Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3145/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 02 may 2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 5662001.76 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 31 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 97331.69 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, Şəxs dövlətə məxsus olmaqla respublika üçün strateji əhəmiyyətə malik və ölkədə 1200 nəfərdən artıq şəxsin məşğulluğunu təmin edən istehsal müəssisəsidir. Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamenti tərəfindən Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə, EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC 5662001,76 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırıqlarına əsasən "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğin 97331,69 ABŞ dolları hissəsində olan məbləğ hesabına alınan malların ölkəyə idxal edilmədiyindən banka təqdim edilməmiş, həmçinin qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən qeri qaytarılmamışdır. Qeyd olunmalıdır ki, Şəxs MMC xx.xx.2022-ci tarixli gil-torpaq alışı müqaviləsi çərçivəsində “X7 SA”-yə ödənilmiş məbləğ qarşılığında müvafiq qaydada və çəkidə 14498,993 ton gil-torpaq malı göndərmə limanından göndərilmişdir. Gil-torpaq malı spesifik olduğundan (səpilən mal, məsələn qum kimi) və onun daşıması, yükləmə-boşaldılması zamanı təbii itkilərin yaranması adət halında olduğundan, Şəxs MMC və “X7 SA” arasında imzalanmış müqavilə üzrə təbii itkilərin müəyyənləşdirilməsi və bu faktları bitərəf olan şirkət tərəfindən təsdiq olunması məqsədilə bu cür hallarda müstəqil ekpertizanın keçirilməsində ixtisaslaşmış və dünya bazarında bu istiqamətdə ən etibarlı və peşəkar şirkətlərdən biri olan İsveçrənin şirkəti “SGS” vasitəsilə inspeksiyalar keçirilmişdir. O cümlədən, sözügedən göndərmə üzrə də “SGS” vasitəsilə ekspertiza (inspeksiya) keçirilmişdir. Ekspertizanın (inspeksiyanın) keçirilməsi aşağıdakılardan ibarətdir: 1. Gəminin yükləmə limanında çəkinin müəyyən edilməsi; 2. Gəminin çatdırılma limanında çəkinin müəyyən edilməsi (çəkinin çoxalıb azalmasına təsir edən hallar olduqda həmin hala dair müfaviq məluamtın verilməsi); 3. Gəminin boşaldılması və yük daşıyan qatarlara yüklənməsi zamanı baş verən itkilərin beynəlxalq normalara uyğun olub-olmamasının müəyyən edilməsi (mallar səpilən olduğundan malların bir yerdən digər yerə boşaldılması və yüklənməsi zamanı təbii itkilərin norma çərçivəsində olması), gündəlik hava şəraitinin müəyyən edilməsi (mallar səpilən olduğundan yükləmə boşaldmaya hava şəratinin təsiri olur, məsələn hava küləkli olduqda mallarda yaranan təbii itki normadan artıq ola bilər, hətta külək həddindən artıq güclü olduqda, tufan olduqa inspeksiya şirkəti (SGS) tərəfindən yükləmə-boşaltma dayandırıla da bilər); 4. Nəticədə qatarlara yüklənmiş gil-torpaq malının Poti limanında kalibrləşdirilmiş tərəzilərdə çəkisinin müəyyən edilməsinə nəzarət etmək (həmin tərəzilər ağır ölçüləri müəyyən etdiyindən həmin tərəzilər 100-200 kiloqrama həssaslığı yoxdur, yəni 100-200 kiloqram çəkidə səhv etməsi qəbul olunandır). Dünyada səpilə bilən malların və onlara daxil olan gil-torpaq malının daşınması yüklənməsi və boşaldılması zamanı təbii itkilərin müəyyən edilməsi və onların normalarının müəyyən edilməsinə dair müxtəlif tənzimləyici aktlar mövcuddur. Onlara İMSBC Kodeksi (X2 X8), Birləşmiş Millətlər Təşkilatının X4 (UN ECE Code of Uniform Standards for Draught Surveys), Rusiya Federasiyanın normativləri, X3 (REACH, EN 12390), ABŞ normativləri (OSHA, ASTM) daxildir. Qeyd olunan hər bir normativ üzrə səpilən, o cümlədən gil-torpaq malının daşınması, boşaldılması və yüklənməsi zamanı baş verə biləcək təbii itkilər və onların minimallaşdırılması üçün görüləcək tədbirlər ilə bağlı normativlər müəyyən edilmişdir. Qeyd olunması zəruridir ki, Azərbaycan Respublikasında hazırda qeyd olunan halları tənzimləyən müvafiq normativ-akt mövcud deyildir, lakin SSSR-i tərəfindən təsdiq edilmiş və vaxtilə Azərbaycanda qüvvəsi olan müvafiq GOST-lar mövcud olmuşdur ki, onlarla da yuxarıda sadalanan normativlərdən irəli gələn təbii itkilərin yaranması halını təsdiq edir. Hər bir normativ fərqli regionlara aid olsa belə ümumi qaydaları bir-birinə uyğunluq təşkil edir. Həmin normativlərdən müəyyən etmək olar ki, gəminin səpilən mallarla yüklənməsi və boşaldılması zamanı itkilərin olması normal olmasına baxmayaraq, hava şəraitindən asılı olaraq təbii itkilərin faiz dərəcəsi artıqda ola bilər. Həmçinin, qatarlara həmin malların yüklənməsi zamanı təbii itkilərin olması adət və normal hal kimi qiymətləndirir. Ümumilikdə qarışıq daşımaları (gəmi və dəmir yolları, konkret olan haldaki qaydada) itkilərin 1-1,5% olması yuxarıda sadalanan normativlərə uyğun olaraq standart hal kimi qiymətləndirilir və həmin itkilər təbii olması səbəbindən tərəflərin bununla bağlı iddialarını istisna edir. Yuxarıda sadalanan mərhələlər üzrə “SGS” tərəfindən mövcud məsələyə dair keçirilmiş espertiza və inspeksiyaların nəticəsində müəyyən edilmiş halları aşağıda diqqətinizə təqdim edirik: 1.Göndərmə limanında gəmiyə 14498,993 ton gil-torpaq malı yüklənərək yola salınmışdır; 2. Çatdırılma limanına (Poti limanında) gəmi çatanda gəmidə olan gil-torpaq malının çəkisi 14506,906 ton olmuşdur. 7,913 ton artıq müəyyən edilmişdir. Artıq malın çatdırılması gəminin yolda olduğu vaxtda gil-torpağın nəmlik dərəcəsinin artması səbəbindən yaranmışdır; 3. SGS tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, inspeksiya gündəlik keçirilib və gəminin boşaldılması xx.xx.2023-cü il tarixdə başlayıb və xx.xx.2023-cü il tarixədək davam edib və hər tarixə uyğun hava şəraiti qiymətləndirilib və boşaldma-yükləmə prosesinə nəzarət edilib və baş vermiş itkilərin təbii itki normalarında kənar olmadığı müəyyən edilib. Bu faktları təsdiq edən müvafiq foto şəkil və video görüntülər SGS tərəfindən təqdim edilib. İnspeksiyanın sonuncu mərhələsi olaraq qatarlara yüklənmiş (ümumilikdə 224 qatara yükləmə baş vermişdir) gil-torpağın çəkisinin kalibrləşmiş tərəzilər vasitəsilə ölçülərək təbii itkilərin norma çərçivəsində olması müəyən edilmişdir. Boşaldılma-yükləmədən sonra qatarlara yüklənən malların 14272.790 ton olduğu müəyyən etmişdir. Bu isə “X7 SA” tərəfindən təqdim olunmuş konosamentdə (Bill of lading B/L) qeyd olunan (14498,993 ton) çəkidən 224,203 ton təbii itkinin baş verdiyini özündə göstərir. İnspeksiya bitdikdən sonra hər vaqon üzrə qatar fakturası təqdim olunur və hər fakturada digər məlumatlarla bərabər, yükləmə zamanı müəyyən edilmiş malın çəkisi qeyd olunur. Qeyd olunan fakturalar əsasında qatarlar (224 qatar) Potidən Gəncə şəhərinə yola düşür və həmin fakturalar əsasında vaqonlar üzrə (5-15 vaqonlarda olan malların cəmi) mallar gömrük orqanlarına bəyan edilir. “X7 SA” tərəfindən faktiki 14498,993 ton malın göndərilməsinə baxmayaraq, malların Gömrük orqanlarına bəyan edilməsi faktiki qatarlara yüklənmiş malların cəmi ilə müəyyən edilir. Burada isə təbii itkilər səbəbindən malların çəkisində qəbul olunan miqdarda azalmaların olması Şəxs MMC-nin təqsirinin olmasını özündə əks etdirmir. Normal mülki-hüquq münasibətlər çərçivəsində təbii itkilərin yaranması halının səpələnən (səpilə bilən) malların (gil-torpağ) daşınması zamanı yaranma halına hamı üçün məlum olan faktdır (burada fors-major və ya digər hallar mövcud deyildir) və bu halın, təbii itkinin qarşısının alınması üçün Şəxs MMC tərəfindən edilə biləcək üsul və texniki mümkünlüklərin olmadığını nəzərə alaraq, təbii itkilər nəticəsində yaranmış çəki azalması nəticəsində ödənilmiş məbləğdən az miqdarda malın Şəxs MMC-yə çatdırılması Şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş protokolda göstərilən əməldə hər hansı bir təqsiri olmadığı qənaətindədirlər. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan”nın 4.3.1.3cü yarımbəndinə dair" xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi ələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarlarında da göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXMlə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM- in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 52, 61.1.4-cü maddələrini rəhbər tutaraq həmin Məcələnin 114.2.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 mart 2023-cü il tarixli köçürmə ərizəsindən görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 5662001.76 ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 31 mart 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış 04 aprel 2025-ci il tarixli, KB-255/2-93/2025 saylı məktubdan görünür ki, Azəralüminium MMC (VÖEN **********) xx.xx.2023- 5662001.76 USD **********4407 - 1374055.84 USD / **********9721 - 698430.15 USD /**********7223-513237.29 USD / **********8164 - 1360331.59 USD / **********6358 - 1140435.4 USD / **********3514 USD qismən bağlanılmışdır. Avans qalıq 97331.69 USD təşkil edir. İnzibati xəta haqqında 02 may 2025-ci il tarixli, EP ******* saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən 5662001.76 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 31 mart 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 97331.69 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 tərəfindən elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış 26 may 2025-ci il tarixli ərizədən görünür ki, hazırda icraatda olan 3(004)-3145/2025 nömrəli iş üzrə inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixində 5.662.001,76 ABŞ dolları məbləğində qabaqcadan ödəniş həyata keçirilmiş, lakin növbəti 2 il ərzində həmin məbləğdən 97.331,69 ABŞ dolları dəyərində malların ölkəyə idxal təmin edilmiş və ya vəsait geri qaytarılmamışdır. Şəxs MMC-nin təqdim etdiyi etirazla və ona əlavə edilmiş sənədlərlə tanış olaraq onu bildirmişdir ki, istər qüvvədə olan qanunvericiliklə, istərsə də tərəflər arasında bağlanmış müqavilədə bu kimi hallar üzrə baş verə biləcək itkilərin nəzərə alınması müəyyən edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 3(004)-1475/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Şəxs etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, inspeksiyanın sonuncu mərhələsi olaraq qatarlara yüklənmiş (ümumilikdə 224 qatara yükləmə baş vermişdir) gil-torpağın çəkisinin kalibrləşmiş tərəzilər vasitəsilə ölçülərək təbii itkilərin norma çərçivəsində olması müəyən edilmişdir. Boşaldılmayükləmədən sonra qatarlara yüklənən malların 14272.790 ton olduğu müəyyən etmişdir. Bu isə “X7 SA” tərəfindən təqdim olunmuş konosamentdə (Bill of lading B/L) qeyd olunan (14498,993 ton) çəkidən 224,203 ton təbii itkinin baş verdiyini özündə göstərir. İnspeksiya bitdikdən sonra hər vaqon üzrə qatar fakturası təqdim olunur və hər fakturada digər məlumatlarla bərabər, yükləmə zamanı müəyyən edilmiş malın çəkisi qeyd olunur. Qeyd olunan fakturalar əsasında qatarlar (224 qatar) Potidən Gəncə şəhərinə yola düşür və həmin fakturalar əsasında vaqonlar üzrə (5-15 vaqonlarda olan malların cəmi) mallar gömrük orqanlarına bəyan edilir. “X7 SA” tərəfindən faktiki 14498,993 ton malın göndərilməsinə baxmayaraq, malların Gömrük orqanlarına bəyan edilməsi faktiki qatarlara yüklənmiş malların cəmi ilə müəyyən edilir. Təqdim edilən fotoşəkillərdən görünür ki, malın yüklənməsi zamanı toz halında səpələnmə müşahidə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X6 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərinin milli və xarici valyutada əməliyyatların aparılması Qaydaları”nın 4.3..1.3.-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüququ məsuliyyət müəyyən edilmişdir. İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özü-özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “AR İXM -nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair“ 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətamın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxsin inzibarti məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydaları ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər. (məsələn:forsmojor, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.) Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla, barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, inzibati protokol tərtib etmək səlahiyyəti olan orqan həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İXM-nin tələblərinə uyğun müəyyən etməlidir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, təqdim olunmuş sənədlərin təhlili nəticəsində müəyyən edilmişdir ki, bu hallarda cəmiyyətin hər hansı bir təqsiri – yəni subyektiv elementi – mövcud deyildir. Hüquqi məsuliyyətin yaranması üçün yalnız faktın baş verməsi kifayət etməyib, həm də həmin faktın şəxsin təqsiri ilə törədilməsi zəruridir. İnzibati Xətalar Məcəlləsində təqsir – ehtiyatsızlıq və ya qəsd formasında – inzibati xəta tərkibinin vacib elementi olmaqla, olmadan hüquqi məsuliyyətə cəlbetmə hüquqa zidd sayılır. İş materiallarından və təqdim olunmuş sənədlərdən görünür ki, malların daşınması zamanı baş vermiş çəki azalması daşınan məhsulun – gil-torpağın – fiziki və texniki xüsusiyyətləri ilə bağlı olan və obyektiv səbəblərdən irəli gələn təbii itkilərlə əlaqədardır. Səpələnən və nəqliyyat vasitəsinə doldurularkən, boşaldılarkən və daşınarkən hava şəraitindən, yolun vəziyyətindən, məhsulun xassəsindən asılı olaraq müəyyən miqdarda fiziki azalma baş verir ki, bu da təcrübədə və mülki dövriyyədə norma kimi qəbul edilmiş haldır. Bu azalmalar nə cəmiyyətin qəsdən hərəkəti, nə də ehtiyatsız davranışı nəticəsində baş verməmişdir. Belə məhsulların daşınması zamanı çəki azalması ilə bağlı müəyyən dərəcə və faizlə itkilərin olması istisnasız şəkildə bütün istehsal, nəqliyyat və satış zəncirində qəbul olunur. Bu itkilər “təbii itkilər” kimi qiymətləndirilir və onların müəyyən həddə baş verməsi qaçınılmaz sayılır. Belə hallarda sahibkarın və ya daşıyıcının həmin itkinin qarşısını tam şəkildə almaq imkanı mövcud deyildir. Şəxs MMC-nin belə təbii itkilərin yaranmasına texniki və ya təşkilati cəhətdən müdaxilə edərək onların baş verməsinin qarşısını alması faktiki olaraq mümkün deyil. Bundan əlavə, qeyd olunan çəki azalması nəticəsində Şəxs MMC-yə daha az miqdarda məhsulun çatdırılması, ödənişin faktiki məhsul miqdarına uyğun gəlməməsi şəklində qiymətləndirilə bilsə də, bu hal inzibati xəta tərkibini formalaşdırmır. Belə ki, inzibati xəta üçün tələb olunan əsas elementlərdən biri olan subyektiv cəhət – təqsir – bu iş üzrə tam şəkildə istisna olunur. Cəmiyyətin əməkdaşları tərəfindən bu azalmaya səbəb ola biləcək hər hansı səhlənkarlıq, laqeydlik, düzgün olmayan nəzarət, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya qərəzli davranış halları sənədlərdə və ya izahatlarda qeyd olunmamış, sübut olunmamışdır. Nəticə etibarilə, Şəxs MMC-nin konkret halda təbii itkini nəzərə almadan məhsulun çatdırılma nəticəsində baş vermiş fərqi üzrə inzibati məsuliyyətə cəlb edilməsi hüquqi baxımdan əsaslandırılmamış sayılmalıdır. İnzibati hüquq normaları tətbiq olunarkən məsuliyyətin subyektin davranışına – yəni onun iradəsinə, davranış formalarına, niyyətinə və ehtiyatlılıq səviyyəsinə bağlı olduğu unudulmamalıdır. Bu halda isə belə davranış və niyyət elementi mövcud deyildir. Ona görə də protokolda qeyd olunan əməldə inzibati xəta tərkibi yaranmamışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs əməlində inzibati xətanın subyektiv cəhətinin tərkib əlamətlərinin olmadığını nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3145/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3145/2025
05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver