Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3142/2022 16.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, İnzibati xəta haqqında qərarı qəbul etmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin nümayəndəsi polis sahə inspektoru X6, Zərərçəkmiş şəxs X13 və onun nümayəndəsi X14, Şikayətçi X4 və onun vəkili X7 iştirakları ilə, Şikayətçi X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Ağayeva X8 RPİ-nin 28-ci PB-nin 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, barəsində çıxarılmış həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi X11 ərizəsini onunla əsaslandırmışdır ki, oğlu Sadıqlı Rahim 15 iyul 2021ci il tarixdə rəsmi nigahda olduğu X9 boşanmışdır. Həmin nigahdan qızı X3 dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsinin qərardadı ilə oğlu Sadıqlı Rahimə həftənin şənbə günləri 3 saat ünsiyyət hüququ verilmişdir. xx.xx.2022-ci il tarixində keçmiş gəlini İsayeva Məryəm həmişəki kimi oğlunu şərləmək məqsədilə polisə müraciət etmişdir ki, guya oğlu Sadıqlı Rahim onu təqib edir, küçədə təhqir edir və sairə bu kimi əsassız və cəfəng fikirlər irəli sürür. 28-ci polis bölməsi oğlunu bölməyə dəvət etmiş və dərhal bu hadisələri dəqiq araşdırmadan tələsik Yasamal Rayon Məhkəməsinə növbətçi məhkəməyə gətirmişlər. O da bir valideyn kimi, ana kimi dərhal oraya getmişdir. Məhkəmə binasına oğlu və polis nəfərləri ilə daxil olduqda keçmiş gəlini və qardaşı İsayev Məhəmməd də orada dayanmışdılar. O oğlu ilə birlikdə binaya daxil olduqda İsayeva Məryəm və qardaşı, oğluna və ona nalayiq ifadələr səsləndirmişlər və bildirmişlərki “gününüz bundan sonrada belə keçəcək və biz sizə qulaq burması verəcəyik”. Vəkilləri Valid müəllim onlara bildirmişdir ki, “ayıb olsun sizə”, “Allahınız olsun bir insanı şərləyirsiniz və üstəlik hələ buradada təhqirlər səsləndirirsiniz bu qədər rahat”. Oğlu, vəkili və oğlunu müşayiət edən polis nəfəri məhkəmə zalına daxil olmuşlar. Məhkəmə çox ədalətli qərar qəbul edərək bütün bunların şər və qəsdən uydurulmuş olduğunu peşəkarcasına aydınlaşdırmış və məsələyə xitam vermiş qarşı tərəfi bu cür hərəkətlərdən çəkinməyə çağırmışdır. O, oğlu və ailə üzvləri məhkəmə binasını tərk edərkən İsayeva Məryəm və qardaşı onları binanın qarşısında çox ağır küçə söyüşləri ilə təhqir etmişlər. Vəkili və ailə üzvləri əhəmiyyət vermədən oradan uzaqlaşmış, əxlaqi və insani dəyərlərinə görə hər halda nə vaxtsa onların ailədə olmuş oğlunun övladının anası olan İsayeva Məryəm barədə nə polisə nə də aidiyyəti qurumlara heç bir şikayət bildirməmişlər. Bir neçə gündən sonra isə onları 28-ci polis bölməsinə dəvət etmişlər və bildirmişlərki İsayeva Məryəm və İsayev Məhəmməd guyaki onları təhqir etdiklərinə görə şikayət ediblər. Bu xəbəri eşidəndə çox sarsılmış və məyus olmuşlar. Bölməyə gedib izahat yazmış və izahatlarında hər şeyi dəqiq və şəffaf qeyd etmişlər. xx.xx.2022-ci il tarixdə isə onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə cəza tədbirinin tətbiq edildiyini öyrənmişdir. Onun 58 yaşı var və uzun müddətdir dövlət müəssisəsində həkim kimi çalışır. Bu günə qədər heç bir halda barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, inzibati tənbeh tətbiq edilməmiş və ya bu kimi hadisələrlə yaxından uzaqdan əlaqəsi olmamışdır. Bu hadisədən çox sarsılmış və ağır stress yaşamışdır. Çünki keçmiş gəlini İsayeva Məryəm sözün həqiqi mənasında analıq etmişdir. İsayeva Məryəm öz evlərində görmədiyi hörməti, bütün yaxşı və xoş anları onların ailəsində yaşayıb və görmüşdür. İsayeva Məryəm ilə onun arasında olan xoş rəftar və danışıqlar “Whatsapp” sosial şəbəkəsində onun telefonunda tam olaraq bu gündə mövcuddur. xx.xx.2022 tarixində barəsində qəbul edilən inzibati tənbeh vermə haqqında qərar ilə razı deyidir. Beləki həmin tarixdə hadisə polis bölməsinin bildirdiyi kimi olmamış, işin faktiki halları düzgün araşdırılmamış və törətmədiyi əmələ görə onu inzibati məsuliyyətə cəlb etmişlər. Yekun olaraq o, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən barəsində qəbul edilmiş Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə olan 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 26 may 2022-ci il tarixdə oğlu Rahim Sadıqlinın 27-ci polis bölməsinə aparılıb barəsində protokol tərtib edilərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə aparıldığından xəbər tutmuşdur. Bundan sonra o dərhal işdən icazə alaraq tez bir zamanda məhkəmənin inzibati binasının qarşısına gəlmişdir. Orada olan zaman o görmüşdür ki, oğlu polis bölməsinə məxsus avtomobil ilə gətirilmişdir. Həmin vaxt orada o, oğlu Rahim Sadıqlı, vəkilləri Valid Səfərov və bir nəfər polis əməkdaşı olmuşdur. Bundan sonra əvvəl polis əməkdaşları ilə birlikdə oğlu daha sonra isə o məhkəmənin inzibati binasına daxil olmuşlar. Orada girişin sağ tərəfində o keşmiş gəlini Məryəm İsayeva və onun qardaşı Muhəmməd İsayevi görmüşdür. O keçmiş gəlini Məryəmi öz övladı kimi istəyir, lakin oğlunun həbs oluna biləcəyini düşünən zaman özünü saxlaya bilməyib Məryəmdən bu vəziyyətdən razı olub-olmadığını soruşmuşdur. Onun bu sualına cavab olaraq Məryəm onun oğluna qulaq burması verilməsi üçün gətirildiyini bildirmişdir. Həmin vaxt o Məryəmə demişdir ki, hər zaman ona öz övladı kimi yanaşmışdır və ona çəkdiyi əziyyətləri halal etmir. Bundan sonra o pilləkənlər ilə məhkəmənin ikinci mərtəbəsinə qalxmışdır. Həmin vaxt o heç bir təhqir və söyüş işlətməmiş, ümumiyyətlə səs yüksəkliyi belə olmamışdır. O düşünür ki, sözü gedən yer məhkəmənin inzibati binası olduğu üçün əgər o orada yüksük səslə söyüş söysəydi və ya təhqiramiz ifadələr işlətsəydi məhkəmənin mühafizə xidmətinin əməkdaşları bununla bağlı tədbir görərdilər və ya ondan məhkəmənin inzibati binasını tərk etməyi tələb edərdilər. Bundan sonra o məhkəmənin ikinci mərtəbəsinə qalxaraq oğlunun məhkəmə iclasının sonunadək orada olmuşdur. Həmin gün onun oğlu Rahim barəsində tərtib olunmuş protokola onun əməlində inzibati xəta tərkibi olmadığı səbəbindən xitam verilmişdir. Əlavə olaraq bildirmişdir ki, onun 58 yaşı və həkimdir, xuliqanlı əməli nə yaşına nədəki tutduğu vəzifəyə yaraşmır. Yekun olaraq o Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan onu ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən vəkil X1 X33 barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın əsassız və qanunsuz olması səbəbi ilə onun ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin nümayəndəsi X15 şikayət ərizəsinə etiraz edərək bildirmişdir ki, hadisə baş verən zamanı, yəni 26 may 2022-ci il tarixdə orada olmamışdır və sadəcə tərəflərin ifadələrini toplayaraq materialı üzrə protokol tərtib etmişdir. Bundan sonra 28-ci polis bölməsinin rəisi tərəfindən X11 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göstərilənləri nəzərə alaraq X11 barəsində 28-ci PB tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X23 izahatında göstərmişdir ki, onun 27-ci polis bölməsinə verdiyi şikayət ərizəsi nəticəsində 26 may 2022-ci il tarixində keçmiş həyat yoldaşı Rahim Sadıqlı onlara qarşı etdiyi xuliqanlıq əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə gətirilmişdir. Həmin vaxt o və qardaşı Muhəmməd İsayev məhkəmənin inzibati binasının birinci mərtəbəsində dayanmışlar. Bundan sonra R.Sadıqlının anası Nilufər Ağayeva məhkəmənin inzibati binasına daxil olmuş və onlara yaxınlaşaraq “Siz bu vəziyyətdən razısınızmı?, Xoşbəxtsiz?” deyə soruşmuşdur. N.Ağayeva bildirmişdir ki, onlar barədə müxtəlif orqanlara şikayət edəcək və onların bu məsələdə səhv olduqlarını sübut edəcək. Bundan sonra N.Ağayeva yüksək səslə onun və qardaşının ünvanına təhqiramiz sözlər demişdir. Hazırda sözləri səsləndirmək və ya yazaraq məhkəməyə təqdim etmək istəmir. Həmin vaxt orada olan polis əməkdaşları və ətrafda olan şəxslər onların mübahisələrinə müdaxilə etməmişlər, N.Ağayevaya yaxınlaşaraq onu sakitləşdirən olmamışdır. Göstərilənləri nəzərə alaraq Yasamal RPİ-nin 28-ci PB-nin 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil X2 X33 barəsində Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının tam əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 zərərçəkmiş şəxs X23 ilə eyni məzmunlu ifadə verərək özünə aid hissədə ifadəni bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 izahatında bildirmişdir ki, X11 onun anasıdır. 25 may 2022-ci il tarixdə o 27-ci polis bölməsinə aparılmış və barəsində İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə gətirilmişdir. O artıq məhkəmənin inzibati binasında olan zaman onun anası əsas girişindən məhkəməyə daxıl olmuşdur. Həmin vaxt onun keçmiş həyat yoldaşı Məryəm İsayeva və onun qardaşı Muhəmməd İsayev orada olmuşlar. Bundan sonra onun anası, Məryəm və Muhəmmədə yaxınlaşaraq Məryəmə “bu durumdan razıdırlarmı? Hazırda xoşbəxdirmi?” demişdir. Anasının bu sualına cavab olaraq Məryəm ona qulaq burması verilməsi üçün gətirildiyini bildirmişdir. Həmin vaxt anası Məryəmə demişdir ki, “sənə çəkdiyim əziyyətləri halal etmirəm” və sonradan piləkənlər ilə məhkəmənin ikinci mərtəbəsinə qalxmışdır. Orada heç bir təhqir və söyüş, səs yüksəkliyi olmayıb. Əlavə olaraq bildirmişdir ki, Yasamal Rayon Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə onun əməlində İXM-nin 510-cu maddəsinin əlamətləri olmadığı üçün iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PBnin 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasən X11 15 iyun 2022-ci il tarixdə xırda xuliqanlıq etmişdir. Nəticədə X11 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Yasamal RPİ-nin 28-ci PB-nin 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X11 barəsində tərtib edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokol əsasında Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tədbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar və iş materialları məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, X11 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşı tərəfindən sadəcə zərərçəkmiş şəxsin və onun qardaşının izahatı alınaraq, heç bir sübut toplanmadan və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 izahatında göstərdiyi halları təkzib edən halları müəyyən etmədən onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Yasamal RPİ-nin 28-ci Polis Bölməsində istər protokolun tərtib olunması, istərsə də X4 barəsində qərarın qəbul olunması üçün əsas sadəcə X23 və onun qardaşı X10 ərizələri olmuşdur. X4 barəsində yazdığı şikayət ərizəsində qeyd olunanları təsdiq edəcək başqa bir sübut mövcud deyildir. Bundan əlavə qeyd edilir ki, X4 barəsində tərtib olunmuş protokolda onun təqsirini sübut edən hallar barədə heç bir qeyd aparılmamış və protokolun sübutların qeyd olunmalı olduğu bölümü boş saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 79-cu maddəsinə əsasən - zərər çəkmiş şəxsin və şahidin izahatları inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilməlidir. Bundan əlavə məhkəmənin sorğusu əsasında 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın qəbul olunmasına əsas olmuş sənədlər təqdim olunmuşdur. Həmin materiallara baxış keçirilən zaman müəyyən edilmişdir ki, X11 barəsində aparılan inzibati icraat zamanı onun izahatı alınmamışdır. Bundan əlavə 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, X11 15 iyun 2022-ci il tarixdə xırda xuliqanlıq əməlini törətmişdir. Lakin inzibati iş materiallarında N.Ağayevanın 15 iyun 2022-ci il tarixdə hər hansı xuliqanlıq əməlini törətməsi öz əksini tapmır. Göründüyü kimi Yasamal RPİ-nin 28-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda X4 izahtında göstərdiyi xüsusatları təkzib edən sübutlar öz əksini tapmamışdır və X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 510-cu (Xırda xuliqanlıq) maddəsinin tərkibi yaranmamışdır. Məhkəmə qeyd edir ki, belə olan halda, X11 əməlində törədilməsi ehtimal edilən inzibati xəta üzrə icraat inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilmədiyindən onun həmin maddə ilə təqsirli bilinib tənbeh edilməsi yolverilməzdir. İş materiallarından və tərəfin məhkəmə iclasında verdiyi izahatdan müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X22 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Qeyd olunur ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən 15 iyun 2022-ci il tarixdə X11 xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Lakin həmin qərarı qəbul etmiş orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, X4 əməlində inzibati xəta tərkibinin əlamətləri yoxdur və bu səbəbdən onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : X4 şikayəti təmin olunsun. X11 barəsində qəbul edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi tərəfindən qəbul edilmiş 15 iyun 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Mərkəzi İnformasiya sistemində X4 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-3142/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3142/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver