Məhkəmə qərarları › İş №3(004)-3199/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3199/2020

23.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3199/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X2 iclas katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Baş Polis İdarəsinə (BPİ) bilavasitə tabe olan Bakı Metropolitenində Polis şöbəsinin (PŞ) İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Sabunçu rayonu Bilgəh qəsəbəsi Zəfəran Sovxozunda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində PŞ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində PŞ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixində metronun “Nizami” stansiyasında saat 18:35 radələrində özünü şübhəli apardığı üçün saxlanılmış və üzərinə baxış zamanı satış məqsədi olmadan şəxsi istehlak miqdarında, yəni 0,298 qram narkotik maddə olan marixuana aşkar edilərək götürülmüşdür. Faktla bağlı PŞ-də aparılmış ilkin təhqiqat araşdırması nəticəsində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən xx xxxxxxx 2020-c il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Lakin Şəxs əməlində inzibati xətanın tərkib əlamətlərinin olması müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Şəxs protokolla tanış olaraq imzalamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində PŞ-nin İTB-nin baş inspektoru X6 protokolu müdafiə edərək bildirmişdir ki, şöbənin İİ bölüyünün İİ tağımın İİ manqasının manqa komandiri raportla rəhbərliyə müraciət edərək birldirmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 18:35-də metronun “Nizami” stansiyasında xidmətdə olduğu zaman ölkə ərazisində tətbiq olunan hərbi vəziyyət rejimi dövründə təhlükəsizliyin təmin edilməsi məqsədilə əl yükləri yoxlanılarkən bir nəfər şəxs özünü şübhəli apardığından onun üzərinə baxış keçirilmiş və onun cibindəki siqaret qutusunun içərisindən bir ədəd narkotik vasitəyə bənzər bitki aşkar edilmişdir. Yaranmış zərurətlə bağlı həmin şəxs şöbəyə dəvət edilmiş və şəxsiyyəti yoxlanılarkən onun Şəxs olması müəyyən edilmişdir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizası rəyi əsasında Şəxs üzərindən aşkar edilmiş maddənin çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuanna olması, onun təmiz çəkisinin isə şəxsi istehlak miqdarından az miqdarda, yəni 0,298 qram təşkil etməsi müəyyən edilmişdir. Toplanmış material üzrə cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şahin Əliyevin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Qəbul edilmiş qərarın surəti isə şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi məqsədilə aidiyyəti üzrə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək hüquq və vəzifələri izah edilməklə surəti ona təqdim edilmişdir. Protokol tərtib etmiş X6 göstərilənlərə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs haqqında müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 12 radələrində şəhərə gəlmək üçün yaşadığı Sabunçu rayonu Bilgəh qəsəbəsindən çıxıb dayanacağa doğru gedən zaman yol kənarında ağzı açıq vəziyyətdə olan siqaret qutusunun içərisində bir büküm gümüşü rəngdə olan bükülünün olduğunu görmüş və həmin bükülünü siqaret qutusunun içərisindən götürüb açdıqda, içərisində marixuananın olduğunu görmüşdür. O, əvvəllər narkotik maddə olan marixuana istifadə etdiyi üçün həmin bükülünü üzərində saxlamış, daha sonra metronun “Koroğlu” stansiyasının yaxınlığında olan sanitar qovşağına gedərək yoldan tapdığı bir büküm marixuananı siqaret dənəsinin tütününü boşaldaraq onun içərisinə doldurmuşdur. Bundan sonra o, “Nizami” stansiyasına gəlmiş, metrodan çölə çıxıb alış-veriş etmək üçün mağazalara baxmış, təxminən saat 18 radələrində yaşadığı ünvana getmək üçün yenidən “Nizami” stansiyasına daxil olmuş, orada xidmət göstərən polis əməkdaşları ondan şübhələndiyindən onlar tərəfindən saxlanılmış və üzərinə baxış keçirilərkən həmin maddə aşkar edilmişdir. Bundan sonra o, şöbəyə dəvət edilmiş, orada müdafiəçi təqdim edilmiş və araşdırma aparılmışdır. Şəxs əlavə olaraq izahatında bildirmişdir ki, aradabir narkotik vasitə istifadə etməsinə baxmayaraq, onda narkotik vasitədən aludəçilik yaranmamışdır. O, törətdiyi əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Bundan əlavə Şəxs ona verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamış, eyni zamanda inzibati qaydada tutulmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin İİ bölüyünün İİ tağımın İİ manqasının manqa komandiri X5 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli raportdan müəyyən edilir ki, həmin tarixdə saat 18:35 radələrində o, “Nizami” metrostansiyasında xidmətdə olarkən əl əşyaları yoxlanılan zaman bir nəfər şəxs özünü şübhəli apardığı üçün saxlanılıb üzərinə baxış keçirilən zaman üzərindən bir ədəd narkotik maddəyə oxşar bitki aşkar edilmiş, həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən Şəxs olması müəyyən edilmiş və həmin şəxs növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli şəxsi axtarış və fiziki şəxsdə olan əşyaların yoxlanılması haqqında protokollardan müəyyən edilir ki, hal şahidlərinin iştirakları ilə Şəxs üzərində axtarış aparılarkən onun üzərindən 1 qutu “Vinston” markalı siqaret qutusunun içərisindən 1 ədəd narkotik maddəyə oxşar bitki aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 7/700 nömrəli rəydən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “vətəndaş Şəxs üzərindən .....” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd papirosun içərisində ümumi çəkisi-0,510 qram tütünlə qarışıq kütlədə, təmiz çəkisi 0,298 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş üzrə təyin edilmiş məhkəmə-nakoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 2769 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən müəyyən edilir ki, Şəxs çətənə bitkisi preparatlarından periodik istifadə etmə halları olub, lakin o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şahin Əliyevin xx xxxxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati təsir tədbirinin görülməsi məqsədilə qəbul edilmiş qərarın icrası şöbənin İTB-nə həvalə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokol tərtib edən şəxsin, iş materiallarını, iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarında narkotik vasitə əldə edərək üzərində saxlaması iş materialları əsasında və özünün səmimi etirafı ilə sübuta yetirilmiş, o, həmin xətanın törədilməsində təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, həmin Məcəllənin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinin “a” yarımbəndinə görə narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. İş materiallarından isə göründüyü kimi Şəxs üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 0,289 qram təşkil etmişdir ki, həmin miqdar yuxarı həddi aşmamaqla şəxsi istehlak miqdarında hesab edilir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşmançılığını, əvvəllər məsuliyyətə cəlb olunmadığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən Şəxs qeyd olunan inzibati məsuliyyətini ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Təhqiqat araşdırması zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki,Şəxs aşkar edilib götürülmüş və iş materiallarına əlavə edilib Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində PŞ-nin xx xxxxxxx 2020-ci il tarixli 8715-1220 nömrəli müşayiət məktubu ilə məhkəməyə təqdim edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış0,278 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Belə ki, İXM-nin 77.3-cü maddəsinə görə icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) iş üzrə icraat başa çatanadək maddi sübutların qorunub saxlanmasının təmin edilməsi üçün tədbirlər görməli, inzibati xəta haqqında iş üzrə icraat başa çatdıqdan sonra maddi sübutlar haqqında qərar qəbul edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, barəsində inzibati xəta hqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görəX3 məhkəmədə iştirak etdiyi 10 (on)iş saatına görə 60 (altımış) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-də olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 37, 40, 43, 48-51, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 15:06dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,278 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə vəkilX3 məhkəmədə iştirak etdiyi 10 (on)iş saatına görə 60 (altımış) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar