Məhkəmə qərarları › İş №3(004)-3003/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3003/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3003/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi ilə, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 30.08.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs 10.06.2021-ci il tarixdə Yasamal rayonu A.M.Şərifzadə küçəsində, Renault markalı ** GN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş nəticədə X4 yüngül bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xəta hadisəsini etiraf edərək inzibati iş üzrə cəlb etmə müddəti keçdiyi üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yasamal RPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Yasamal RPİ-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mumkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb müəyyən etdi ki, Şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X1 yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı X3 tərəfindən qəbul edilmiş 24.06.2021-ci il tarixli qərarla, qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol-nəqliyyat hadisəsi faktına dair toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Renault markalı ** GN *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqnda iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətməsi və İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmiş, lakin onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərarı 24.06.2021-ci il tarixdə verildiyindən və həmin vaxtdan 3 aydan çox müddət keçdiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz və bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115-117, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar