Məhkəmə qərarları › İş №3(004)-3124/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3124/2020

22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3124/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Yasamal RPİ-nin 28-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 14:45 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsində yerləşən “OBA” marketin qarşısında saxlanılmış vətəndaş X8 məxsus “Ford Transit” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisindən ona məxsus “Redmi Note 9” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan başqa, xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:00 radələrində Yasamal rasonu, Şərifzadə küçəsi 128 saylı evin qarşısında saxlanılmış vətəndaş X2 idarə etdiyi "Ford Tranzit" markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobildən ona məxsus olan "Samsung" markalı mobil telefon naməlum şəxs tərəfindən oğurlanmışdır. Bundan başqa, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Araz" marketin arxasında saxlanılmış vətəndaş X5 məxsus "Hyundai" markalı **-JO-*** dövlət nömrə nişanlı avtomobildən ona məxsus olan "Redmi" markalı mobil telefon naməlum şəxs tərəfindən oğurlanmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, həmin talama hadisələri Şəxs tərəfindən törədilmişdir. Bununla əlaqədar Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisi X6 tərəfindən xx xxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, əvvəllər narkotik vasitə istifadəçisi olmuş və bir neçə dəfə oğurluq etmişdir. Hazırda xəstədir və heç bir yerdə işləmir. Buna görə də pula ehtiyacı olduğu üçün yuxarıda göstərilən oğurluq hadisələrini törətmişdir. Törətdiyi əməllərdən səmimi peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin baş təhqiqatçısı Azad Rəşidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş X7 müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin baş təhqiqatçısı Səyyad Gözəlov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş X3 müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 28-ci Polis Bölməsinin baş təhqiqatçısı Azad Rəşidov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciətinə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin baş təhqiqatçısı İlqar Səfərov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, vətəndaş X9 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin təhqiqatçısı Roman Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, əməldə cinayət tərkibi olmadığından vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZA 003752 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, xx xxxx 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 21:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 02 (iki) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 21:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar