Məhkəmə qərarları › İş №3(004)-3192/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3192/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3192/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxslər Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə rəisi X1 və Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru X4, Müdafiəçi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 333.1, 342.9 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi tərəfindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol və Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru X5 tərəfindən Şəxs barəsində İXM-in 333.1-ci və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat təxminən 21:10-da Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində sərxoş vəziyyətdə DYPİ-nin YPX əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:10-da “Mercedes Benz S 63 AMG” (minik) markalı **-ON- *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xüsusi (çoxavazlı) səs siqnalından istifadə etdiyi üçün saxlanılmış və yoxlama zamanı sürücünün sərxoş olduğu müəyyən edilmişdir. Bununla da, Şəxs İXM-in 333.1-ci və 342.9-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2inzibati xəta haqqında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs Bakı şəhər DYPİ əməkdaşları tərəfindən raport tərtib edilməklə 26-cı polis bölməsinə gətirilmişdir. Həmin raport əsasında Şəxs barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhər DYPİ Yol patrul xidməti baş inspektoru X5inzibati xəta haqqında protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:10-da Yasamal rayonu ərazisində çoxavazlı səs siqnalından istifadə etdiyinə görə saxlanılmış, yoxlama zamanı sürücünün sərxoş olması müəyyən edilmişdir. Sürücüyə avtomobilin müvəqqəti duracağa aparılmalı olduğu izah edilsə də o bununla razılaşmayaraq polis əməkmışının qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 333.1, 342.9 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək izahatında göstərdi ki, həmin vaxt əsəbi və sərxoş olduğu üçün polis əməkdaşları ilə aralarında anlaşılmazlıq yaranmışdır. İlk olaraq avtomobilin müvəqqəti duracağa aparılmasına etiraz etmiş, olduqları yerdə çoxavazlı səs siqnalının sökülərək protokol tərtib edilməsini tələb etsə də hadisə yerində olan digər polis əməkdaşı ilə danışdıqdan sonra əməli dərk etmiş polisin qanuni tələbinə tabe olaraq avtomobilin müvəqqəti duracağa aparılmasına etiraz etməmişdir. Törətdiyi inzibati xətanı dərk edərək təqsirli olduğunu etiraf edir. Yekun olaraq yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı DYPİ-nin YPXA-nın baş inspektoru X5 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə saat 21:10 radələrində hərbi rejim vaxtı “Mercedes” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobil çoxavazlı səs siqnalından istifadə etdiyi üçün tərəflərindən saxlanılmışdır. Mühafizə olunan duracağa aparılanda sürücü mübahisə etməyə başlamışdır. Məlum oldu ki, sürücü avtomaşını sərxoş vəziyyətdə idarə edir. Sürücü Şəxs polisin qanuni tələblərinə əməl etməmiş avtomaşını duracağa aparmaqdan imtina etmişdir. Bu zaman sürücüyə hüquq və vəzifələri izah olunmuş və hərbi rejim vaxtı sərxoş vəziyyətdə, polisin qanuni tələblərinə əməl etməməsi izah olunmuşdur. Vətəndaş Şəxs ərazi aidiyyatı üzrə Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsinə müvafiq qaydada araşdırılıb tədbir görülməsi üçün dəvət olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq vətəndaş Şəxs barədə araşdırma aparılması üçün göstəriş verilməsi xahiş edilmişdir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavənin sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx xxxxxxx 2020-ci il tarixli 2/17387 nömrəli aktına əsasən Şəxs xx.xx.2020-ci il tarixdə, saat 21:40-da sərxoş olmuşdur. Sərxoşluğu 0,47 promilli olaraq qiymətləndirilir. xx xxxxxxx 2020-ci il tarixli AZA seriyalı 001176 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.1, 342.9 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. İXM-in 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-in 342.9-cu maddəsinə əsasən Nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə -inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxx 2020-ci iltarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində çoxavazlı səs siqnalından istifadə etməklə sərxoş halda avtomobil idarə etmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində sərxoş halda, çoxavazlı səs siqnalından istifadə etməklə və ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 333.1, 342.9 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halların olmamasını və məsuliyyəti ağırlaşdıran halı nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 333.1, 342.9 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni xx xxxxxxx 2020-ci il tarixdən, saat 21:10-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 342.9 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək çoxavazlı səs siqnalı dövlət nəfinə müsadirə edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il saat 21:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar