Məhkəmə qərarları › İş №3(004)-3030/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3030/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3030/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 iclas katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Baş X10 İdarəsinin 21 fevral 2025-ci il tarixli, EQ seriyalı 26233915 saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Baş X10 İdarəsinin 21 fevral 2025-ci il tarixli, EQ seriyalı 26233915 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətində göstərmişdir ki, ona məxsus **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında, ATV kanalına yaxın ərazidə nəqliyyat vasitəsini parklamaq qadağan edilməyən, həmişə parkladığı ərazidə parklayaraq 16 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək işgüzar səfərlə bağlı Azərbaycandan kənarda olmuşdur. Bu müddət ərzində nəqliyyat vasitəsindən istifadə imkanı faktiki olaraq mümkün olmayıb. Ailədə cəmi üç nəfərdirlər - o, nəqliyyat vasitəsi idarə edə bilməyən və idarəetmə hüququ olmayan həyat yoldaşı və azyaşlı oğlu. YPX tərəfindən 17 fevral tarixindən 27 fevral tarixinədək barəsində inzibati xəta haqqında (İXM-nin 346.1 maddəsilə - bu məcəllənin 346.2 - 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma qaydalarını pozmağa görə) ardıcıl olaraq 5 dəfə hər biri 18 azn olmaqla ümumilikdə 90 azn məbləğində cərimə edilməyi barədə elektron qərar qəbul edilmiş, bu barədə heç bir bildiriş almamışdır və bunu səfərdən qayıtdıqdan sonra təsadüfən internet vasitəsilə özü müəyyən edə bilmişdir. Nəqliyyat vasitəsi stasionar olaraq bir koordinatda dayanmış olsa da, YPX tərəfindən tərtib edilmiş protokolların hər birində fərqli ünvan və GPS koordinatlar qeyd edilmişdir. Yasamal YPX-dən inzibati cərimə qərarları ilk şikayətdən 3 gün əvvəl əldə edilə bilsə də, sənədlərdə qərarların rəsmi təqdim edilmə tarixi və imza qeyd edilməmişdir. Qoşmada əlavə edilmiş fotolardan stasionar (sabit) koordinat (ATV kanalı ilə üz-üzə) aydın müəyyən edilir. Araşdırma nəticəsində nəqliyyat vasitəsini parklamış olduğu məlum əraziyə nəqliyyat vasitələrinin dayanma, durma əməliyyatını qadağan edən dayanma-durma qadağandır (3.27) nişanının AYNA-dan verilən məlumata görə 20 fevral tarixindən etibarən quraşdırıldığını müəyyən etmişdir. 17 mart 2025-ci il tarixində Yasamal məhkəməsinə qərarlardan şikayət etmiş və 02 aprel 2025-ci il tarixində Yasamal Məhkəməsində 3(004) - 1756/2025 saylı şikayətinə iştirakı ilə baxılaraq hər bir qərar üzrə ayrıca şikayət edilməsi üçün şikayətin baxılmadan geri qaytarılması barədə qərardad çıxarılmışdır. Yasamal Məhkəməsi tərəfindən poçtla göndərilmiş Qərardadın rəsmi nüsxəsi iki həftə sonra əldə edilə bilmiş və şikayətə əlavə edilir. İş üzrə təfərrüatları nəzərə alaraq və Qanunun tələbləri (İXM-nin 126.2; 127.6.2) və verdiyi imkanları rəhbər tutaraq (İXM Maddə 32. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar; 32.2. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər) barəsində qəbul edilmiş inzibati xəta barədə xx.xx.2025-ci il tarixli EQ26233915 saylı elektron qərarı ləğv edilməsini xahiş edir.Həmçinin üzrlü səbəbləri və qanunun tələblərini nəzərə alaraq şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsini də xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, Azərbaycan Respublikası Baş X10 İdarəsinin 21 fevral 2025-ci il tarixli, EQ seriyalı 26233915 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Əlavə olaraq şəxs bildirdi ki, o, ayın 16-dan 27-nə kimi ölkədə olmamışdır. AYNA ilə telefon əlaqəsi də saxlamışdı. Onlar vəziyyətdən m\lumatlıdır. Olmadığı müddətdə yəni, fevralın 17-dən 27-nə kimi 2 gündən bir cərimələnmişdir. Bilet məlumatları şikayətə əlavə edilmişdir. Yol işarəsi 20 fevraldan qoyulmuşdur. O, bilə bilməzdi ki, hansısa vaxt qadağan edici yol nişanı qoyulacaq. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş X10 İdarəsinin 21 fevral 2025-ci il tarixli, EQ seriyalı 26233915 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 xx.xx.2025-ci il tarixdə “MERCEDES C 240 minik” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Yasamal rayonu, A.M.Şərifzadə küçəsində olarkən durma qaydalarını pozduğuna görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İş materaillarında olan Q********** saylı elektron aviabiletin sürətindən görünür ki, X6 16 fevral 2025-ci il tarixdə Dubay şəhərinə səfər etmiş və xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə geri dönmüşdür. İş materiallarında olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2025-ci il tarixli 3-27-103/2-D-5966/1-28/2025/9128 saylı məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, ATV telekanalının yaxınlığında “3.27” yol nişanı (dayanmaq qadağandır) 20 fevral 2025-ci il tarixində quraşdırılmışdır. Həmçinin qeyd edilən ərazidə piyada keçidinə qədər (“5.16.1” yol nişanı) dayanmanı qadağan edən başqa yol nişanının olmadığı bildirilmişdir. Beləliklə 21 fevral 2025-ci il tarixli, EQ seriyalı 26233915 saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.1ci maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş Azərbaycan Respublikası Baş X10 İdarəsinin nümayəndəsi təkzibedici sübutları, məhkəməyə təqdim etməmişdir. Belə ki, müəyyən edilmişdir ki, X6 avtomobilini qeyd edilən ünvanda 16 fevral 2025-ci il tarixdə həmin ərazidə park etmişdir. Daha sonra o, 16 fevral 2025-ci il tarixdə ölkədən getmiş və 27 fevral 2025-ci il tarixdə geri dönmüşdür. Həmin ərazidə şəxs avtomobilini park etdiyi zaman, orada heç bir qadağanedici yol nişanı mövcud olmamışdır, həmin nişan 20 fevral 2025-ci il tarixdə quraşdırılmışdır, yəni şəxsin ölkədə olmadığı zaman. Belə olduğu halda şəxsin həmin nişanın quraşdırılmasından xəbərdar olması mümkünsüzdür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət təmin edilməli, X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 21 fevral 2025-ci il tarixli, EQ seriyalı 26233915 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində İXM-nin 346.1-ci maddəsi ilə Azərbaycan Respublikası Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş 21 fevral 2025-ci il tarixli, EQ seriyalı 26233915 saylı inzibati xəta haqqında iş üzrə qərar ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar