Məhkəmə qərarları › İş №3(004)-3078/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3078/2025

29.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3078/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə Hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 28 aprel 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs ASC tərəfindən 35000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 17 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12566.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati Xəta 18 mart 2025ci il tarixində hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASCC-nin etibarnamə üzrə nümayəndəsi X5 etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bank xx.xx.2025-ci il tarixdə EP № ******* saylı inzibati xəta barəsində protokol tərtib edərək bildirmişdir ki, Şəxs ASC tərəfindən 35000.00 ABŞ dolları məbləğində vəsaiti 17 mart 2023-cü il tarixdə xaricə köçürmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri - rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12566.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğində valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati Xəta 18 mart 2025-ci il tarixində hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. AR Mərkəzi Bankı AR İXM-nin 18.6-ci maddəsinə əsasən tərtib etdiyi 28 aprel 2025-ci il tarixli EP ******* saylı İnzibati Xəta haqqında protokoluna əlavə edilmiş sənədlərlə birlikdə baxılmaq üçün Yasamal Rayon Məhkəməsinə göndərmişdir. AR Mərkəzi Bankı protokol tərtib edərkən digər tərəfin prosesdə iştirakını təmin etməli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı alınmalı idi. Bank bunu da etməmişdir. Şəxs ASC Mərkəzi Bankın tərtib etdiyi protokol üzrə onun Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli hesab olunmasına qəti etirazını bildirir. Belə ki, Şəxs ASC Çinin “Pingtan Yisneng İMP./EXP co„LTD”” firması (bundan sonra:” Pingtan” adlandırılacaq) ilə bağladığı xx.xx.2023-cü il tarixli 01/23 nömrəli müqaviləyə əsasən “razılaşdırılmış sayda, ölçüdə, çəkidə, keyfiyyətdə və qablaşdırılmış halda Çin Marble x Qranit və ayrıca dəzgahın ehtiyat hissələrin almalı idi”. Həmin müqavilə üzrə Şəxs ASC alınması üçün xx.xx.2023-cü il tarixdə “Pingtan” firmasının hesabına köçürülmüş, 35.000.00 ABŞ dolları məbləği vəsait hesabından xx.xx.2024-cü il tarixdə 22.434 ABŞ dolları dəyərində, yəni köçürülən vəsaitin 64%-i məbləğində avadanlığın idxalına nail olmuşdur. Qalıq pul vəsaiti 12.566 ABŞ dollarıdır, yəni (35,0%). Qalıq pul vəsaiti hesabına malın idxalına isə qısa müddətdə nail olunacaqdır. Bunu, “Pingtan” firmasının müraciətlərinə cavabı da təsdiq edir. Göründüyü kimi, sonradan gələn mal, əvvəl idxal olunan malın davamı olacaqdır. İnzibati xətanın anlayışından bəhs edən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Beləliklə, əməlin (hərəkət və hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır. Şəxs ASC-yə münasibətdə isə belə bir tərkib yoxdur. İnzibati məsuliyyətə cəlb etmək üçün əsaslar məhkəmə baxışınadək aradan qaldırılmışdır və buna rəğmən Şəxs ASC-ni hüquqi şəxs olaraq inzibati məsuliyyətə cəlb etmək qanunsuzdur. Bəllidir ki, qanunvericilikdə ağırlaşdıran halda qanunun geriyə qüvvəsi yoxdur. İXM-nin 11.3-cü maddəsinə əsasən “İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur”. Məhkənıəyə təqdim edilən sənədlər də bir daha sübut edir ki, Şəxs ASC xaricə köçürdüyü pul vəsaitinə müvafiq malların ölkəyə idxalını təmin etmək üçün mümkün vasitələrdən istifadə etmişdir. Yuxarıda qeyd etdiyi kimi əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqa zidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən ) və inzibati məsuliyyətə səbəb olmalıdır. ŞəxsASC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcüd deyildir. Odur ki, o, İXM-nin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüququ məsuliyyət müəyyən edilmişdir. İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özü-özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “AR İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair “2019-cu il 19 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətainin törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXMnin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydaları ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər, (məsələn forsmojor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla, barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qəymətləndirə bilər. Malın idxalı zamanı ləngimədə "xxxx" ASC-nin hər hansı bir təqsiri (qəsdən və ya ehytiyyatsızlıqdan törədilən hərəkət və ya hərəkətsizlik ) yoxdur.Bunu “X6 SPA”firmasmın sorğumuza cavabı da təsdiq edir. Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, inzibati protokol tərtib etmək səlahiyyəti olan orqan həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İXM-nin 430.4cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İXMnin tələblərinə uyğun müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibini yaratması üçün kifayət etmir. Valyutanın vaxtında geri qaytarılmamasının səbəbləri araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsir yoxdursa, inzibati məsuliyyət də yarana bilməz. Hətta qanunda göstərilən müddətdən sonra “Valyuta tənzimi qaydaları” ilə bağlı ictimai münasibətlərə qəsd mövcud olmursa, aradan qalxmış olursa, bununla da inzibati məsuliyyət aradan qalxmış olur. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin, burada Şəxs ASC-nin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində inzibati protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Bu İXM-nin 8.2-ci maddəsində təsbit olunub. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyətli və şübhəli məqamların barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törədilməsini təsdiq edən sübutlar toplmaq yox, həmin şübhələri və ziddiyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM- nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsiri olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Bir halda ki, İXM-nin 18.5-ci maddəsinə əsasən, “Hüquqi şəxs barəsində inzibati tənbehin yalnız hakim tərəfindən tətbiq edilməsi nəzərdə tutulubsa, bu o deməkdir ki, inzibati xətaya görə məsuliyyət müəyyən edilərkən, təkcə Mərkəzi Bankın protokoluna deyil, İXM-nin 3-cü maddəsinə, inzibati məsuliyyətin əsaslarına istinad edilməli və digər tərəf kimi Şəxs ASC-nin də arqumentləri də nəzərə almmalıdır. Qanunda nəzərdə tutulan, inzibati məsuliyyət yaradacaq hallar Şəxs ASC-nin əməlində yoxdur. Qeyd etdiyimiz kimi təqsir olmayan yerdə cəza tədbiqi mümkün deyil. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almır. Mərkəzi Bank heç nəyi, köçürülmüş valyutaya görə malın gecikmə səbəblərini, onun obyektiv əlamətlərini nəzərə almadan, araşdırma aparmadan inzibati protokol tərtib edərək, sonda məhkəməyə müraciət etmiş, nəticədə də vergi ödəyicisi olaraq Şəxs ASC çıxılmaz vəziyyətə düşmüşdür. Yuxarıda qeyd etdikləri kimi Şəxs ASC yüksək vergi ödəyicisidir və onda çoxsaylı işçi qüvvəsi çalışır. Şəxs ASC uğurla həyata keçirdiyi layihələrə və səmərəli idarəetmə fəaliyyətinə görə onun təsisçisi Vahib Dəvəli “Qızıl Buta” mükafatı, Naxçıvan MR-da “Qızıl medal”-la 04 oktyabr 2016-cı ildə Azərbaycan Respubilkası Prezidentinin “ Fəxri Diplomu” ilə təltif olunub. Şəxs ASC isə AHİK-si tərəfindən “İlin ən yaxşı müəssisəsi” mükafatına layiq görülüb. Beləliklə, hesab edirlər ki, etirazları təmin edilməli, hüquqi şəxsin vəziyyətini yüngülləşdirin qanunvericilik norması Şəxs ASC barəsində tətbiq edilməli, bununla da onun əməlində AR İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Mərkəzi Bankın tələbi təmin edilməməlidir. Şəxs ASC ümid edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi ədalətli qərar qəbul edəcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Şəxs ASC-nin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh edilməsinə dair Mərkəzi Bankın tələbi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 mart 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 17 mart 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli, PB/BPŞ-OUT-00202-2025 nömrəli məktubdan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüş 12566.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti hesabına alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi 2 il ərzində banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. İnzibati xəta haqqında 28 aprel 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs ASC tərəfindən 35000.00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 17 mart 2023cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 12566.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. “Pıngtan Yısheng İMP./EXP. CO.,LTD” şirkəti tərəfindən Şəxs ASC-yə ünvanlanmış məktubdan görünür ki, məktubun məzmunu “sizinlə bizim aramızda bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 saylı müqavilə əsasında daş kəsən dəzgahın (mərmər üçün) alınması üçün 12.566 ABŞ dolları məbləğində avans ödəmisiniz. Texniki səbəblərdən sifarişinizə uyğun olaraq malları vaxtında hazırlayıb göndərə bilmədik. Tezliklə hazırlayıb sizə məlumat verəcəyik. Zəhmət olmasa qeyd edin.” Şəklində olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. 28 fevral 2021-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X4 20 fevral 2021-ci il tarixli, 06/1 nömrəli Qərarına əsasən “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyrirezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndi dəyişikliklər edilməklə, aşağıdakı redaksiyada verilmişdir: “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarına əsasən məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Məhkəmə iclasında tədqiq edilmiş iş üzrə tərəfin izahatı, inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən 17 mart 2023-cü il tarixdə 35000.00 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, 12566.00 ABŞ dolları müqabilində alınan malların ölkəyə idxal olunmasını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd 02 (iki) il müddətində banka təqdim edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi tərəfindən verilmiş etirazda qeyd edilənlərə tənqidi yanaşıb hesab edir ki, izahatda göstərilən həmin hallar Şəxs ASC-nin məsuliyyətdən yayınma xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, nə qədər ki, malların alındığı və vəsaitin köçürüldüyü şirkətin təqsirli olması barədə məhkəmə qərarı və Şəxs ASC barədə hər hansı bir fors major hal yoxdur, sadəcə mail yazışması ilə qarşı şirkətin malları gec göndərməyinin texniki səbəblərdən baş tutmadığının bildirilməsi ASC-nin məsuliyyətdən kənarda qalma cəhdi kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti AR İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin (12566.00 ABŞ dolları) 20 faizi məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği ABŞ dolları olduğundan cərimənin məbləği dolların ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 12566.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin 20% miqdarında, yəni 2513.2 ABŞ dolları (dolların Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar