərməsi aşkar olunduğu üçün inzibati xəta törədilmişdir, buna görə də hüquqi şəxs barəsində hazırkı protokolu tərtib edib məhkəməyə göndərmişlər. inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 məhkəmə iclasında tərtib edilmiş protokola etiraz edərək, izahatında göstərdi ki, fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsinə istinad olunan şəxsin şəxsiyyətinin və həmin şəxslə Cəmiyyət arasında hər hansı hüquqi bağlılığın olmasının, onun əməkdaşının olub-olmamasının müəyyən edilmədiyi halda, hansı əsasla həmin şəxsin hərəkətlərinə görə Cəmiyyətin məsuliyyət daşımalı olması və həmin fiziki şəxsin özünün barəsində hər hansı hüquqi tədbir görülmədiyi halda Cəmiyyətin məsuliyyətə cəlb edilməsi maraq doğurur. Hesab edir ki, kimliyi məlum olmayan şəxsin hər hansı davranışına görə Cəmiyyətin məsuliyyətə cəlb edilməsinin heç bir hüquqi əsası yoxdur və bu tamamilə qərəzli xarakter daşıyır. Fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsinə istinad olunan şəxsin həmin fərdi qoruyucu vasitədən istifadə etməməsi yalnız həmin şəösin özünün məsuliyyətini yarada bilər. Həmin şəxsin qeyd edilən inzibati xətası nəticəsində hüquqi şəxs hər hansı bir xeyir görmür və ya həmin inzibati xəta hüquqi şəxsin maraqları üçün törədilməmişdir. İşçi maskadan istifadə edərək də həmin işi görə bilər. maskadan istifadə etməməklə, hüquqi şəxsə hər hansı bir əlavə xeyir, mənfəət gətirməmişdir. Ona görə də hətta işçi belə bir inzibati xəta törətmişdirsə də,həmin işçinin inzibati xətası, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün, yalnız və yalnız İXM-nin 18-ci maddəsi ilə müəyyən edilmişdir. həmin maddəyə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün onun işçisinin və ya vəzifəli şəxsinin törətdiyi inzibati xətalara görə cəlb edilə bilər. Göründüyü kimi işçinin maska taxmaqla və ya maska taxmamaqla xidmət göstərməsi hüquqi şəxs üçün hər hansı bir məsuliyyətə səbəbə ola bilməz. Çünki həmin iş maska taxmaqla da görülə bilir. Maska taxmaq tələbi hammı üçün, o cümlədən işçi hətta hüquqi şəxsin işçisi olmasa da belə, fiziki şəxs kimi qapalı məkanda maskadan istifadə etmlidir. Əgər maskadan istifadə etmirsə, həmin işçinin fiziki şəxs kimi özünün inzibati məsudliyyətinə səbəb olacaqdır. Ona görə də işçinin hüquqi şəxsin xeyri üçün olmayan, işçinin həmin inzibati xətasından hüquqi şəxs hər hansı bir xeyir götürmədiyi halda, işçinin hüquqi şəxsin maraqlarının qorunmasına xidmət etməyən inzibati xətasına görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Əsaslar aşağıdakılardan ibarət olmaqla həm sübutemə barədə, həm də hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmaması ilə əlaqədardır. Sübutetmə ilə əlaqədar qeyd edilməlidir ki, səlahiyyətli orqan tərəfindən tərtib edilmiş həmin protokolda Şəxs MMC İXM-in 211.2-ci maddəsi ilə ona görə təqsirli bilinmişdir ki, Şəxs adlı obyektdə həmin MMC-nin işçisi fərdi qoruyucu vasitədən istifadə etməyərək xidmət göstərməsi aşkar olunmuşdur. Bununla da həmin əməlin törədilməsində Şəxs MMC təqsirli bilinmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, hüquqi şəxsin inzibati xəta törətməsinə dair sübutlar kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, aydınlıq gətirilməmiş qeyd edilən ziddiyyətli məqamlarla şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Yaranmış şübhələr və ziddiyyətlər hər bir halda İXM-in 8-ci maddəsinə əsasən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, göstərilən inzibati xətanın hüquqi şəxs tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Hüquqi şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Hüquqi şəxsin təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, hüquqi şəxsin inzibati məsuliyyətinin yaranmasına dair İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olub-olmaması ilə əlaqədar aşağıdakılar qeyd edilir. Belə ki, nəzərə alınmalıdır ki, hüquqi şəxslərin inzibati məsuliyyəti yalnız İXM-in 18ci maddəsi ilə müəyyən edilmişdir. İXM-in 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Beləliklə, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilirsə, İXM-in 18.2-ci maddəsində sadalanmış şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır ki, həmin inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaransın. Həm də həmin şəxslərin törətdiyi ixtiyari bir inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyət daşımır. Həmin şəxslərin törətdiyi o, inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin şəxslərin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Yəni İXM-nin 18-ci maddəsinə əsasən hər bir pozuntu İXM-nin inzibati məsuliyyətinə səbəbə olmur, yalnız o inzibati xətalara görə hüquqi şəxs məsuliyyət daşıyır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Lakin belə bir əsaslandırma protokolda ümumiyyətlə aparılmamışdır. Bundan əlavə hazırkı iş üzrə birinci olaraq həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmalıdır. Bundan sonra araşdırılmalıdır ki, həmin inzibati xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmişdir ya yox? Belə bir vəziyyətdə nəzərə alınmalıdır ki, İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yəni hər hansı bir şəxsin inzibati xəta törətməkdə təqsirli bilinməsi barədə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı yoxdursa, həmin şəxsi inzibati xəta törətməkdə təqsirli bilinə bilməz. Hazırkı iş üzrə hüquqi şəxsin İXM-in 18.2.1, 18.2.2, 18.2.3, 18.2.4-cü maddələrində sadalanmış vəzifəli şəxsləri və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olmadığından, həmin şəxslərin inzibati xəta törətməsi sübut olunmuş hesab edilmir. Belə bir halda vəzifəli şəxslərinin və ya işçisinin mövcud olmayan inzibati xətasına görə hüquqi şəxsin inzibati məsuliyyəti istisna edilir. Vəzifəli şəxslərinin və ya işçisinin inzibati xəta törətməsinə dair qərar olsaydı belə, onda növbəti addım kimi sübut olunmalıydı ki, həmin xəta hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilmiş olsun. Qeyd edilən şəxslərin inzibati xətası olmadığından, bu halın araşdırılması da əhəmiyyətsizdir. Həmçinin protokol tərtib etmiş şəxs çəkdiyi fotoşəkildəki maska taxmayan həmin şəxsin kimliyini, adını, soyadını, həmin hüquqi şəxsin işçisi olub-olmamasını ümumiyyətlə araşdırmamışdır. İşdə belə bir sübut da toplanılmamışdır ki, həmin şəxs ümumiyyətlə qeyd edilən hüquqi şəxsin işçisidir, ya yox? Hətta işçisi olsa da belə, həmin fiziki şəxsin törətdiyi məhz bu cür inzibati xətaya görə hüquqi şəxsin inzibati məsuliyyəti yaranmır. Hüquqi şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin olmaması həm də aşağıdakılarla təsdiq edilir. Belə ki, göstərilənlərlə yanaşı məhkəmə həmçinin qeyd edir ki, işçisinin fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi nəticəsində MMC-nin (hüquqi şəxsin) xeyrinin nədən ibarət olması və ya onun hansı maraqlarının qorunması, ümumiyyətlə MMC-nin (hüquqi şəxsin) hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması üçün həmin inzibati xətanın törədilməsi ümumiyyətlə protokolda əsaslandırılmamışdır. İşçi maska taxmayıb xidmət göstərəndə, işçisinin belə formada xidmətindən hüquqi şəxs hər hansısa fərqli, əlavə bir xeyir götürmür və ya hüquqi şəxsin hansısa marağı işçinin maska taxmadan fəaliyyət göstərməsi ilə qorunmur. Belə ki, işçi maska taxıb xidmət göstərməsi və ya maska taxmayıb xidmət göstərməsi arasındakı fərqlə, hüquqi şəxsin hər hansı bir konkret xeyri və ya onun hər hansı bir konkret maraqlarının qorunması arasında əlaqə yoxdur. Eyni xidməti işçi maska taxaraq da göstərə bilər. İşçinin maska taxmaqla və ya taxmamaqla xidmət göstərməsinin hüquqi şəxsin xeyri və ya maraqları baxımından hər hansı bir fərqi yoxdur. Maska taxmaqla işçinin göstərdiyi xidmətin hüquqi şəxsin xeyrinin azalmasına və ya maraqlarına zidd olmasına gətirib çıxarması üçün əsaslandırılma aparıla bilmir. Bu cür fəaliyyət məhz maska taxmadan və yalnız bu cür inzibati xətaya yol verilməklə həyata keçirilməsi mümkün olsaydı, digər halda bu cür fəaliyyət mümkünsüz olsaydı və ya maska taxmadan fəaliyyət göstərmək nəticəsində hüquqi şəxs hər hansısa əlavə üstünlük və ya xeyir əldə etsəydi, onda belə bir əsaslandırma aparmaqla, hüquqi şəxsin bu xeyrinin mövcudluğu sübut olunmaqla, hüquqi şəxs inzibati məsuliyyətə cəlb edə bilərdi. Bununla da işçi maska taxmadan xidmət göstərirsə, bu hal məhz həmin işçinin özünün inzibati məsuliyyətinə səbəb ola bilər. İşçinin belə bir inzibati xətası nəticəsində isə hüquqi şəxs hər hansı bir fərqli, əlavə xeyir əldə etmir və ya bu inzibati xəta ilə onun maraqları qorunmuş olmur. Bu inzibati xəta hüquqi şəxsin xeyrinə törədilmiş olmur. Beləliklə, işçinin məhz fərdi qoruyucu vasitədən istifadə etməməklə xidmət göstərməsi ilə işçinin özünün törətdiyi inzibati xətanın nəticəsinin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsi sübut olunmur. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı protokol məhz hüquqi şəxs barəsində tərtib edilmişdir. Həmin protokol fiziki şəxs və ya vəzifəli şəxs barəsində tərtib edilmədiyindən, bununla da fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmadığından, hazırkı icraatın yekunu olaraq fiziki şəxs və ya vəzifəli şəxs barəsində inzibati tənbehvermə qərarı da qəbul edilə bilməz. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar