Məhkəmə qərarları › İş №3(004)-299/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-299/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-299/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bakı şəhəri, Nəsimi rayonu, B.B.Məmmədov küçəsi, dalan 1, ev 1 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, 05 yanvar 2025-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsində “Hyundai Grandeur MİNİK” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Bakı şəhər BPİ DYPİ əməkdaşları tərəfindən saxlanılaraq alkotester müayinəsindən keçirilmiş və ona sərxoş olduğu bildirilmişdir. Lakin o sərxoş olmamışdır və bunu təsdiq edən sərxoşluq vəziyətinin tibbi müayinəsi aktını təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan: 05 yanvar 2025-ci il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 05 yanvar 2025-ci il tarixli, 05640 protokollaşdırma nömrəli alkotester qəbzindən müəyyən edilir ki, Bayramov soyadlı şəxsdə 05 yanvar 2025-ci il tarixdə saat 09:26-da alkoqolun miqdarı 0.314 promillidir. 05 yanvar 2025-ci il tarixli ******* nömrəli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” protokoldan müəyyən olunur ki, 05 yanvar 2025-ci il tarixdə saat 09:26-da Şəxs spirtli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “ACE-Z” markalı İN-642042 nömrəli sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. Müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Şəxs protokola qeyd etmişdir ki, söz verir ki, bir daha sərxoş halda maşın sürməyəcəkdir. Həkimə getməyə ehtiyac yoxdur. Alkotestelə razıdır. İş materiallarına əlavə edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 05 yanvar 2025-ci il tarixli 2/53 nömrəli aktından görünür ki, o, 05 yanvar 2025-ci il tarixdə saat 11:10-da, ona qarşı törədilməsi istinad edilən inzibati xətadan təxminən 2 saat sonra könüllü olaraq müayinədən keçmiş və onun ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, xəta hadisəsindən xeyli müddət keçdiyindən və şəxsin həmin müddət ərzində qəbul etdiyi spirtli içkinin təsirinin aradan qalxa bilməsi ehtimalı real olduğundan qeyd edilən protokolun məhkəmə tərəfindən sübut kimi qəbul edilməsi rədd edilir. Bundan əlavə nəzərə alınır ki, Şəxs özü könüllü surətdə inzibati xətanın baş verməsindən dərhal sonra tərtib edilmiş ******* nömrəli Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında protokola öz əlyazması ilə izahat yazaraq bir daha spirtli içki qəbul edib maşın idarə etməyəcəyini və həkim müayinəsinə ehtiyacı olmadığını qeyd etmişdir. Odur ki, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsun xətadan xeyli müddət keçdikdən sonra müayinədən keçərək tərtib edilmiş aktı məhkəməyə təqdim etməsini məsuliyyətdən yayınmaq üçün özünümüdafiə xarakterli hərəkət kimi qiymətləndirir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 05 yanvar 2025-ci il tarixdə saat 09:26 radələrində “Hyundai Grandeur MİNİK” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən polis tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilmiş və nəticədə onun sərxoş olması müəyyən olunmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəflərə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar