Məhkəmə qərarları › İş №3(004)-3096/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3096/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3096/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 24 iyun 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 24 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov 15 ünvanında özünü təqdim etməkdən və polis şöbəsinə getməkdən imtina etmiş və bununlada polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında X3 protokolu müdafiə edərək bildirmişdir ki, 24 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanının qarşısında oğurluq etməkdə şübhəli olan Şəxs polis əməkdaşları yaxınlaşaraq ondan şəxsiyyəti barədə məlumat verməsini tələb etmişlər, lakin o özünü təqdim etməkdən və polis şöbəsinə getməkdən imtina etmişdir. Daha sonra həmin şəxs 29-cu polis şöbəsinə təmin edilmiş və orada məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, 24 noyabr 2021-ci il tarixdə saat 10 radələrində Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 15 ünvanında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşmış, ondan şəxsiyyət məlumatlarını dəqiqləşdirmək istəmiş, o isə əsəbi olduğundan bundan imtina etmişdir. Daha sonra həmin polis əməkdaşları ona onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmiş, o isə getməyəcəyini söyləmişdir. Polis əməkdaşları tərəfindən saxlanılaraq 29-cu polis şöbəsinə aparılmışdır. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, bədənində olan ağrılar səbəbindən vaxtaşırı narkotik vasitələrdən istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 04 noyabr 2021-ci il tarixdə saat 16 radələrində ərazidə baş vermiş oğurluq hadisəsi ilə bağlı xidmətdə olarkən bir nəfər şəxs özünü şübhəli apardığından ona yaxınlaşmış və şəxsiyyət məlumatlarını bildirməsini xahiş etmişlər. O isə bundan imtina edərək oradan qaçmağa çalışmışdır. Həmin şəxs 29-cu polis şöbəsinə təmin edilmiş lakin burada da nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış şöbənin normal iş fəaliyyəti pozmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin əməliyyat müvəkkili X2 tərəfindən həmin şöbənin rəhbərliyinə ünvanlanmış 24.11.2021-ci il tarixli raportdan görünür ki, 24.11.2021-ci il tarixdə saat 10:00 radələrində Bakı şəhər, Yasamal rayonu, Əsəd Əhmədov 15 ünvanında şübhəli bilinən Şəxs yaxınlaşaraq özünü 29-cu polis şöbəsinin əməkdaşı olduğunu bildirmiş və onu həmin şöbəyə dəvət etmişdir. Lakin həmin şəxs onun qanuni tələbinə qarşı çıxaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsədə, nalayiq sözlər işlətməyə davam etmiş, polisin qanuni tələbinə tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 24 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 10:00-da inzibati qaydada tutulmuş, 25 noyabr 2021-ci il tarixdə saat 09:30-da azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X6 25 sentyabr 2021-ci il tarixli 1165 nömrəli aktından görünür ki, Şəxs AMFETAMİN, OPİOİDLƏR, MORFİN müsbət aşkar edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 24 noyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs bir il ərzində eyni inzibati xətanı təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən Şəxs 24.11.2021-ci il tarixdən 25.11.2021-ci il tarixədək inzibati qaydada tutulduğu bir gün ona təyin edilmiş inzibati həbs növündə tənbeh tədbirindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs 24.11.2021-ci il tarixdən 25.11.2021-ci il tarixədək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş inzibati tənbeh tədbirindən çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri saxlanılsın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbsetmənin əvvəli 25 noyabr 2021-ci il saat 12:13-dən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar