Məhkəmə qərarları › İş №3(004)-3192/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3192/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3192/2025 05.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, “Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Dövlət X5 daxil olmuş İXP seriyalı ******* nömrəli, 01 may 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Şəxs” inzibati xəta törədilən zaman mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin etibarnamə üzrə nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, “Şəxs” artıq ləğv edilmişdir, bu barədə əmr də mövcuddur. Həmçinin Yasamal DYPŞ tərəfindən sorğu düzgün ünvana göndərilməmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və nümayəndənin iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 01 may 2025-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, “Şəxs” inzibati xəta törədilən zaman mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal rayon X6 Şöbəsi tərəfindən “Şəxs”-nə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Əliyev soyadlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, hüquqi şəxs tərəfindən verilən etibarnamə qeydiyyatı olan hissədə etibarnamələrə dair məlumat hissəsindən görünür ki, həmin hissədə istifadəsi həvalə olunan şəxsin soyadı, istifadəsi həvalə olunan şəxsin adı, istifadəsi həvalə olunan şəxsin ata adı, sürücülük vəsiqəsi, S.V üzrə kateqoriyası, mobil nömrə, sənədin nömrəsi, sənədin daxil olması (ESD-də qeydiyyatı), qeyd, sənədin verilmə tarixi və sənədin bitmə tarixi hissələri boş buraxılmışdır. DİN-in DYP Web portaldan çıxarışdan görünür ki, Khazar LX minik markalı, 99PU725 dövlət qeydiyyat nişanlı avtomobilin texniki vasitələrin köməyi ilə inzibati xəta törətməsi görüntüsü əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli, **********3 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsi”nin 4.7.5-ci yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasına razılıq verilməsi, Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (F.Məmmədov) bu əmrin icrasından irəli gələn məsələlərin həllini təmin etməsinin tapşırılması, Nazirliyin Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi (G.Nəsibova) bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasını təmin etməsi, əmrin icrasına nəzarət nazir müavini Anar Əliyevə həvalə edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş 01 iyul 2022-ci il tarixli, **********3 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2018ci il 10 dekabr tarixli 387 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Nizamnaməsinin 4.20.15-ci yarımbəndini rəhbər tutaraq və Dayanıqlı və Operativ Sosial Təminat X1 24 iyun 2022-ci il tarixli 2 nömrəli Qərarını nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ştat cədvəlinin təsdiq edilməsi, Aidiyyəti struktur bölmələrin rəhbərlərinə bu Əmrdən irəli gələn müvafiq məsələlərin həllini təmin etmələrinin tapşırılması, vətəndaş müraciətləri və sənədlərlə iş departamentinin bu Əmrlə bağlı məlumatlandırmanı həyata keçirməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş 21 iyul 2022-ci il tarixli, **********7 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) nəzdində Şəxs (bundan sonra - Müdiriyyət) ləğv edilməsi, müdiriyyətin ləğv edilməsi ilə əlaqədar məsələlərin həll edilməsi məqsədilə Nazirliyin aidiyyəti qurumlarının nümayəndələrindən ibarət komissiya yaradılması, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə bu Qərardan irəli gələn məsələlərin həll edilməsinin tapşırılması, qərarın icrasına nəzarətin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2022-ci il 17 yanvar tarixli **********4 nömrəli əmri ilə müəyyən edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilməsi qərara almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş 25 iyul 2022-ci il tarixli, **********1 nömrəli əmrdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.5.7-ci yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) nəzdində Şəxs (bundan sonra - Müdiriyyət) ləğv edilməsi ilə əlaqədar məsələlərin həll edilməsi məqsədi ilə komissiya yaradılması əmr edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Şəxs” adlı qurum artıq hüquqi şəxs və ya struktur vahidi kimi fəaliyyət göstərmir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 21 iyul 2022-ci il tarixli, **********7 nömrəli qərarı ilə həmin qurum ləğv edilmişdir. Bununla yanaşı, ləğv olunmuş bu strukturun əvəzinə yeni hüquqi şəxs – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti – yaradılmış və onun fəaliyyəti Nazirliyin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi vasitəsilə təşkil edilmişdir. Bu dəyişikliklər dövlət sənədləri və normativ aktlarla rəsmiləşdirilmişdir. İnzibati xətanın hüquqi tərkibi dörd elementdən ibarətdir: obyektiv tərəf, subyektiv tərəf, obyekt və subyekt. Bu halda, ilkin mərhələdə həmin əməldə inzibati xəta tərkibinin formalaşması üçün zəruri şərtlərdən biri olan subyekt elementi yoxdur. Subyekt, yəni hüquqi və ya fiziki şəxs olmadan hər hansı əməlin inzibati xəta kimi qiymətləndirilməsi mümkün deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində də konkret şəkildə göstərilir ki, yalnız hüquqi və ya fiziki şəxslər tərəfindən törədilmiş, qanunla qadağan olunmuş və təqsirli hərəkətlər (və ya hərəkətsizlik) inzibati xəta hesab oluna bilər. Lakin hal-hazırda barəsində protokol tərtib edilən “Şəxs” adlı qurum hüquqi mövcudluğunu itirmişdir, yəni həmin tarixdə hüquqi şəxs və ya orqan kimi fəaliyyət göstərməmişdir. Hüquqi şəxs və ya struktur vahid mövcud deyilsə, onun tərəfindən hər hansı inzibati xəta törədildiyini iddia etmək hüquqi baxımdan absurddur. Bundan başqa, inzibati məsuliyyətin tətbiqi yalnız faktiki və hüquqi cəhətdən mövcud olan subyektlərə qarşı mümkündür. Ləğv olunmuş orqanlara qarşı protokol tərtib edilməsi, belə protokollar əsasında icraat aparılması hüququn elementar prinsiplərinə ziddir. Bu, həmçinin vətəndaşların və hüquqi şəxslərin müdafiə hüququnun pozulması ilə nəticələnə bilər, çünki faktiki olaraq mövcud olmayan qurumun hüquqlarını müdafiə edəcək hər hansı hüquqi və fiziki şəxs artıq müəyyən oluna bilməz. Bundan əlavə, inzibati icraatın mühüm tələblərindən biri də şəffaflıq, məlumatlandırma və cavab hüququnun təmin edilməsidir. İş materiallarından görünür ki, barəsində protokol tərtib edilmiş quruma inzibati xətanın baş verməsi ilə bağlı hər hansı etibarlı bildiriş təqdim edilməmişdir. Sadəcə bir şəxsin soyadı Əliyev olan naməlum şəxsin imzası ilə xəbərdarlıq sənədi təqdim olunmuşdur ki, burada hüquqi ünvan, səlahiyyətli şəxs və təmsilçilik qaydaları barədə heç bir dəqiq məlumat yoxdur. Bu da inzibati icraatın prosedur normalarının pozulmasına dəlalət edir və sübut toplusunun hüquqi qüvvəsini şübhə altına alır. Nəticə etibarilə, təqdim edilmiş sənədlərin və faktiki halların təhlili göstərir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Şəxs” adlı struktur faktiki və hüquqi baxımdan mövcud deyil və beləliklə inzibati xəta tərkibinin formalaşması üçün əsas şərtlərdən biri – subyektin mövcudluğu – iş üzrə tam şəkildə istisna olunur. Bu hal da inzibati xəta tərkibinin yaranmasını hüquqi baxımdan mümkünsüz edir və barəsində protokol tərtib edilmiş quruma qarşı inzibati məsuliyyətin tətbiqini əsassız və qanunsuz edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, “Şəxs” tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi müəyyən olmadığı üçün əməlində inzibati xəta tərkibi yoxdur. Belə olan halda “Şəxs” barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “Şəxs” barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar