Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3090/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Anar Əyyubov) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə 24.11.2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Astara Rayon Məhkəməsinin 2(018)-679/21 saylı, 26.05.2021-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 22.04.2021ci il tarixdən başlayaraq 24.03.2014-cü il təvəllüdlü X3 və 26.06.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmalarına görə hər ay hər uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X4 ödənilməlidir, lakin icra sənədini icra etmədiyi üçün 1400 manat aliment borcu yığılmışdır.. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Anar Əyyubov məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu müxtəlif bəhanələrlə icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Bununla da həmin şəxs tərəfindən İXMin 528.1-ci madldəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında sorğu-sual zamanı icra məmuru bildirmişdir ki, icraata başlama barədə bildiriş borcluya bu gün, yəni protokol tərtib edilməzdən əvvəl izahatı alınarkən təqdim edilmişdir. bu vaxtadək borclunun olduğu yer müəyyən olmadığı üçün bildiriş ona təqdim edilə bilməmişdir. Yalnız borclunun anasına bildirilmişdir ki, oğlunun icra şöbəsində icra işi vardır və aliment ödəməlidir. Digər hər hansı formada bildirişin borcluya könüllü icra müddəti olan 10 gündən əvvəl çatdırılmasına dair sübut yoxdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, bildirişlər ona çatdırılmamışdır. Barəsində olan icra sənədindən xəbərdar deyil. Barəsində olan icra sənədindən və bildirişdən yalnız icra şöbəsində olarkən 24.11.2021-ci il tarixdə izahat verərkən məlumat verilib. Həmin tarixdən əvvəl ona bu barədə hər hansı bir məlumat verilməyib, rəsmi qaydada bildiriş çatdırılmayıb. Ona görə də o həmin icra sənədini icra etməkdən yayınmamışdır. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərarı Astara Rayon Məhkəməsinin 2(018)-679/21 saylı, 26.05.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən 09.06.2021-ci il tarixli qərarla icraata başlanılmış, qərara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya 09.06.2021-ci il tarixli bildiriş göndərilmişdir. Bildiriş ünvan 2 ünvanına göndərilmişdir Həmin bildirişin çatdırılmasına dair sübut mövcud deyildir. Beləliklə, borclu üçün həmin icra sənədinin icrasına dair könüllü icra müddəti müəyyən edilmişdir. Həmin müddətin başlanğıcı borclunun bu barədə rəsmi məlumatlandırıldığı gündən hesablanır. Adından da göründüyü kimi, könüllü icra müddəti ərzində borclu icra sənədini icra etməkdə könüllüdür. Ona görə də həmin könüllü icra müddətinin sonuna qədər gözlənilib, borclunun bu müddət ərzində icra sənədini könüllü icra etmək hüququ təmin edilməlidir. Lakin icra məmuru tərəfindən təqdim edilmiş protokol və əlavə edilmiş sənədlərdən, icra işinin materiallarından könüllü icra müddəti barədə göndərilmiş həmin bildirişin borcluya vaxtında rəsmi qaydada çatdırılması, borclunun həmin bildirişi alması, lakin bildirişdə göstərilmiş könüllü icra müddətinin bitsə də, icra sənədinin icra edilməməsi müəyyən edilmir. Həmin bildirişin vaxtında çatdırılmasına dair sübut mövcud deyildir. Məhkəmə iclasında araşdırılmış sənədlərdən bildirişin çatdırılması, icra sənədi barədə borclunun məlumatlandırılması yalnız 24.11.2021-ci il tarixdə borclunun izahatı alınarkən baş tutmuşdur, ona görə də könüllü icra müddəti 04.12.2021-ci il tarixdə bitəcəkdir. İcra işi də məhkəmə iclasında öyrənilmiş, həmin tarixdən əvvəl borclunun məlumatlandırılması iş materialları ilə təsdiq edilmir. Çünki həmin tarixdən əvvəlki hər hansı bir vaxtda bildirişin çatdırılması və icra sənədi barədə məlumatlandırma barədə sübut mövcud deyildir. Belə olduğu təqdirdə könüllü icra müddəti barədə məlumatlandırıldığı vaxtdan həmin könüllü icra müddəti üçün müəyyən edilmiş vaxt keçmədən, şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinə bilməz, həmçinin məlumatı olmayan sənədin icrasında şəxs təqsirli sayıla bilməz, bu cür vəziyyətdə şəxsin əməlindən inzibati xəta tərkibi mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-3090/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3090/2021
24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver