Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3029/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26292318 nömrəli protokol əsasında qəbul edilmiş 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26292318 nömrəli protokol əsasında qəbul edilmiş 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, ona məxsus **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında, ATV kanalına yaxın ərazidə nəqliyyat vasitəsini parklamaq qadağan edilməyən, həmişə parkladığı ərazidə parklayaraq 16 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək işgüzar səfərlə bağlı Azərbaycandan kənarda olmuşdur. Bu müddət ərzində nəqliyyat vasitəsindən istifadə imkanı faktiki olaraq mümkün olmayıb. Ailədə cəmi üç nəfərdirlər - o, nəqliyyat vasitəsi idarə edə bilməyən və idarəetmə hüququ olmayan həyat yoldaşı və azyaşlı oğlu. YPX tərəfindən 17 fevral tarixindən 27 fevral tarixinədək barəsində inzibati xəta haqqında (İXM-nin 346.1 maddəsilə - bu məcəllənin 346.2 - 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə) ardıcıl olaraq 5 dəfə hər biri 18 azn olmaqla ümumilikdə 90 azn məbləğində cərimə edilməyi barədə elektron qərar qəbul edilmiş, bu barədə heç bir bildiriş almamış və bunu səfərdən qayıtdıqdan sonra təsadüfən internet vasitəsilə özü müəyyən edə bilmişdir. Nəqliyyat vasitəsi stasionar olaraq bir koordinatda dayanmış olsa da, YPX tərəfindən tərtib edilmiş protokolların hər birində fərqli ünvan və GPS koordinatlar qeyd edilmişdir. Yasamal YPX-dən inzibati cərimə qərarları ilk şikayətdən 3 gün əvvəl əldə edilə bilsə də, sənədlərdə qərarların rəsmi təqdim edilmə tarixi və imza qeyd edilməmişdir. Qoşmada əlavə edilmiş fotolardan stasionar (sabit) koordinat (ATV kanalı ilə üz-üzə) aydın müəyyən edilir. Araşdırması nəticəsində nəqliyyat vasitəsini parklamış olduğu məlum əraziyə nəqliyyat vasitələrinin dayanma, durma əməliyyatını qadağan edən dayanma-durma qadağandır (3.27)_nişanının AYNA-dan verilən məlumata görə 20 fevral tarixindən etibarən quraşdırıldığını müəyyən etmişdir. 17 mart 2025-ci il tarixində Yasamal məhkəməsinə qərarlardan şikayət etmiş və 02 aprel 2025-ci il tarixində Yasamal Məhkəməsində 3(004) - 1756/2025 saylı şikayətinə iştirakı ilə baxılaraq hər bir qərar üzrə ayrıca şikayət edilməsi üçün şikayətin baxılmadan geri qaytarılması barədə qərardad çıxarılmışdır. Yasamal Məhkəməsi tərəfindən poçtla göndərilmiş Qərardadın rəsmi nüsxəsi iki həftə sonra əldə edilə bilmiş və şikayətə əlavə edilir. İş üzrə təfərrüatları nəzərə alaraq və Qanunun tələbləri (İXM-nin 126.2; 127.6.2 madddələri) və verdiyi imkanları rəhbər tutaraq (İXM Maddə 32. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar; 32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər) barəsində qəbul edilmiş inzibati xəta barədə xx.xx.2025-ci il tarixli EQ26292318 saylı elektron qərarı ləğv etməyi xahiş edilmişdir. Həmçinin üzrlü səbəbləri və qanunun tələblərini nəzərə alaraq şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini də xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26292318 nömrəli protokol əsasında qəbul edilmiş 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Əlavə olaraq şəxs bildirdi ki, o, fevral ayının 16-dan 27-nə kimi ölkədə olmamışdır. AYNA ilə telefon əlaqəsi də saxlamışdır. Onlar vəziyyətdən məlumatlıdır. Ölkədə olmadığı müddətdə 2 gündən bir cərimələnmişdir. Bilet məlumatları şikayətə əlavə edilmişdir. Yol işarəsi 20 fevraldan qoyulmuşdur. O, bilə bilməzdi ki, hansısa vaxt qadağan edici yol nişanı qoyulacaq. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26292318 nömrəli protokol əsasında qəbul edilmiş 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 20:05-də Bakı, X7, 52a ünvanında “MERCEDES C 240 minik” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Q********** saylı elektron aviabiletin surətindən görünür ki, X5 16 fevral 2025-ci il tarixdə Dubay şəhərinə səfər etmiş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə geri dönmüşdür. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli 3-27-103/2-D- 5966/1-28/2025/9128 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, ATV telekanalının yaxınlığında “3.27” yol nişanı (dayanmaq qadağandır) 20 fevral 2025-ci il tarixində quraşdırılmışdır. Həmçinin qeyd edilən ərazidə piyada keçidinə qədər (“5.16.1” yol nişanı) dayanmanı qadağan edən başqa yol nişanının olmadığı bildirilmişdir. Şikayətçi şikayətində qeyd edir ki, İXM-nin 346.1-ci maddəsində göstərilən heç bir tələbi pozmamışdır. Şəxsin inzibati xəta törətməsini sübut etmək qərar qəbul etmiş səlahiyyətli orqanın (vəzifəli şəxsin) üzərinə düşdüyündən, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)-3029/2025 və xx.xx.2025-ci il tarixli, 3(004)-3029/2025 saylı məktubları ilə səlahiyyətli orqana şikayət üzrə bütün sübutları təyin olunmuş məhkəmə iclasının tarixinədək və ya məhkəmə iclasında məhkəməyə təqdim edilməsi xahiş olunsa da, həmin sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən həmin Məcəllənin 327 - 348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, İXM-nin həmin (yəni 16-cı) fəsili ilə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, həmin Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən həmin Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Belə olduğu təqdirdə artıq yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin müəyyən etdiyi qaydada şəxsin inzibati xəta törətməsini təsdiq edən sübutları araşdırmaqla, əgər sübutlarla onun təqsiri təsdiq edilərsə, onda inzibati tənbeh vermə haqqında qərar çıxarmalıdır. Mübahisə yarandığı üçün şəxsin təqsirinin sübut olunması üçün “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, yuxarı səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Belə bir vəziyyətdə artıq İXM-nin 124.3, 124.4-cü maddələrinn, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Çünki şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın məhz həmin şəxs tərəfindən törədilməsində şübhələr yaranır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 122.4. İnzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə – iyirmi manat məbləğində cərimə edilir. Beləliklə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26292318 nömrəli protokol əsasında qəbul edilmiş 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X5 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, qərar qəbul etmiş səlahiyyətli orqan təkzibedici sübutları, məhkəməyə təqdim etməmişdir. Belə ki, müəyyən edilmişdir ki, X5 avtomobilini qeyd edilən ünvanda 16 fevral 2025-ci il tarixdə həmin ərazidə park etmişdir. Daha sonra o, 16 fevral 2025-ci il tarixdə ölkədən getmiş və 27 fevral 2025-ci il tarixdə geri dönmüşdür. Həmin ərazidə şəxs avtomobilini park etdiyi zaman, orada heç bir qadağanedici yol nişanı mövcud olmamışdır, həmin nişan 20 fevral 2025-ci il tarixdə yəni şəxsin ölkədə olmadığı zaman quraşdırılmışdır. Hansı ki, AYNA tərəfindən verilmiş məktubdan da bu açıq-aydın görünür. Belə olduğu halda şəxsin həmin nişanın quraşdırılmasından xəbərdar olması mümkünsüzdür. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26292318 nömrəli protokol əsasında qəbul edilmiş 25 fevral 2025-ci il tarixli qərar ləğv edilməli və iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. X3 AR İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən xx.xx.2025-ci il tarixli, EQ 26292318 nömrəli protokol əsasında qəbul edilmiş 25 fevral 2025-ci il tarixli qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3029/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3029/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver