Məhkəmə qərarları › İş №3(004)-3158/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3158/2025

22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3158/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 25 aprel 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 25 aprel 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Baş İdarənin Rəsmiləşdirmə Mərkəzindən daxil olan 3- 33-3100/021/009583 nömrəli raporta əsasən müəyyən edilmişdir ki, hüquqi ünvanı AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl, ev 13 olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü il tarixli **********4485 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 74.321,19 (yetmiş dörd min üç yüz iyirmi bir dollar on doqquz sent) ABŞ dolları məbləğində, yeni həmin bəyannamənin 45-ci qrafasına əsasən 126.346,02 (yüz iyirmi altı min üç yüz qırx altı manat iki qəpik) manat dəyərində, 24 yerdən ibarət “qurudulmuş tikələrdə olan iribuynuzlu heyva orqanları” adlı mallar ABŞ-da yerləşən “REVNAQ LLC/İNTERMEGATRADİNG LLC” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Lakin konsiqnasiya yolu ilə həmin bəyannamə üzrə hüquqi şəxs tərəfindən ixrac edilən malların müqabilində xarici valyuta vəsaitlərinin ümumi məbləğindən qalıq kimi 149.08 (bir yüz qırx doqquz dollar səkkiz sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Azərbaycan Respublikası ərazisindəki müvafiq edilmiş bankdakı hesabına köçürülməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 (VAİS) baxış keçirilərkən müəyyən edilmişdir ki, yuxarıda göstərilən gömrük bəyannaməsi üzrə ixrac olunan malların müqabilində ümumi məbləğdən qalıq 149.08 (bir yüz qırx doqquz dollar səkkiz sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Azərbaycan Respublikası ərazisindəki müvəkkil olunmuş bankdakı hesabına köçürülməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokolu tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli **********4485 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, 74.321,19 (yetmiş dörd min üç yüz iyirmi bir dollar on doqquz sent) ABŞ dolları məbləğində, yeni həmin bəyannamənin 45-ci qrafasına əsasən 126.346,02 (yüz iyirmi altı min üç yüz qırx altı manat iki qəpik) manat dəyərində, 24 yerdən ibarət “qurudulmuş tikələrdə olan iribuynuzlu heyva orqanları” adlı mallar ABŞ-da yerləşən “REVNAQ LLC/İNTERMEGATRADİNG LLC” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir. Konsiqnasiya əməliyyatları üzrə hesabatdan görünür ki, Şəxs MMC tərəfindən 149.08 (bir yüz qırx doqquz dollar səkkiz sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti Azərbaycan Respublikası ərazisindəki müvəkkil olunmuş bankdakı hesabına köçürülməmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 74.321,19 (yetmiş dörd min üç yüz iyirmi bir dollar on doqquz sent) ABŞ dolları məbləğində, yeni həmin bəyannamənin 45-ci qrafasına əsasən 126.346,02 (yüz iyirmi altı min üç yüz qırx altı manat iki qəpik) manat dəyərində, 24 yerdən ibarət “qurudulmuş tikələrdə olan iribuynuzlu heyva orqanları” adlı mallar ABŞ-da yerləşən “REVNAQ LLC/İNTERMEGATRADİNG LLC” şirkətinin ünvanına konsiqnasiya yolu ilə ixrac edilmişdir, hüquqi şəxs tərəfindən konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində xarici valyuta vəsaitlərinin ümumi məbləğindən qalıq kimi 149.08 (bir yüz qırx doqquz dollar səkkiz sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti qanunvericiliklə müəyyən edilmiş müddət ərzində bank hesabına daxil olmamışdır. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Maddənin qeyd hissəsinə əsasən, Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 4.1-ci maddəsinə əsasən, Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqavilələrə əsasən respublika hüdudlarından kənarda satışı müəyyən müddət ərzində aparılan malların ixracını nəzərdə tutur. 4.2-ci maddəsinə əsasən Konsiqnasiya ticarəti üçün ayrılan müddət malların gömrük orqanlarında bəyan edildiyi gündən etibarən 180 günə qədər müəyyən olunur. Satışdan əldə edilən vəsaitlər, mallar satıldıqca 10 bank günündən gec olmayaraq ixracatçının Azərbaycan Respublikasındakı bank hesabına daxil olmalıdır. Mallar yuxarıda göstərilən müddətdə satılmadıqda 30 gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. 4.3-cü maddəsinə əsasən, Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 4.4-cü maddəsinə əsasən, Dövlət müəssisəsi olmayan digər şəxslər tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş mallar həmin malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilərlər. 12.1-ci maddəsinə əsasən, Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir. 12.2-ci maddəsinə əsasən, 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 149.08 (bir yüz qırx doqquz dollar səkkiz sent) ABŞ dolları məbləğində vəsaitin 30 (otuz) faizi həddində, yəni ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq 44.72 (qırx dörd dollar yetmiş iki sent) ABŞ dolları məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar