Məhkəmə qərarları › İş №3(004)-3044/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3044/2021

14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3044/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin EXP ******* saylı, 15.09.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmiş EPQ ******* saylı, 20.10.2021-ci il tarixli qərarından şikayət verərək, 15 sentyabr 2021-ci il tarixli EXP ******* saylı qərar qəbul edilərkən yuxarıda sadalanan AR İXM nin 111.1, 111.2, 117.1, 117.2 və 112-ci maddələrinin tələbləri pozulduğundan və qərar vermə müddəti ötürüldüyündən həmin qərar və 200 (iki yüz) manat cərimə məbləğinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, o, 15 sentyabr 2021-ci il tarixində iş yerində olarkən ofisə daxil olan Yasamal rayon polis bölməsinin əməkdaşları tibbi maskadan düzgün istifadə etmədiyi üçün cərimə edildiyini bildirdilər. Həmin gün və daha sonra Asanpay kabinetinə daxil olduqda AR İXM-nin 211.3-cü maddəsinə əsasən qərarsız protokolun (EXP 1141128) sistemə daxil edildiyini, lakin cərimə məbləğinin 0 (sıfır) manat olduğunu gördü. Hadisədən sonra bir neçə dəfə asanpay kabinetini yoxlamış və məbləğin yenə də 0 (sıfır) manat olduğunu müşahidə etmişdir. Buna görə də ona sadəcə xəbərdarlıq olunduğunu, cərimə olunmadığını hesab etmişdir. Noyabr ayının əvvəlində isə asanpay kabinetinə daxil olduqda artıq 20.10.2021-ci il tarixində EXP ******* saylı inzibati protokol üzrə qərarın verildiyini və 200 (iki yüz) manat məbləğində cərimənin görsəndiyindən xəbər tutmuşdur. Həmin qərar İXM-nin tələblərinə zidd çıxarıldığı üçün ləğv edilməlidir. Çünki İXM-nin 111.1 və 111.2-ci maddələrinə əsasən işə baxılma müddəti maksimum 1 ay nəzərdə tutulub. Lakin polis əməkdaşı onun barəsində protokol tərtib edəndən 1 ay 5 gün keçdikdən sonra işə baxmışdır və qərar qəbul etmişdir. Qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 20.10.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X5 15.09.2021-ci il tarixdə Yasamal rayonu, ərazisində qoruyucu vasitə olan maskadan düzgün istifadə etmədiyinə görə İXM-in 211.3-cü maddəsi ilə təqsirli bilinmiş 200 manat cərimə edilmişdir. Həmin qərar EXP ******* saylı, 15.09.2021-ci il tarixli protokol əsasında qəbul edilmişdir. Şikayətçi qeyd edilən inzibati xətanın törədilməməsini bildirsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə şikayətçi hazırkı şikayətində inzibati xəta hadisəsinin mövcudluğunu mübahisələndirmir. Şikayətində inzibati xəta haqqında işə baxılması zamanı prosessual qaydaların pozulması ilə barəsində inzibati tənbeh qərarı çıxarılmasından şikayətlənir. Hazırkı şikayətdə prosessual pozuntularla bağlı göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, həqiqətən də protokol 15.09.2021-ci il tarixdə tərtib edilmiş, inzibati xəta hadisəsi həmin vaxtı törədilmiş. Lakin iş üzrə görünür ki, həmin inzibati xətaya görə işə baxılma və inzibati tənbeh tətbiq etmə 1 ay keçdikdən sonra, yəni İXM-nin 111-ci maddəsinin tələbləri pozulmaqla qəbul edilmişdir. Lakin həmin pozuntu inzibati xətanın mövcudluğunu aradan qaldırmır. Şəxsin inzibati məsuliyyətini istisna etmir. Şəxsin inzibati tənbehdən azad olması üçün əsas deyildir. Həmin pozuntu şəxsin barəsində inzibati tənbeh qərarının çıxarılmasını aradan qaldırmır. Həmin pozuntu işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə inzibati tənbehvermə qərarının ləğvinə əsas olan İXM-in tələblərinin pozuntusu kimi qəbul edilmir. Həmin pozuntu İXM-nin 135-ci maddəsində qərarın ləğv edilməsi və ya dəyişdirilməsi əsası kimi müəyyən edilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin EPQ ******* saylı, 20.10.2021-ci il tarixli inzibati xəta haqqında iş qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar