Məhkəmə qərarları › İş №3(004)-2965/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-2965/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-2965/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlu, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 339.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə müvafiq olaraq İXP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhər Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən Şəxs MMC tərəfindən AR İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokolda onun konkret olaraq inzibati xətanın törədildiyi yeri, inzibati xətanın mahiyyəti, şəxsin törətdiyi əməl dəqiq göstərilməmişdir, bu da xətanın mahiyyətinin aydın və dəqiq göstərilməməsinə dəlalət edir. Bununla da protokolda ümumiyyətlə şəxsin törətməsi ehtimal edilən hadisə, inzibati xətanın mahiyyəti göstərilməmişdir, şəxsin hansı əməlinin İXM-in 339.1-ci maddəsinin tərkibini yaratdığı, əməlin tövsifi göstərilməmişdir. Belə ki, İXM-nin 339.1-ci maddəsinə əsasən aşağıdakı əməllərin törədilməsi həmin maddə ilə inzibati xəta hesab edilir: - Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə - və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, - yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozması. Protokolda sadəcə İXM-nin həmin maddəsinin yalnız nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Lakin həmin maddədə bir neçə pozuntu əlamətləri, əməllər, yəni inzibati məsuliyyətə səbəb ola biləcək bir neçə əlamətlər və hallar (dispozitiv əlamətlər) müəyyən edilmişdir. Halbuki, İXM-in 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsini, həmin maddəyə görə protokol tərtib etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə inzibati xəta haqqında protokola baxarkən, həmin protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə belə bir qeyri müəyyən əmələ görə tərtib edilmiş protokol əsasında işə baxa bilməz. Səlahiyyətli orqan protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Çünki protokolda mövcud olmayan bu və ya digər əməli, inzibati məsuliyyətə səbəb olman məhz hansı əməl kimi səlahiyyətli orqanın nəzərdə tutmaq istəməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törətməsi və məhz həmin əməlin İXMlə inzibati xəta kimi nəzərdə tutulması protokolda səlahiyyətli orqan tərəfindən müəyyən edilməmişdir, yazılmamışdır. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda xətanın törədilmə yeri və mahiyyəti göstərilmədiyindən, yəni təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şəxs MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardadda göstərilən nöqsanların aradan qaldırılması protokol tərtib etmiş səlahiyyətli orqanın diqqətinə çatdırılsın. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar