Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3025/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.2000-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, vət. Əliyev X6 rayonu, Ə.Ələkbərov küçəsi 17 ünvanında polisin qanuni əmrinə tabe olmamışdır. Protokolun tərtib edilməsinə əsas olmuş iş materiallarında olan Yasamal RPİ-nin PPXB-nin polis nəfərləri M.Səmədzadənin və M.Rəhimlinin 29-cu Polis Şöbəsinin ünvanına tərtib etdiyi raportda göstərilir ki, 12 iyun 2024-cü il tarixdə təxmini saat 01:10 radələrində ünvan 2 ünvanında iki nəfər şəxsin dava dalaş etdiyi müşahidə olundu. Polis əməkdaşları yaxınlaşarkən, həmin şəxslər tabe olmayaraq qaçmağa çalışmışdır, ünvanlarına nalayiq ifadələr işlətmişdir, yaxalanarkən geyim formalarına əl atmışdır. Polis əməkdaşları ona güc tətbiq etməklə polis şöbəsinə gətirmişdirlər. Bununla da protokol tərtib etmiş səlahiyyətli orqan hesab etmişdir ki, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmamışdır. Protokol tərtib etmiş şəxs Yasamal RPİ 26-cı PB-nin sahə inspektoru X5 bildirdi ki, protokolu raport əsasında tərtib etmişdir və hadisə yerində özü olmamışdır. Belə ki, raporta əsasən 12 iyun 2024-cü il tarixdə təxmini saat 01:10 radələrində ünvan 2 ünvanında Şəxs iki nəfər şəxslə dava dalaş etmişdir. Polis əməkdaşları ona yaxınlaşarkən, həmin şəxs ona tabe olmayaraq qaçmağa çalışmışdır. Həmin şəxs Rahib Əliyevin dostu olmuşdur. Polis əməkdaşları ona güc tətbiq etməklə polis şöbəsinə gətirmişdirlər. Bu səbəbdən də onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib etmişlər. Məhkəmə iclasında iştirak edən Şəxs bildirdi ki, o, dostu ilə birlikdə Ələsgər Ələkbərov küçəsi ilə piyada gedərkən 10-15 nəfərin yığışdığını görmüş və onlar orada bir qədər dayanıb nə baş verdiyini müşahidə etmək istəmişlər. Bu zaman polis maşını ora gələndə yığışan cəmaat qaçmağa başlamış, polis isə onun dostuna yaxınlaşaraq bölməyə aparmaq istəmişdir. O sadəcə orada durmuş, dostunu tək qoymaq istəməmişdir. Bundan sonra polis nəfərləri onu da bölməyə dəvət etmişlət və o, polislərlə birlikdə bölməyə gəlmişdir, lakin bölmədədə müəyyən edildi ki heç bir xəta törətməmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, protokol tərtib etmiş şəxsin müəyyən etdiyi və protokolun tərtib edilməsinə əsas olmuş Raportda qeyd edilənlər İXM-in 535.1-ci maddəsinin tərkibini yaratmır. İnzibati xəta törədilməsi sübut olunmur. Çünki İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Halbuki, polis əməkdaşının yalnız ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onun tələblərinə tabe olmama, İXM-nin 535.1-ci maddəsinin tərkibini yaradır. Lakin göründüyü kimi həmin əməlin tərkibini yaradan halın baş verməsinə dair təsdiqedici sübutlar mövcud deyildir. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki, aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan müəyyən müddət keçsə belə polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən X1 təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs həbsdən dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-3025/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3025/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver