Məhkəmə qərarları › İş №3(004)-3026/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3026/2022

07.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3026/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin EQ 10310545 saylı, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin EQ 10310545 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, İXM-nin 346.1-ci maddəsirnə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir.”Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin 1 bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İİ bəndinə əsasən yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İİİ hissəsinə əsasən yaşayış məntəqəsindən kənarda uzunmüddətli dincəlmə, gecələmə və istirahət üçün durmağa yalnız bu məqsədlə düzəldilmiş meydançalarda və ya yoldan kənarda icazə verilir. Yuxarıda göstərilən “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin müvafiq müddəalarının ağlabatan şərhindən görünür ki, yaşayış məntəqələrinin ərazisində və ya yaşayış məntəqəsindən kənarda xüsusi dayanacaqlarda avtomaşınların uzunmüddətli dayanmasına, durmasına icazə verilir. Şikayətçi qeyd edir ki, iş materiallarından görünür ki, mənim avtomaşınım Bakı şəhəri, Yasamal rayonu, Yasamal rayonu H.ünvan 1 ünvanında yerləşən Milli Onkologiya Mərkəzininhəyətinə aid ərazidə durub. Həmin ərazi isə yaşayış sahəsinə aid ərazidir. Hətta həmin ərazi yaşayış sahəsinə aid ərazi sayılmasa belə həmin yer avtomaşın üçün nəzərdə tutulmuş dayanacaqdır. Ona görə də o, avtomaşını həmin ərazidə qanuni şəkildə dayandıra və uzunmüddətli saxlaya bilər. Ona görə də ona tətbiq edilən cərimənin maddi-hüquqi əsasları mövcud deyil. Bundan əlavə, sübutetmə yükü cərimə tətbiq edən qurumun üzərindədir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yalnız inzibati xəta haqqında protokolun tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, şikayətçinin təqsirli hesab edilməsi üçün əsas ola bilməz. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunun bu tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Buna baxmayaraq yəni barəsində icraat aparılan şəxsin təqsirliliyini əks etdirən başqa sübutlar olmadığı və inzibati xəta haqqında protokolun yeganə sübut olmasına baxmayaraq həmin sənədin özü kobud qanun pozunutları ilə tərtib edilmişdir. Bundan əlavə, yalnız iş üzrə icraatda polis əməkdaşlarının ifadələrinə istinad olunub. Bu isə yetərli sübut deyil. İXM-nin əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İnzibati xəta haqqında iş üzrə həmin protokol qanunla nəzərdə tutulmuş formada tərtib edilməyib. Həmin protokolun qanunsuz olaraq tərtib edilməsini nəzərə alaraq qeyd edir ki, bu sənəd sübut əhəmiyyətini itirmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş üzrə sübutlar prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə əldə edilib. Buna görə də həmin sübutlar qüsurlu sübutlardır və onların əsasında qərar qəbul edilə bilməz. Həmin qərarların tərtib edilməsinə əsas olan, elektron qərara əlavə edilmiş fotoşəkildən görünür ki, avtomobil yolun kənarında deyil, yoldan kənarda səkinin üstündə dayanmışdır. Həmin fotoşəkillərdən və iş materiallarına əlavə etdiym inzibati xətanın törədilməsində təqsirləndirildiyim və durma qaydalarının pozulduğu yer kimi hesab edilən yerin fotoşəkillərindən görünür ki, həmin səkidə avtomobil saxlanılarkən, piyadaların hərəkətinə maneə olmur. Həmçinin həmin şəkillərdən də görünür ki, avtomobilin dayandığı yerdə “dayanma və durmam” qadağan edən “yol nişanı” və “nişanlama xətti” mövcud deyildir. Şikayətçi və qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin EQ 10310545 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X4 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Həsən bəy Zərdabi, məhəllə 3C ünvanda durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Şikayətçinin iş materiallarına əlavə etdiyi inzibati xətanın törədilməsində təqsirləndirildiyi və durma qaydalarının pozulduğu yer kimi hesab edilən yerin fotoşəkillərindən görünür ki, həmin səkidə avtomobil saxlanılarkən, piyadaların hərəkətinə maneə olmur. Belə olduğu təqdirdə “Yol hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin İİ hissəsinə əsasən yolun sol tərəfində dayanmağa və durmağa yaşayış məntəqələrində tramvay yolunun olması səbəbindən sağ tərəfdə dayanmaq mümkün olmadıqda və ya birtərəfli hərəkət yollarında (icazə verilən maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinə birtərəfli hərəkət yollarının sol tərəfində dayanmağa yalnız yük götürmək və ya boşaltmaq üçün) icazə verilir. Yolun hərəkət hissəsinə bitişik səkinin kənarında durmağa yalnız minik avtomobillərinə, motosikletlərə, mopedlərə və velosipedlərə bu şərtlə icazə verilir ki, onlar piyadaların hərəkətinə mane olmasın. Bununla da şəxs qeyd edilən yerdə minik avtomobili ilə dayanma və ya durma qaydalarını pozmağa görə təqsirli bilinsə də, həmin yerdə qeyd edilən minik avtomobilinin dayanması və ya durması piyadaların hərəkətinə mane olmur. Ona görə də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmamışdır. İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin EQ 10310545 saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar