Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3036/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X5, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin təhqiqatçısı Elvin Hümbətovun 12 iyun 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə məhsuliyyətə cəlb olunması üçün qərarın icrasının 27-ci PŞ-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X11 tərəfindən MN seriyalı ******* nömrəli 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 may 2024-cü il tarixdə X6 döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci polis şöbəsinin polis sahə inspektoru X11 bildirdi ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında yaşayan X8 Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzinə zəng edərək Şəxs onun evinin yanına gələrək onu narahat etməsi, evini dağıtması və döyməsi barədə məlumat vermişdir. Həmin məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin 27-ci polis şöbəsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Nərgiz Cəfərova ilə üç ilə yaxın şəxsi münasibətdə olmuş və onlar Nərgizin evində bir yerdə yaşamışlar. Yaşadığı müddət ərzində özünə məxsus əşyaları yəni, komputer və telefon, səs ucaldıcı, qulaqcıqları, geyim əşyalarını N.Nəcəfovanın mənzilində qoymuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:00 radələrində barışmaq məqsədi ilə N.Cəfərovanın evinin yanına getmişdir. Nərgizi “İzmir” parkının yaxınlığında görmüşdür. O, Nərgizlə biraz danışdıqdan sonra onların münasibətlərinin bərpa olunmayacağını başa düşüb Nərgizdən əşyalarını tələb etmişdir. Nərgiz ona bəzi əşyalarını tulladığını, qalanlarının isə bacısı gildə olduğunu bildirmişdir. Bundan sonra Nərgiz qapını açıb öz mənzilinə daxil olmaq istədikdə o, Nərgizin mənzilinin qapısını tutaraq onun mənzilnə daxil olmuşdur. O, əşyalarını tapmaq məqsədi ilə Nərgizin mənzilində olan dolablara baxmışdır. Nərgizin mənzilində əşyalarını tapmadığı üçün mənzildən çıxmış və əşyalarının olmaması barədə DİN-nin 102 xidmət mərkəzinə zəng edib məlumat verdiyini bildirmişdir. Nərgizlə onun arasında sadəcə sözlə mübahisə olmuş, həmin vaxt o Nərgizi vurmamışdır. Göstərilənləri nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında göstərdi ki, o Şəxs ilə üç il münasibətdə olmuş, lakin sonradan onların münasibətləri pisləşmişdir. Təxminən bir ay öncə Tofiqin onu döyərək xəsarət yetirməsi barədə 27-ci PŞ-nə müraciəti olmuşdur, halhazırdada araşdırılma aparılmaqdadır. xx.xx.2024-cü il tarixdə Tofiq onun yaşadığı binanın həyətində onu izləyib o, mənzilə daxil olan zaman mənzilin giriş qapısını saxlayaraq, onun mənzilə daxil olub dolablara bararaq özünə aid komputeri, mobil telefonu və geyimləri axtarmışdır. Həmin vaxt o, Tofiqə 01 aydır ki, bacısının evində yaşadığını, əşyalarının bir hissəsini tulladığını qalanını isə bacısının evində olduğunu demişdir. Bu zaman Tofiq onu hədələyib onun video görüntülərini yayacağını bildirmişdir. Bundan sonra Tofiq onun komputerini götürüb sındırmaqla hədələmişdir. Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Tofiq dolablara baxan zaman o, onun bu hərəkətlərinin qarşısını almaq istədikdə Tofiq bir necə dəfə onu itələdiyi üçün o, müxtəlif yerlərə dəyərək xəsarət almışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsinin 30 may 2024-cü il tarixli 562 nömrəli ”sağlamlığa zərər vurulması” ilə əlaqədar ekspert rəyinə əsasən müayinə olunanın deməsinə görə xx.xx.2024-cü il tarixdə saat 22 radələrində, yaşadığı evdə, evvəllər münasibətdə olduğu Tofiq adlı şəxslə mübahisə zəminində, Tofiq onun qollarından tutaraq itələmiş, yumruqla vurmuş, nəticədə xəsarət almışdır. Heç bir tibbi müəsissəyə müarciət etməmişdir. Xəsarətlər nahiyyəsində olan ağrılardan şikayət edir. 1.Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. 2. Sol bazunun orta 1/3-nin ön səthində 9,0x5,0sm sahədə fasiləli, sağ bazunun orta 1/3-nin bayır səthində, 8,0x3,0sm ölçüdə, göyümtül-qırmızımtıl rəngli, qeyri-müəyyən fornalı qançırlar vardır. Sol baldırın aşağı 1/3-nin ön səthində 7,0x0,3sm ölçüdə, üzəri dəri səviyyəsində yerləşən, qırmızımtıl rəngli qartmaqla örtülü sıyrıq vardır. Digər xəsarət aşkar olunmadı. X4 məhkəmə-tibbi ekspertizasına əsasən, qərarın təsviri hissəsində hadisə haqqında göstərilənləri nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlmişdir: 1.X1 almış olduğu xəsarətlər - hər iki bazunun qançırları, sol baldırın sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və muddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, saglamliga zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. 2.Yuxarıda qeyd olunan xəsarətləri X4 özü-özünə yetirə bilməsi nəticəsində törənməsi inkar olunmur. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 iyun 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 22 radələrində ünvan 3 ünvanında yerləşən mənzildə X8 ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş münaqişə zamanı sonuncunu itələyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Lakin Azərbaycan Respublikasının “Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikasının 29 iyun 2012-ci il tarixli qanununun 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ləğv edilmişdir. X2 Şəxs əşyalarını ona verməməsi, tərəflər arasında mövcud olan mülki qaydada məhkəmədə baxılmış mübahisəli əmlakla bağlı yaranan mübahisələr müvafiq olaraq mülki qanunvericilik əsasında tənzimlənməlidir. Belə olan halda tərəflər arasında olan mübahisə mülki xarakterli olmaqla öz həllini məhkəmə yolu ilə tapmalıdır və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalı, eyni zamanda X4 müraciəti əsasında Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün şöbənin aidiyyəti əməkdaşına həvalə edilməlidir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 12 iyun 2024-cü il tarixli qərardan müəyyən edilir ki, zərərçəkmiş şəxs X8 izahatında göstərmişdir ki, üç ildir ki, münasibətdə olduğu Şəxs ilə münasibətləri pisləşdiyini bir olar ki, aralarında tez-tez mübahisələr baş verir. Təxminən 01 ay öncə Şəxs onu döyərək xəsarət yetirməsi barədə 27-ci PŞ-nə müraciəti olmuşdur, hal-hazırdada araşdırılma aparılmaqdadır. xx.xx.2024-cü il tarixdə Şəxs onun yaşadığı binanın həyətində onun gəzməyini izləyib o, mənzilə daxil olan zaman mənzilin giriş qapısını saxlayaraq o giriş qapısını saxlamağa Tofiqə mənzilə daxil olmağa mane olub qapını bağlamağa çalışsada buna nail ola bilməmişdir. Şəxs mənzilə daxil olub əlində bıçaqa bənzər əşyanı ona tutaraq ondan kompyuterini və mobil telefonunu tələb etməyə başlamışdır. O, Tofiqə 1 aydır ki, bacısı Nigarın evində yaşadığını əşyaların hamısını bacısının evində olduğunu dedikdə Tofiq onu və bacısını hədələyib mənzilə daxil olub mənzildə bütün şkafları axtarıb şkafda olan paltarları dağıdırmış. Ondan notebookunu və telefonunu tələb edirmiş. Tofiq onun notebookunu götürüb getmək istəyən zaman o, Tofiqin arxasınca bloka çıxmış, Tofiqdən şikayət edəcəyimi dedikdə o, geri qayıdaraq onun nootbukunu yerinə qoymuşdur. Sonra o, olanlar barəsində DİN-nin 102 zəng mərkəzinə məlumat verdiyini bildirmişdir. İzahatın sual hissəsində N.Cəfərova Tofiq ilə aralarında baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, mübahisə zamanı o, Tofiqə mənzilə daxil olan zaman və mənzilin şkaflarında axtarışlar edən zaman Tofiqə mane olan zaman Tofiq onu zərblə qollarından itələdiyi üçün xəsarət aldığını qeyd etmişdir. Zərəçəkmiş şəxs X8 təhqiqat zamanı, məhkəmə iclasında eləcədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsində zərərçəkmiş şəxsin hər dəfə müxtəlif məzmunlu ifadə verməsi ziddiyyətli məqam kimi qiymətləndirilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsinin 30 may 2024-cü il tarixli 562 nömrəli ”sağlamlığa zərər vurulması” ilə əlaqədar ekspert rəyində xəsarətlərin X4 özü-özünə yetirə bilməsi nəticəsində törənməsinin inkar olunmaması həmin ziddiyyətləri daha da gücləndirir. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 157-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən, onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3036/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3036/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver