Məhkəmə qərarları › İş №3(004)-3144/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3144/2024

03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3144/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs PHŞ-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin əməkdaşı Ə.A.Əliyev tərəfindən 13 iyun 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Şəxs PHŞnin nümayəndəsi X2 inzibati xəta haqqında protokola yazılı etirazını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal rayon Polis idarəsi X6 Şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra- Fond) barəsində inzibati xəta haqqında 13 iyun 2024-cü il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. Belə ki, həmin protokolda qeyd olunmuş məlumatlara əsasən Fond Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci və 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan protokolun Fond tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halının aşkar olunması hissəsinə münasibət bildirirərək qeyd edirik ki, həmin maddənin dispozisiyasına nəzər saldıqda inzibati xəta tərkibinin yaranmasının əsası kimi nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə edilməsi halı dayanır. Bildiri ki, Yasamal rayon Polis İdarəsi X6 Şöbəsi tərəfindən tərtib olunmuş müvafiq protokolda qeyd olunan “Toyota Camry H Hibrid” minik markalı, 10- PR-56 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 07 iyun 2024-cü il tarixdə BB 58636 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən dövlət qeydiyyatından keçmişdir (qoşmaya əlavə edilir). Bundan başqa həmin protokolun Fond tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi halının aşkar olunması hissəsinə münasibət bildirirərək qeyd edirik ki, Fondun mülkiyyətində olan “Toyota Camry H Hibrid” minik markalı, 10-PR-56 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin müvafiq maddə ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi X6 tərəfindən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmişdir. Belə olduğu təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1- ci maddəsinə əsasən həmin Məcəllənin 327.1, 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində tərtib edilir. Qeyd olunan maddələrin tələblərindən aydın olur ki, İXM-in 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs barəsində tərtib edilə bilər. Yəni əgər nəqliyyat vasitəsi hüquqi şəxsin mülkiyyətindədirsə, həmin nəqliyyat vasitəsi ilə İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta törədilmişdirsə və həmin xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol həmin avtomobilin mülkiyyətçisi olan hüquqi şəxs barəsində tərtib edilə bilməz. Hesab edir ki, hazırkı protokol hüquqi şəxs barəsində tərtib edilsə də, hüquqi şəxs həmin inzibati xətanın subyekti deyildir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. İnzibati xətalar qanunvericiliyinin tələbinə nəzərə saldıqda görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələbindən irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli X3 Məcəlləsinin 53-cü maddəsi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur: İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində (inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı) İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur (İnzibati Xətalar Məcəlləsinin 109.2, 114.2.1 və 135.1.5-1-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan bəzi halların müəyyən edilməsi isə yalnız inzibati xəta haqqında işə mahiyyəti üzrə baxıldıqdan və müvafiq sübutlar qiymətləndirildikdən sonra mümkündür (məsələn 53.1.1, 53.1.2, 53.1.3-cü və s. maddələrdə göstərilən hallar). Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İşin araşdırılmış hallarına münasibət bildirərək sonda qeyd edir ki, tərəfindən etiraza əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə sözügedən nəqliyyat vasitəsinin qeydiyyatdan keçməsinin sübut olunması Fond barəsində İXM- in 339.1-ci maddəsi ilə tərtib olunmuş protokol üzrə əslində inzibati xəta hadisəsinin olmamasını, iş üzrə 469.3-cü maddəyə münasibətdə isə inzibati xətanın subyektinin düzgün seçilməməsi, inzibati xəta tərkibinin mövcud olmamasını sübut edir. Hesab edir ki, hazırki iş üzrə İXM-in 53-cü maddəsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilibedilməməsi haqqında hər hansı qeyd aparılmamış, tərtib edilmiş protokolun surətinin hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi və hüquqi şəxsin şəxsin ünvanına göndərilməsinə dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Məhkəməyə yalnız inzibati xəta haqqında protokol təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin təqdim edilməməsi və ya göndərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, həmin materiallar əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmadığından, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol və toplanmış material tamamlanması üçün Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs PHŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 469.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nə qaytarılsın. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar