Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-303/2024 12.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ağazaman oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 35, mənzil 57 qeydiyyatda olmaqla yaşayan Şəxs Ağazaman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-i tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağazaman oğlunun Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair Yasamal RPİ-nin 28-ci PŞ-si tərəfindən tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-si tərəfindən tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Ağazaman oğlu 12 yanvar 2024-ci il tarixdə təxminən saat 14:30 radələrində Yasamal RPİ-nin 28-ci PŞ-nin qarşısından keçərkən özünü qeyri-adekvat şəkildə apararaq uca səslə telefonla danışaraq ünvansız olaraq nalayiq ifadələr işlədib, ətraf sakinlərin narahatlığına səbəb olmuş və bununla da, o, qəsdən ictimai qaydanı pozmuşdur. Bundan başqa, Şəxs Ağazaman oğlu həmin vaxt ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçilərinin qanuni tələbinə qəsdən tabe olmayaraq öz qanunazidd hərəkətlərinə davam etdirmişdir. Belə ki, həmin vaxt Yasamal RPİ-nin 28-ci PŞ-nin əməkdaşları ona yaxınlaşıb sakitçiliyə riayət etməsi və intizamlı olması, həmçinin özünü təqdim etməsi üçün göstəriş versələr də, Şəxs Ağazaman oğlu onların bu qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan sonra Şəxs Ağazaman oğlu PŞ-yə gətirilmişdir. Lakin o, yenidən qanunazidd hərəkətlərinə davam etmiş, nalayiq söyüşlər söyərək iş rejimini pozmuşdur. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) və 535.1ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. S.A.Rəcəbov protokolla tanış olub imza etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı X3 protokolu müdafiə edərək bildirmişdir ki, 12 yanvar 2024-cü il tarixdə saat 13:00 radələrində Şəxs Ağazaman oğlu onun tərəfindən Yasamal RPİ-nin 28-ci PŞ-yə gətirilmişdir. İlkin araşdırma ilə müəyyən edilmişdir ki, Şəxs Ağazaman oğlu 12 yanvar 2024-ci il tarixdə təxminən saat 13 radələrində Yasamal RPİ-nin 28-ci PŞ-nin qarşısından keçərkən səs-küy salıb nalayiq ifadələr işlədərək ətrafda olan sakinlərin narahatlığına səbəb olmaqla polis işçilərinin dəfələrlə olunmuş xəbərdarlıq və qanuni tələblərinə heç bir məhəl qoymadan həmin hərəkətlərini davam etdirmiş və bununla da, ictimai asayiş qaydalarını pozmuşdur. Həmçinin, Şəxs Ağazaman oğlu PŞ-yə gətirildikdən sonra yenə də nalayiq ifadələr işlətməyə davam edərək qeyri-adekvat hərəkətlər etmiş, özünü təqdim etməkdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən, Şəxs Ağazaman oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru polis leytenantı X3 göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Ağazaman oğlunun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş xətaları törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Ağazaman oğlu özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək, əməlindən peşman olduğunu və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında materialları araşdırıb hesab edir ki, Şəxs Ağazaman oğlunun Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir və onun barəsində həmin maddələrin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin 28-ci PŞ-nin polis sahə inspektoru Rüfət Nizamlı və CA üzrə əməliyyat müvəkkili Hüseyn Hüseynov tərəfindən tərtib edilmiş 12 yanvar 2024-cü il tarixli raportdan görünür ki, 12 yanvar 2024-cü il tarixdə saat 14:30 radələrində bir nəfər şəxs Yasamal RPİ-nin 28-ci PŞ-nin qarşısından keçərkən uca səslə telefonla danışaraq ünvansız nalayiq ifadələr işlətmiş, qeyri-adekvat hərəkətlər etmiş, ona dəfələrlə polis işçiləri tərəfindən qanuni xəbərdarlıq olunmasına baxmayaraq bütün bunlara məhəl qoymayaraq ictimai asayiş qaydalarını pozmağa davam etmişdir. Göstərilən hallar nəzərə alınaraq o, polis nəfərləri tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PŞ-yə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Şəxs Ağazaman oğlu olması müəyyən edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Ağazaman oğlu 12 yanvar 2024-cü il tarixdə saat 13:00-də inzibati qaydada tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Ağazaman oğlunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Ağazaman oğlu Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən törədilmiş daha ağır inzibati xətaya görə barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130, 510 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Ağazaman oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 12 yanvar 2024-cü il tarixdən saat 13:00-dan hesablansın. Şəxs Ağazaman oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №3(004)-303/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-303/2024
12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver