Məhkəmə qərarları › İş №3(004)-3210/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3210/2021

10.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3210/2021 10.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X3 iclas katibliyi ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 20.11.2021-ci il tarixli və BNA ******* saylı, 23.11.2021-ci il tarixli qərarlarından şikayət verərək, həmin qərarların ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəməyə verdiyi izahatında şikayətini onunla əsaslandırmışdır ki, 20 noyabr və 23 noyabr 2021 il tarixində xüsusi mülkiyyətində olduğu **-NX-*** dövlət qeydiyyatlı avtomobilini Yasamal rayonu ərazisində o, 2-3 dəqiqəlik tərk edib öz şəxsi işləri ilə məşğul olub və dərhal qayıdandan sonra BNA-nin qanunsuz sürpriz qərarı ilə “mükafatlanmışam” obrazlı ifadə etsə. Belə ki, ona hər iki halda qanunsuz uzaqdan xüsusi texniki vasitələrin və kameraların köməyi ilə cərimə olunmuşdur. Hörmətli Məhkəmə, Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 122-ci maddəsində konkret olaraq inzibatı xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasında və həmin maddənin 122.1 maddəsində 346.1 maddəsi öz əksini tapmamışdır. Bununlada məlum olur ki, İXM-nin 346.1 maddəsində göstərilən xətanı uzaqdan distant kamera ilə çəkib və inzibatı icraat açmaq və inzibatı tənbeh tətbiq etmək qanunsuzdur. İnzibatı Xətalar Məcəlləsinin 122.5-ci maddəsində konkret olaraq göstərilib ki, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibatı xətalara görə nəqliyyat vasitələrini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibatı xəta haqqında protokol tərtib edib və ya inzibatı tənbeh tətbiq etmə haqqında qərar çıxartmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanın mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibatı xətalar haqqında yalnız bu məcəllənin 122.1 maddəsində nəzərdə tutulmuş qaydada elektron protokol tərtib olunur. Qərarları qanunsuz hesab edir və qərarlar qanunsuz olduğu üçün ləğv edilməlidir. İXM-nin 110 maddəsinə əsasən inzibatı xəta üzrə işə onun törədildiyi yerdə baxılır. İnzibatı xətanı törədən şəxsin vəsatəti əsasında işə onun yaşadığı yerdə baxıla bilər. Ona görə də qərarların ləğv edilməsini xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi X7 məhkəmə iclasında bildirdi ki, aşağıda göstərilənlərə əsasən hesab edir ki, X6 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 23 noyabr 2021-ci il BNA ******* saylı və 20 noyabr 2021ci il BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarları dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X6 idarə etdiyi “HYUNDAİ SANTAFE MİNİK” markalı, 90NX058 dövlət qeydiyyat nişanlı avtomobilin 20 noyabr 2021-ci il tarixdə saat 18:22:59-dan 18:26:43-ə qədər Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti ünvanında və 23 noyabr 2021-ci il tarixdə saat 15:36:31 -dan 15:40:15-ə qədər ünvan 2 ünvanında “3.27” (dayanmaq qadağandır) yol nişanın təsir zonasında saxlamışdır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarlarda və əlavə edilmiş fotoşəkillər ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Həmçinin bildirmişdir ki, agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəflərindən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. Bildirmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 23 noyabr 2021-ci il BNA ******* saylı və 20 noyabr 2021-ci il BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarları mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X4 şikayətləri əsassızdır və təmin edilməməlidir. İXM-nin 346.1-ci maddəsinə əsasən, dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyinin 23 noyabr 2021-ci il BNA ******* saylı və 20 noyabr 2021-ci il BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarlarından X6 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini, həmin inzibati tənbeh vermə haqqında qərarların dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 20.11.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 20 noyabr 2021-ci il tarixdə saat 18:26 radələrində “Hyundai Santafe minik” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, “Elmlər Akademiyası” metrostansiyasının yanında dayanma və durma qaydalarını pozduğu üçün İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 23.11.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən X6 23 noyabr 2021-ci il tarixdə saat 15:40 radələrində “Hyundai Santafe minik” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində dayanma və durma qaydalarını pozduğu üçün İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 manat cərimə edilmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbu ki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə qərara və qərara əlavə edilmiş BNA-nın kameralarında qeydə alınmış inzibati xətanın törədildiyi yerdən çəkilmiş fotoşəkillərə əsasən şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Şikayətçi şikayətində onun barəsində qəbul edilmiş qərar üzrə İXM-nin tələbləri pozulmaqla icraat aparıldığını, həmin icraat qaydasında onun barəsində inzibati tənbehvermə qərarı çıxarılmasının şikayətində göstərilən İXM-nin tələblərinə zidd olduğunu qeyd etsə də, səlahiyyətli orqanın izahatındakı halların əsaslı olduğunu qeyd edərək, buna görə də məhkəmə hesab edir ki, şikayətin bu hissəsi əsassızdır. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da protokolla da müəyyən edilir ki, şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 20.11.2021-ci il tarixli və BNA ******* saylı, 23.11.2021-ci il tarixli inzibati xəta haqqında qərarlardan verdiyi şikayəti təmin edilməsin, həmin qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar