Məhkəmə qərarları › İş №3(004)-3216/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3216/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3216/2020 03.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X1 iclas katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri BPİ-nin DYPİ-si tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə tarixdə saat 20:15 radələrində idarə etdiyi «Mercedes Benz» (minik) markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Badamdar qəsəbəsində hərəkətdə olarkən Bakı şəhər BPİ-nin DYPİnin inspektoru X2 tərəfindən saxlanılmış və onun sərxoş vəziyyətdə olmasına dair kifayət qədər şübhə yarandığından tibbi müayinədən keçməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparılmış, lakin o, Mərkəzdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 343.1-ci (Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Şəxs tərtib edilmiş protokolu imza etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ-nin DYPİ-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə görə işə inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü barəsində tərtib edilmiş protokol üzrə təqsirli bilərək göstərmişdir ki, həqiqətən o, xx xxxxxxx 2020-ci il tarixdə tarixdə saat 20:15 radələrində idarə etdiyi «Mercedes Benz» (minik) markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Badamdar qəsəbəsində hərəkətdə olarkən Bakı şəhər BPİ-nin DYPİ-nin inspektoru X2 tərəfindən saxlanılmış və onun sərxoş vəziyyətdə olmasına dair kifayət qədər şübhə yarandığından tibbi müayinədən keçməsi üçün inspektorun təklifi ilə alkotester yoxlanışından imtina edib tibbi müayinədən keçmək istədiyini bildirmişdir. Daha sonra onlar birlikdə tibbi müayinədən keçmək üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə getmişlər, lakin orada olan həkim ağ xalatda olmadığından Mərkəzdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən, eyni zamanda barəsində tərtib edilmiş protokolu imzalamaqdan imtina etmişdir. Şəxs əməlindən səmimi peşman olduğunu, ailədə yeganə nəqliyyat vasitəsi idarə etmək hüququ olan şəxs olduğunu, həmçinin ehtiyatda olan hərbiçi olmasını nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 20:15 radələrində Badamdar qəsəbəsində idarə etdiyi «Mercedes Benz» (minik) markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhər BPİ-nin DYPİ-nin inspektoru X2 tərəfindən saxlanılmış və o, sərxoş vəziyyətdə olmasına dair kifayət qədər şübhə yarandığından tibbi müayinədən keçməsi üçün inspektorun qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx xxxxxxx 2020-ci il tarixli 2/16055 nömrəli aktının surətindən müəyyən edilir ki, Şəxs həmin tarixdə saat 20:25-də inspektor Vüqar Kətanov tərəfindən Mərkəzə gətirilmiş, lakin sonuncu sərxoşluq vəziyyətinin müəyyən edilməsi ilə bağlı tibbi müayinədən keçməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin QİŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AC seriyalı 511316 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Şəxs A, BE, CE kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır və xx.xx.2024-cü il tarixədək etibarlıdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 20:15 radələrində Yasamal rayonu Badamdar qəsəbəsində «Mercedes Benz» (minik) markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs sərxoş vəziyyətdə olmasına dair kifayət qədər əsaslı şübhə yarandığından həmin vaxt onu saxlamış Bakı şəhər BPİ-nin DYPİ-nin YPX-nin inspektoru Vüqar Kətənov tərəfindən tibbi müayinədən keçməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə gətirilmiş, lakin o, Mərkəzdə sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtina etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Şəxs Azərbaycan Respublikasının İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması araşdıraraq hesab edir ki, onun məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hal aşkar edilmədi. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri təyin edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar