Məhkəmə qərarları › İş №3(004)-3095/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3095/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3095/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi , İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhər DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 vəkili və eyni zamanda nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş TP ******* saylı xx.xx.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 17 fevral 2025-ci il tarixdə saat 08 radələrində **-GP-*** qeydiyyat nömrəli “Chevrolet” markalı avtomaşını ilə Müşfiq yarımstansiyasının yanından üzü Bakı dairəvi yoluna çıxış istiqamətində hərəkətdə olarkən “DYP dairəsi”nə daxil olarkən gözləmiş, həmin vaxt dairədən gələn avtomaşınları buraxdıqdan sonra dairəyə daxil olub hərəkətini davam etdirmişdir. Bu zaman patrul əməkdaşı sayrışan işıqları yandıraraq saxlama göstərişi vermişdir. Dərhal nəqliyyat vasitəsini saxlamışdır. YPX əməkdaşı yaxınlaşaraq qayda pozduğunu, protokol yazacağını bildirmiş və əsassız olaraq İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan İXP ******* nömrəli protokol əsasında 17 fevral 2025-ci il tarixli TP ******* nömrəli qərar qəbul etmişdir. (X4 1 qeyd edilmişdir). Heç bir qayda pozuntusu törətmədiyi halda ona 100 manat cərimə nəzərdə tutan inzibati tənbeh tətbiq edilmişdir. YPX əməkdaşının qəbul etdiyi bu qərar qanunsuz və əsassız olduğundan şikayəti əsasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin 18 mart 2025-ci il tarixli 3(004)-1202/2025 saylı qərarı ilə DYP-nin 17 fevral 2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra icra üçün DYP-nə göndərilmiş, nəticədə həmin İXP ******* nömrəli 17 fevral 2025-ci il tarixli qanunsuz və əsassız protokol əsasında iştirakım təmin edilmədən yenidən İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət nəzərdə tutan TP7221671 nömrəli 3 may 2025-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan “e-polis” tətbiqi vasitəsi ilə məlumat alsam da qərarın surəti mənə təqdim edilməmişdir. Öncə qeyd edim ki, 17 fevral 2025-ci il tarixli İXP ******* nömrəli protokola nəzər yetirilərkən müəyyən olunur ki, qərarda pozuntunun, inzibati xəta tərkibini yaradacaq əlamətinin nədən ibarət olması qeyd edilməmişdir. Konkret halda İXM-nin 115-ci maddəsinin tələbləri pozulmuşdur. YPX əməkdaşı tərəfindən pozuntunun nədən ibarət olması sürücüyə izah edilməklə qərarda öz əksini tapmalı idi. Lakin mübahisələndirilən qərarda sadəcə İXM maddəsi göstərilməklə kifayətlənilmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 '‘Giriş qadağandır”yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə görə inzibati məsuliyyət nəzərdə tutur. Bundan başqa dairədə yerləşdirilmiş kamera görüntülərinin təqdim edilməsi ilə bağlı hakim tərəfindən təmin edilmiş vəsatəti DYP tərəfindən icra edilməmiş, sübut məhkəməyə təqdim edilməmiş, sadəcə harada və nə vaxt çəkildiyi bilinməyən görüntüyə əsaslanmağa cəhd edilmişdir ki, məhkəmə araşdırması zamanı bu görüntü sübut kimi qəbul edilməmişdir. Həmin görüntülərdən təkrarən sübut kimi istifadə edilməsi yol verilməzdir, çünki bu hal qanuni qüvvəyə minmiş məhkəmə qərarında öz əksini tapmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X1 vəkili və eyni zamanda nümayəndəsi Qanuni nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hadisə baş verən zaman orada tıxac olmuşdur və həmin zaman müntəzəm hərəkət baş verdiyindən protokolda qeyd edilən inzibati xətanın tərkibi yaranmır. Eləcə qeyd etmişdir ki, sübut qismində təqdim edilmiş videogörüntüdən hadisənin nə zaman və kim tərəfindən qeydə alınmasını müəyyən etmək mümkün olmur. Həmin sübuta artıq məhkəmə tərəfindən bir dəfə qiymət verilmiş və qeyd olunan nüanslara görə işi yenidən araşdırılması üçün inzibati orqana geri qaytarmışdır. Eyni zamanda bildirmişdir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən də nöqsanlara yol verilmişdir. Belə ki, protokolda qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuşdur. Halbuki həmin maddənin dispozitiv şərtləri genişdir. Protokolda şəxsin konkret olaraq hansı qaydanı pozması təsbit olunmamışdır. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, sözügedən inzibati xəta hadisəsini özündə əks etdirən videogörüntü məhkəməyə təqdim edilmişdir. Həmin görüntüdən də açıq aydın görmək mümkündür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs idarə etdiyi avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər DYPİ-nin yol patrul xidməti inspektoru, polis serjantı X3 bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə saat 08:18 radələrində baş vermişdir. Həmin vaxt xidmətdə olarkən “Chevrolet Aveo” minik markalı, **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Yol hərəkəti haqqında AR qanunun tələblərini pozmasını müəyyən etdiklərindən avtomobilə saxla əmri vermişlər və şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntü xidməti avtomobilə xüsusi dəstək vasitəsilə quraşdırılmış mobil telefonun kamerası vasitəsilə çəkilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 08:18 radələrində idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Mikayıl Müşfiq 1, GPS: 40.35593081,49.79832249 ərazisində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)- 1202/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş yenidən araşdırılması üçün Bakı şəhər DYPİ-yə qaytarılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə saat 08:18 radələrində idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Mikayıl Müşfiq 1, GPS: 40.35593081,49.79832249 ərazisində “yolayrıcını keçmə qaydalarını” pozduğuna görə Azərbaycan Respublikası İXMnin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də 100 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş videogörüntüyə (inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilmiş) baxış keçirən zaman Azərbaycan Respublikası Bakı şəhər DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qeyd olunanlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 75-ci maddəsinin 4-cü bəndinə əsasən, yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. Həmin maddənin 2-ci bəndinə əsasən, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Həmin Qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 08:18 radələrində idarə etdiyi “Chevrolet Aveo” minik markalı, **-GP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Mikayıl Müşfiq 1, GPS: 40.35593081,49.79832249 ərazisində “yolayrıcını keçmə qaydalarını” pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və buna görə də 100 manat məbləğində cərimə olunmuşdur. Həmin fakt hadisənin videogörüntülərini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman tamamilə sübuta yetirilmişdir. Digər tərəfdən inzibati xəta haqqında protokolu tərtib etmiş YPX inspektoru da məhkəmə iclasında iştirak edərək videogörüntülərin xx.xx.2025-ci il tarixdə saat 08:18 radələrində inzibati xəta haqqında protokolda qeyd edilən ərazidə qeydə alınmasını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı mötəbər sübutlarla (inzibati xəta haqqında protokol, videogörüntü, şahid ifadəsi və s.) öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar