Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2986/2021 16.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə, X1 iştirakı ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, ev 62-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə 16.11.2021-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən inspektor Q.Məmmədov) tərtib edilmişdir. Protokolda Şəxs törətdiyi əməl kimi göstərilmişdir ki, o, 15.11.2021-ci il tarixdə Yasamal RPİ-nin inzibati binasında polisin qanuni tələbinə tabe olmamışdır və xırda xuliqanlıq etmişdir. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında heç bir inzibati xəta törətmədiyini bildirdi. Göstərdi ki, 14.11.2021-ci il tarixdə saat 03:30 radələrində 10CN100 nömrə nişanlı Toyota markalı avtomobili etibarnamə olmadan idarə edərkən, Yasamal RPİ DYPŞ əməkdaşları onu saxlamış, ondan səədlər soruşulmuş, o da bildirib ki, etibarnaməsi yoxdur. Bu zaman DYP əməkdaşları ondan hörmət eləmələrini istəyiblər, o isə bildirib ki, etibarnaməsi yoxdursa, protokol tərtib etsinlər. DYP əməkdaşları bildiriblər ki, avtomobil duracağa getməlidir. O da heç bir etiraz etməmişdir, avtomobili duracağa aparmışlar. Səhəri günü o Yasamal Polis İdarəsinə gedərək barəsində qanunun pozulmasına görə protokol tərtib editlməsini, tərtib olunmuş protokolun bir surətinin ona verilməsini istəmiş, lakin onun barəsində protokol tərtib etməmişlər, ona protokolun surətini verməmişlər, əksinə qanunsuz təkliflər etmişlər. O isə bu hərəkətlərdən şikayət edəcəyini, protokol tərtib edilməsini tələb etmişdir. Ona görə də tələb etmişdir ki, protokol tərtib etsinlər. Lakin idarədə onunla kobud danışıblar və hədə qorxu gəliblər, lakin o yenə də israrla protokol tərtib edilməsini tələb etmişdir. Polisdən şikayət etməyini bildirdiyi üçün onu 29-cu polis şöbəsinə gətiriblər. Buna görə də heç bir pozuntuya yol vermədiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Qərib Məmmədov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 15.11.2021-ci il tarixdə Yasamal RPİ-nin inzibati binasında xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də onun barəsində raport tərtib edilmişdir və 29-cu polis şöbəsinə təqdim edilmişdir. həmin raport əsasında da hazırkı protokolu tərtib etmişdir. protokol tərti edilənədək digər hər hansı bir sübut toplamamışdır, yalnız Şəxs izahatını almışdır. Şəxs həqiqətən də Yasamal RPİ-də polisin qanuni tələbinə tabe olmaması və xırda xuliqanlıq etməsinə dair digər hər hansı bir sübut yoxdur, bu barədə RPİ-nin daxilində olan kameraların hər hansı bir görüntüsü təqdim edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, göründüyü kimi hazırkı protokol raport əsasında tərtib edilmişdir. İş materiallarında olan Yasamal RPİ DYPŞ-nin rəisi M.Əliyev tərəfindən tərtib edilmiş 15.11.2021-ci il tarixli həmin raportda qeyd edilmişdir ki, 15.11.2021-ci il tarixdə Toyota markalı 10CN100 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şəxs DYPŞ-yə yaxınlaşaraq barəsində aparılan inzibati araşdırmada iştirak edərkən ona tərtib olunan İXM-nin 329.3, 332.1-ci maddələri ilə AP0210632 saylı protokoldan şikayətini bildirərək inzibati otaqda xidmət aparan əməkdaşların xidməti fəaliyyətinə mane olmuşdur, şöbə rəisi olaraq vətəndaşı xidməti otağında qəbul edib, ona dəfələrlə xəbərdarlıq etməsinə baxmayraq, polisin qanuni tələbini pozaraq vətəndaş şöbənin ümumi rejimini pozmuş və tabesizlik göstərərək, öz qeyri qanuni əməllərini davam etdirmişdir. Xahiş edir ki, vətəndaş Şəxs barəsində polisin qanuni tələbinə tabe olmamaq və xidmətin ümumi rejimini pozmağa görə qanuni tədbir görülməsi üçün göstəriş verilsin. İş materiallarındakı 15.11.2021-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 15:18 radələrində tutulmuşdur. Müəyyən edilmiş yuxarıdakı hallarla bağlı məhkəmə aşağıdakıları qeyd edir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolda göstərdiyi hərəkətlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə şəxsin törədiyi göstərilən əməlin baş vermə şəraitində, yəni polisin xidməti otağında, polis əməkdaşı ictimai qaydanın mühafizə vəzifələrini icra etmirdi, həmin vaxtı polis əməkdaşı xidməti otağında xidməti vəzifələrini yerinə yetirirdi. Halbuki, polis əməkdaşının yalnız ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun tələblərinə tabe olmama, İXM-nin 535.1-ci maddəsinin tərkibini yaradır. Lakin göründüyü kimi həmin əməlin tərkibini yaradan hal baş verməmişdir. Bundan əlavə şəxs onun barəsində protokol tərtib edilməsini tələb etmək və protokolun surətini almaq hüququna malikdir. Belə bir vəziyyətdə onun barəsində protokol tərtib edilməli və bir surəti də ona verilməlidir. Həmçinin protokolda göstərilən İXM-nin 510-cu maddəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin maddəyə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törədilməsi, inzibati xəta kimi müəyyən edilmişdir. Lakin hazırkı halda şəxsin həmin inzibati xətanı törətməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə edilməmişdir, proqtookl tərtib etmiş şəxsdən belə sübutlar tələb edilmiş, lakin o bunları təqdim edə bilməmişdir. Belə ki, xinzibati xətanın Yasamal RPİ-nin inzibati binasında törədildiyi qeyd edilmişdir. Belə olduğu təqdirdə həmin binata təhlükəsizlik və digər zərurətlə əlaqədar quraşdırılmış kameralarda bu hadisə qeydə alınmalı idi. Lakin hazırkı iş üzrə belə bir sübut məhkəməyə təqdim edilə bilməmişdir. Bundan əlavə şəxsin həmin idarəyə getmə səbəbi aydındır. Yəni barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsini tələb etmək və bir nüsxəsini almaq. Onun həmin protokola narazılığını bildirməsi və şikayət etməsi, onun xırda xuliqanlıq əməli törətməsi kimi qəbul edilə bilməz. Bundan əlavə yuxarıda qeyd edilən protokolda törədilmiş hadisə barədə yalnız göstərilmişdir ki, Şəxs 15.11.2021-ci il tarixdə Yasamal RPİ-nin inzibati binasında xırda xuliqanlıq etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da məhz hansı hərəkətlərin İXM-nin 510, 535.1-ci maddəsində qeyd edilən inzibati xətaya səbəb olduğu qeyd edilməmişdir. Sadəcə protokolda həmin maddələrin İXM-də qeyd edilmiş dispozisiyaları qeyd edilmişdir. Halbuki, İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Həmçinin İXM-in 75-ci maddəsinə də əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. İnzibati xəta bir neçə əməllə (üsulla, forma ilə) törədilə bilərsə, şəxsin bu və ya digər konkret inzibati xətaya səbəb olan əməli törətməsini məhkəmə müəyyən etməli deyildir. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə işə baxarkən protokolda qeyd edilən əməlin (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Konkret əməl (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə) protokolda göstərilmədiyi üçün, məhkəmə səlahiyyətli orqan tərəfindən müəyyən edilməmiş əmələ görə şəxsi inzibati məsuliyyətə cəlb edə bilməz. Səlahiyyətli orqanın protokol tərtib edərkən, şəxsin bu və ya digər hər hansı bir dəqiq göstərilməyən qeyri-müəyyən əməli törətməsini nəzərdə tutmasını məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokolda konkret inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibini yaradan əməl qeyd edilmədiyindən, şəxsin törətdiyi inzibati xətanın mahiyyətinin nədən ibarət olması göstərilmədən, inzibati xəta haqqında protokolda göstərilməyən hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-in inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Protokolda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması protokolda öz əksini tapmalıdır. Konkret göstərilməyən, dəqiqləşdirilməmiş əməlin düzgün olub-olmamasını yoxlamaq da mümkünsüzdür. Beləliklə şəxsin hər hansı bir konkret əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirilmədən inzibati məsuliyyətə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə tərtib edilmiş protokolla şəxsin təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməli (hərəkət və ya hərəkətsizlik) qeyd edilməmişdir, onun məhz hansı əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması qeyd edilməmişdir. Məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. Bununla da barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmamış zidiyyətli, şübhəli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-2986/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2986/2021
16.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver