Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2957/2020 19.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X11 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X6, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Xırdalan şəhəri, məhəllə 26, ev 1A, mənzil 35 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal RPİ-nin 26-cı PŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki,Şəxs xx.xx.2020-ci il tarixdə X6 etibarından sui-istifadə edərək ona məxsus “Samsung” markalı telefonu aldadaraq ələ keçirmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin227-ci (xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin polis sahə rəisi X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərmişdir ki, maddi vəziyyəti ağır olduğundan X8 aldadaraq əldə etdiyi mobil telefonu satmış və əldə etdiyi pul vəsaitini öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hazırda əməlindən peşmandır, buna baxmayaraq vurulmuş zərəri ödəmək iqtidarında olmadığından zərərçəkmiş şəxslə barışmamışdır. Azadlıqda qalacağı təqdirdə özünə məxsus telefonu satıb pulu zərər çəkmiş şəxsə qaytarmaq niyyətindədir. Şəxs əlavə olaraq qeyd etmişdir ki, həyat tərzini dəyişmiş, yeni işə başlamış və gələcəkdə belə bir qanunazidd hərəkətlərə yol verməyəcəyini edir. O, göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X12 izahatında göstərmişdir ki, o, rejissor fəaliyyəti ilə məşğul olur, çəkiliş üçün narkoman obrazını oynamaq üçün aktyor lazım olduğundan əvvəlcə ona özünü Əli olaraq təqdim etmiş, sonradan adının Şəxs olması olduğunu öyrənib bildiyi şəxsə yaxınlaşmış, hətta onlar arasında telefonla yazışmalar aparılmışdır. Razılaşma əsasında onlar xx xxxxxx 2020-ci il tarixdə Yasamal rayonu H.Cavid prospekti 22 nömrəli ünvanın qarşısında görüşmüşlər, həmin vaxt aparılan danışıqlar zamanı Şəxs ondan konturu olmadığından dostuna zəng etmək adı ilə telefonunu istəmiş, kənarda gözləməsini xahiş etmiş və telefonu danışıb qaytaracağını söyləmişdir. O, mobil telefonu verdikdən sonra Şəxs onu aldadıb təxminən 430 manat dəyərində olan telefonunu götürüb qaçmışdır. Zərərçəkmiş şəxs X12 əlavə olaraq bildirmişdir ki, aidiyyəti orqanlara şikayət etdikdən sonra ona məxsus mobil telefon polis əməkdaşları tərəfindən tapılaraq geri qaytarılmışdır, buna baxmayaraq Şəxs ona qarşı törətdiyi xətanın xarakteri və üsulu nəzərə alaraq onunla barışmaqdan imtina edir və məhkəmədən Şəxs barəsində ağır tənbeh tədbirinin təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Nizami rayonu Əlif Hacıyev küçəsində yerləşən “Play Store” mağazasında işləməklə telefon və məişət avadanlıqlarının alqı-satqısı ilə məşğuldur. Şəxs onun işlədiyi mağazaya yaxınlaşmış və “Samsung Galaxy A 10 S” markalı telefonu satmaq istədiyini bildirmişdir. Qeyd olunan mobil telefon üçün 100 manat təklif etmiş və razılıq əldə edərək həmin mobil telefonu almışdır. Mobil telefonu alarkən onun qanunsuz əldə edilməsindən şübhə etməmişdir. Bir qədər sonra o, polis bölməsinə dəvət edilmiş, orada öyrənib bilmişdir ki, Şəxs ona satdığı mobil telefonu dələduzluq yolu ilə X5 qanunsuz olaraq əldə etmişdir. Bu səbəbdən mobil telefon qanuni sahibi X9 qaytarılmış, lakin onun özünə dəymiş ziyan, yəni telefona görə ödədiyi 100 (bir yüz) manat Şəxs tərəfindən ona ödənilməmişdir. Odur ki, hazırda ona dəymiş zərərin ödənilməsini tələb edir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını və şahidləri dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan xətanı törətməsi onun özünün etirafedici ifadəsi və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, həmin tarixdə X2 rayon 26-cı PB-nə şikayət ərizəsi ilə müraciət edərək bidirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 15:00 Bakı şəhəri Nərimanov rayonu X14 işi ilə əlaqədar olan zaman orada Əli adlı şəxslə tanış olmuş, sonuncunun özünü ona rəssam kimi təqdim etmiş, bir-biri ilə “instagram” hesablarından yazışdıqdan sonra xx.xx.2020-ci il tarixdə işlə bağlı görüşmüşlər. Həmin vaxt Əli ona telefonunu evdə unutduğunu deyib tanışı ilə saxlamaq üçün mobil telefonun istəmiş, o da Əliyə 430 AZN dəyərində olan “Samsung A10-S” markalı telefonunu vermişdir. Otuz dəqiqə gözlədikdən sonra Əlinin ona məxsus mobil telefonu götürüb binanın arxa çıxışından çıxıb getdiyini bilmişdir. Bundan sonra o, Əlinin onu aldadaraq, dələduzluq yolu ilə mobil telefonunu mənimsədiyini anlamışdır. X6 ərizəsi əsasında aparılan araşdırma nəticəsində ona qarşı qanunazidd hərəkəti edən şəxsin əsl adının Şəxs olması aşkar edilmişdir. Yasamal RPİ-nin 26-cı PŞ-də aparılan araşdırma nəticəsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən toplanmış material üzrə xx xxxxxx 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Eyni zamanda, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə 13:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən şəxsin, iş materiallarını, iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi iş materialları əsasında, həmçinin onun özünün səmimi etirafı ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin dispozisiyasına və qeyd hissəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin qeyd hissəsinə görə həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə, 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəb və şərait. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmə tərəfindən “Elektron Məhkəmə Sistemi” vasitəsilə Şəxs barəsində digər məhkəmələrdə olan işlər haqqında sorğu verildikdə müəyyən edildi ki, o, 3 dəfə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri təyin edilmiş, 2 dəfə isə həmin maddə ilə başlanmış iş üzrə icraata xitam verilmişdir. Şəxs sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbiri təyin edilmişdir. Qeyd edilir ki, İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədildikdə inzibati məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Odur ki, məhkəmə Şəxs Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində tənbeh tədbiri təyin edilməsindən bir il müddət keçməməsinə baxmayaraq yenidən eyni xətanı törətməsini onun məsuliyyətini ağırlaşdıran hal olaraq nəzərə alır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati həbs etmənin əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan “Samsung A10-S” markalı telefonun onun qanuni sahibi X9 qaytarılması nəzərə alınmalı, X4 isə hazırki xətanın törədilməsi nəticəsində ona ehtimal olunan zərər vurulması ilə bağlı Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllərinin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında iddia ərizəsi vermək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PŞ-nə həvalə edilsin. İş üzrə maddi sübut olan “Samsung A10-S” markalı telefonun onun qanuni sahibi X9 qaytarılması nəzərə alınsın və X4 Azərbaycan Respublikası Mülki və Mülki Prosessual Məcəllərinin tələblərinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında iddia ərizəsi vermək hüququnun olması izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-2957/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2957/2020
19.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver