Məhkəmə qərarları › İş №3(004)-3213/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3213/2021

01.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3213/2021 01.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılzadə Turan Tahir qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 dekabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 01 dekabr 2021-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 01 dekabr 2021-ci il tarixdə Yasamal rayonu, Şərifzadə küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni təqbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, 01 dekabr 2021-ci il tarixdə saat 08:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində piyadalar üçün nəzərdə tutulmamış, lakin adətən hamının keçdiyi hissədən yolu keçən zaman DYP inspektoru tərəfindən saxlanılmış və ona özünü təqdim etməsi tələb edilmişdir. İlk olaraq o, ad və soyadını və ata adını demiş, lakin polis əməkdəşının təkrar sualına cavab olaraq ata adını deməkdən imtina etmişdir. Buna səbəb isə maddi imkanının zəif olduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmasını istəməməsi olmuşdur. Polis əməkdaşı dəfələrlə onun ata adını soruşsada cavab verməmişdir. Yekun olaraq o əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı övladının və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirdi ki, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqları izah olunmuş, iş materialları ilə tanış olmuş, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 01 dekabr 2021-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, “İnşaatçılar” metrostansiyası ətrafında xidmətdə olarkən bir nəfər şəxsin piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu keçməsinin şahidi olmuş bundan sonra həmin şəxsə yaxınlaşaraq şəxsiyyət vəsiqəsini təqdim etməsini istəmişdir. Həmin şəxs şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Bundan sonra o həmin şəxsə özünü təqdim etməsini bildirsədə həmin şəxs ad və soyadı demiş lakin ata adını deməkdən imtina etmişdir. Dəfələrlə həmin şəxsdən ata adını soruşmuş, lakin həmin şəxs şəxsiyyət məlumatlarını tam şəkildə bildirməkdən imtina edərək polisin qanuni tələblərinə tabe olmamışdır. Daha sonra şəxs 29-cu polis şöbəsinə təmin olunmuşdur. İş materiallarında olan: Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis X8 Xidməti inspektoru X2 tərəfindən 29-cu Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 01.12.2021-ci il tarixli raportdan görünür ki, 01.12.2021-ci il tarixdə təxminən saat 09:00 radələrində A.M.Şərifzadə küçəsi “İnşaatçılar” metrostansiyasının yaxınlığında piyada xidmət apararkən bir nəfər şəxsin yolun hərəkət hissəsinin müəyyən olunmayan yerindən keçdiyini görmüşdür. O vətəndaşa yaxınlaşıb özünü təqdim etdikdən sonra vətəndaşa qayda pozuntusunu izah edib şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişdir. Vətəndaş şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Ona təhkim olunmuş “Bord Kompüter” vasitəsilə vətəndaşın özünü təqdim etməsini xahiş etsədə lakin vətəndaş polisin qanuni tələbinə tabe olmayaraq özünü təqdim etməmişdir. O vətəndaşa hüquq və vəzifələrini izah etmiş, qanuna zidd əməllərinə son qoymağı xahiş etsə də vətəndaş polisin qanuni tələbinə məhəl qoymayaraq özünü təqdim etməmişdir. O həmin vətəndaşı ÇPA ilə 29-cu polis şöbəsinə dəvət etmişdir. X5 Haqqında 01.12.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 09:20-də inzibati qaydada tutulmuş, 01.12.2021-ci il tarixdə saat 15:15-də azad edilmişdir. Məhkəmə iclasında Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis X8 Xidməti inspektoru X2 tərəfindən təqdim edilmiş xüsusi avadanlıqda olan səs yazısı dinlənilərkən müəyyən edilmişdir ki, Şəxs İlk olaraq ad və soyadını və ata adını deyir, lakin polis əməkdəşının təkrar sualına cavab olaraq ata adını deməkdən imtina edir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafedici izahatından başqa, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 01 dekabr 2021-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X10 X8 Xidmətinin polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs törətdiyi əməli səmimi etiraf edərək, əməlindən peşman olmasını və himayəsində üç azyaşlı övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar