Məhkəmə qərarları › İş №3(004)-2984/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2984/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2984/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27347635 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27347635 saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə işi ilə əlaqədar olaraq ünvan 1 ünvanda olmuşdur. Bu zaman ona məxsus olan “HYUNDAİ ELANTRA” minik markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilini həmin ünvanda səkidən kənarda, piyadalara və nəqliyyat vasitələrinə mane olmayacaq şəkildə saxlamışdır. Sonradan ona məxsus olan mobil nömrəsinə dayanma və durma qaydalarının pozulması ilə bağlı X5 əməkdaşı tərəfindən elektron protokol tərtib edilməsi və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən barəmdə 60 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair sms bildiriş gəlmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, inzibati protokol tərtib edən X5 əməkdaşı mövcud qanunvericiliyin tələblərini nəzərə almadan, qanunsuz olaraq onu inzibati məsuliyyətə cəlb etməklə. 60 manat məbləğində cərimə etmişdir. Belə ki, yol polisi əməkdaşı həmin ərazinin faktiki quruluşunu, yaşayış binasının qarşısında olan piyada keçidini və qaydalara uyğun olaraq müəyyən edilmiş səkinin piyada hissəsinin normativ tələblərini nəzərə almadan əsassız olaraq inzibati qaydada protokol tərtib etmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş EQ seriyalı 27347635 nömrəli xx.xx.2025-ci il tarixli inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsinə dair protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar əsasızdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; Belə ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Apxitektura Komitəsinin xx.xx.2001- ci il tarixli 5 n-li qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2001-ci il tarixli 2718 saylı qeydi ilə təsdiq edilmiş Dövlət Şəhərsalma Norma və Qaydalarına əsasən yaşayış zonasında olan küçənin əsas və ikinci dərəcəli yaşayış küçələri ilə əlaqəsi şəraitində səkinin piyada hissəsinin eni 1,0-1,5 metr, məhəllə daxilində yerləşən yaşayış evlərinin küçə ilə əlaqəsi 0- 1,0 metr müəyyən edilmişdir. Göründüyü kimi qaydalara əsasən insanların hərəkət etməsi üçün nəzərdə tutulan və İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinin dispozisiyasında nəzərdə tutulan nəqliyyat vasitəsinin səkilərdə dayanması və durması anlayışı mövcud qaydalarda nəzərdə tutulan piyada keçidi üçün nəzərdə tutulan səkilərdən istifadəni ehtiva etmiş olur. Bununla bağlı məhkəməyə təqdim etmiş olduğum fotoşəkillərdə nəzərdə tutulan piyada keçidi və piyadaların hərəkəti üçün nəzərdə tutulan təxminən aydın şəkildə nümayiş olunmuşdur. Beləliklə qanuvericilikdə sadalanan piyada keçidi avtomobil yolu ilə teretuar vasitəsilə ayrılan sahəni nəzərdə tutmur, səki anlayışı insanların normal hərəkəti üçün nəzərdə tutulan və adıçəkilən qaydalarla tənzimlənən 1,0- 1,5 metr piyada keçidini nəzərdə tutmuş olur. Lakin yol polisi əməkdaşı qanunvericiliyin tələblərini nəzərə almadan qanunsuz olaraq barəmdə inzibati məsuliyyətə cəlb edilməyimlə bağlı elektron protokol tərtib etməklə, 60 manat məbləğində cərimə etmişdir. Digər tərəfdən nəzərinizə çatdırmaq istəyirəm ki, avtomobilimi saxladığım sahə və cərimə tətbiq olunduğu binanın qarşısında boş sahədə nəqliyyat vasitələrinin saxlamış olduğu və insanların hərəkət etməsi üçün nəzərdə tutulmuş səkinin isə boş olması müşahidə edilir, təqdim edilən şəkillərdən də aydın olur ki, insanlar burada sərbəst hərəkət edə bilərlər. Hesab edirəm ki, X5 əməkdaşının tərtib etdiyi elektron inzibati protokol (qərar) qanunsuz hesab edildilməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında icraata xitam verilməsi barəmdə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətinin məzmununa uyğun ifadə verərək şikayətinin təmin edilməsini və Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27347635 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısı X2 dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27347635 saylı inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu ərazisində nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə İXM-in 346.9-cu maddəsi ilə təqsirli bilinib 60 (altmış) manat cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 23972114 saylı inzibati tənbeh verilməsi haqqında qərarında qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, şəkillərdən gürünür ki, avtomobil yolun hərəkət hissəsinin kənarında piyadalar üçün nəzərdə tutulmuş səkidə park edilmişdir. Həmin yerdə avtomobillərin park edilməsinə icazə verən nişan mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. Bununla da şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin şikayətdə göstərilən hallar inzibati xətanı istisna edən hallar deyildir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilənlərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Formal əsasları işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu kimi qəbul etmək yolverilməzdir. Formal əsaslara görə qərar ləğv edilə bilməz. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27347635 saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar