Məhkəmə qərarları › İş №3(004)-3014/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3014/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3014/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin EPQ ******* nömrəli 10.10.2021-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin EPQ ******* nömrəli 10.10.2021-ci il tarixli qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2021-ci il tarixdə səhər saatlarında “Elmlər Akademiyası” metro stansiyasında evə gedərkən polis sahə rəisi onu saxlayıb ad və soy adını soruşmuş, tibbi maskadan düzgün istifadə etmədiyini və burun hissəsini örtmədiyini bildirmişdir. Ona yalnız adının sistemdə olub-olmadığını yoxlayacağını demişdir. O, həmin vaxtda tibbi maskadan qaydalara uyğun olaraq istifadə etmişdir. Buna həmin radələrdə metropolitenin müşahidə kameralarında da baxıb, təsdiq tapmaq olar. Sahə rəisi ona bildirmişdir ki, bir dəfə xəbərdarlıq olunubsa 100 manat məbləğində cərimə yazılacaq, əgər sistemdə haqqında xəbərdarlıq yoxdursa, xəbərdarlıq edəcəyini və cərimə yazmayacağını bildirmişdir. Bundan bir müddət sonra Asanpay mobil tətbiqinə daxil olduqda görmüşdür ki, 100 manat məbləğində cərimə yazılıb. O, Bakı şəhəri, Yasamal RPİ 26-cı PB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 10 oktyabr 2021ci il tarixli İXM ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş, qərarla razı deyildir və heasab edir ki, həmin qərar əsassızdır. Məhkəmə iclasında X3 şikayəti müdafiə edərək, verilən suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən üzərində olan tibbi maska onun burun hissəsindən aşağı vəziyyətdə olmuşdur və o, hesab edir ki, belə olan halda o hər hansı bir qayda pozmamışdır. Belə olan halda məhkəmədən şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin EPQ ******* nömrəli 10.10.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, 10.10.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimləri pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında X1 verdiyi ifadəsində də görünür ki, o, insanların sıx şəkildə toplaşdığı metro stansiyası yaxınlığında tibbi maskadan düzgün istifadə etməmişdir yəni üz nahiyyəsində olan tibbi maska onun burnunu, ağız və çənəsini bağlamalı olduğu halda o buna riayyət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında X3 şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1 və 1.2-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla) tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. Həmin qərarın 2-ci bəndinə əsasən tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etmir və həmin qoruyucu tədbirlərin görülməsi davam etdirilməlidir. Həmin qərarın 3-cü bəndinə əsasən bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Beləliklə də, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin EPQ ******* nömrəli 10.10.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin EPQ ******* nömrəli 10.10.2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar