Məhkəmə qərarları › İş №3(004)-2990/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-2990/2024

20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-2990/2024 20.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli EQ 924358 saylı inzibati xəta haqqında protokol üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli EQ 924358 saylı inzibati xəta haqqında protokol üzrə qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Bakı şəhər BPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli EQ 924358 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş, inzibati xəta törədilməsinə görə barəmdə qərar və protokol tərtib edilmişdir. Protokolda qeyd edilən “Mercedes Benz E-220” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 sentyabr 2008-ci tarixdən, xx.xx.2018-ci ilədək qüvvədə olan Baş etibarnamə əsasında X4 adına rəsmiləşdirərək faktiki alqı-satqı etmişdir. Sözügedən minik avtomobilinin onun adından çıxarılaraq Aslan Novruzovun adına rəsmiləşdirilməsi barədə razılaşsalar da, Aslan Novruzov avtomobili öz adına rəsmiləşdirməmiş, əksinə etibarnamənin qüvvədə olmasından istifadə edərək avtomobili onun adından idarə etmiş hətta avtomobili üçüncü şəxslər tərəfindən idarə etməsinə də razılıq vermişdir, hələ bu azmış kimi, X7 ona verilən etibarnamənin müddəti bitməsinə baxmayaraq “Mercedes Benz E-220” minik markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə eməyə davam etmiş və etibarnamə verildiyi tarixdən etibarən müxtəlif vaxtlarda Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini ciddi şəkildə pozaraq inzibati xəta törətmişdir. Nəticə etibarı ilə sözügedən avtomobil Aslan Novruzov və yaxud da digər şəxslər tərəfindən idarə edilməsinə baxmayaraq onun barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında AR DİN Bakı şəhəri Baş Polis İdarəsinin X11 İdarəsinin nümayəndəsi X6 qərarın qanuni olduğunu əsas gətirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş şikayətçi məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019cu il tarixli EQ 924358 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 28 mart 2019-cu il tarixdə saat 09:40 radələrində idarə etdiyi “Mercedes 220” minik markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, Nəqliyyat Nazirliyi istiqamətində qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadan idarə etmişdir. İş materiallarında olan 16 sentyabr 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 “Mercedes Benz E-220” minik markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və sərəncam vermək hüquqlarını həyata keçirməsi üçün X5 etibarnamə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Sözügedən Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Beləliklə, X3 barəsində tərtib edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla müşayiət olunmadığından sözügedən qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2019-cu il tarixli EQ 924358 saylı qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar