Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3081/2024 12.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 iyun 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2024cü il tarixdə təxminən 09:00 radələrində etibarnamə yolu ilə idarə etdiyi “Toyota Prius” markalı **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti göstərərkən Binəqədi rayonunda sifarişlə bir nəfər qadını götürüb Yasamal rayonu, D.Bünyadzadə küçəsinə aparmışdır. Qadın avtomobildən düşmüş və ona bildirmişdir ki, ayağının üstündən keçmişdir. Bundan sonra qadın ona bildirmişdir ki, ayağında ağrı yoxdur, ağrı olsa deyəcəkdir, həkimə aparar. Təxminən 5-10 dəqiqə sonra ona zəng vurmuşdur ki, ayağı ağrıyır, onu xəstəxanaya aparsın, o da geri qayıdıb qadını avtomobilə əyləşdirib KTM-ə aparmışdır. Orada müayinə zamanı həmin qadının ayağında heç bir xəsarət olmadığı müəyyən edilmişdir. Yekun olaraq barəsində olan iş üzrə icraata xitam veriməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, “Toyota Prius” markalı **-KS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs əməlində cinayət tərkibi deyil, inzibati xəta olması müəyyən edilmişdir. Belə olan halda toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməli, yol-hərəkət qaydalarını pozduğuna görə, «Toyota Prius» markalı **-KS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməlidir. İş materiallarında olan 06 iyun 2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 may 2024-cü il tarixdə saat 09:00 radələrində “Toyota Prius” markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə səhər işdən çıxdıqda Uberdən taksi sifariş etmiş, ona “Toyota Prius” markalı **-KS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ayrılmışdır. Həmin avtomobillə Yasamal rayonu D.Bünyadzadə küçəsinə gəlmişdir. Avtomobildən düşmüş, sürücü onun tam avtomobildən uzaqlaşmasını gözləməmiş və onun sol ayağının barmaqları avtomobilin arxa təkərinin altında qalmışdır. Qışqırmış, sürücü avtomobili geri vermiş, ayağını çıxarmışdır. Əvvəl elə də ağrı olmadığı üçün sürücünün telefon nömrəsini götürmüş, demişdir ki, ağrılar şiddətlənərsə çağıracaq ki, sürücü onu həkimə aparsın.Bir az keçdikdən sonra barmağında şiddtəli ağrılar başlamış və sürücüyə zəng vurmuş, sürücü gəlib onu KTM-ə aparmışdır. Orada müayinə zamanı sol ayağının 5-ci barmağında sınıq xəsarəti aşkar edilmişdir. Ona ilkin tibbi yardım göstərib evə buraxmışlar. Sürücü onu evə aparıb çıxıb getmişdir. Hal-hazırda ev şəraitində müalicəsi davam edir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Məhkəmə tibb ekspertizasının 536 saylı rəyinə əsasən vətəndaş X1 almış olduğu xəsarətlər yüngül dərəcəli olmuşdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, yüngülləşdirən halı və ağırlaşdıran halların olamamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3081/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3081/2024
12.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver