Məhkəmə qərarları › İş №3(004)-3221/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-3221/2022

04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-3221/2022 04.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara işin baxılmağa hazırlanması zamanı baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş 13 iyun 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 13 iyun 2022-ci il tarixdə saat 23:29də “Toyota Corolla” (minik) markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Şəxs Bakı şəhər BPİ DYPİ-nin YPX-nin inspektoru X1 tərəfindən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, sərxoş olduğundan şübhələnildiyindən sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə alkotest yoxlanışından keçirilmiş və onun sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 329.3-cü (İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə) və 333.1-ci (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə işin baxılmağa hazırlanması zamanı protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 69.1-ci maddəsinə əsasən işin nəticəsində maraqlı olmayan yetkinlik yaşına çatmış şəxslər inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak etmək üçün icraatında inzibati xəta haqqında iş olan vəzifəli şəxs tərəfindən hal şahidi kimi dəvət olunurlar. Hal şahidlərinin sayı iki nəfərdən az ola bilməz. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Lakin hazırkı iş üzrə sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən 2 nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. İXM-in 43.3-cü maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Həmçinin həmin Fərmanın 6-cı bəndində də müəyyən edilmişdir ki, İXM-in 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ həmin Fərmanla həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Beləliklə əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İXM-in 43.3-cü maddəsində və Fərmanın 6-cı bəndində müəyyən edilmiş hallar mövcud olsun. Lakin nə məhkəməyə göndərilmiş protokoldan, nə də ki həmin protokola əlavə edilmiş iş materiallarından yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində və İXM-in 43.3cü maddəsində göstərilmiş halların mövcudluğu görünmür, bu barədə protokolda və ya iş materiallarında hər hansı əsaslandırma aparılmayıb. Yəni protokolu məhkəməyə göndərmiş şəxs daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab etməsini də əsaslandırmamışdır, Həmçinin nəzərə alınmalıdır ki, məsuliyyəti ağırlaşdıran hallar İXM-in 33-cü maddəsində müəyyən edilmişdir. İXM-in 33.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən həmin Məcəllənin 33.1.1 - 33.1.7-ci maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. İXM-in 33.3-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Daha ağır tənbeh tədbirinin tətbiqini mümkün hesab edən, İXM-in 43.3-cü maddəsində göstərilmiş mütləq meyarlar – inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinin mövcudluğu faktiki olaraq hazırkı iş materialları ilə ümumiyyətlə əsaslandırılmayıb. İXM-in 43.3-cü maddəsində müəyyən edilmiş hallar mövcud deyil. Buna görə də necə ki, İXM-də göstərilmiş həmin hallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmamışdır və belə bir hallar mövcud deyildirsə, onda həmin inzibati xəta haqqında işi baxmaq üçün öz mülahizəsinə əsasən məhkəməyə göndərilməsi, həm İXM-nin, həm də qeyd edilən Fərmanın yuxarıda göstərilən tələblərinə ziddir. Buna görə də qeyd edilən hallar mövcud olmadıqda, həmin inzibati xəta haqqında işə baxılması məhkəmənin səlahiyyətinə aid olmur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Buna görə də yuxarıda göstərilənlər nəzərə alınmaqla, hazırkı işə məhz protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən baxmalı və qərar qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər nöqsanlar aradan qaldırılmadan və işin hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə məhkəmədə baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikasının İXM-nin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib edilmiş 13 iyun 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan, natamamlıqla bağlı şəxsin müvafiq inzibati xətanı törədib-törətməməsini müəyyən etmək, mövcud natamamlıqları isə işə məhkəmədə baxılarkən tamamlamaq mümkün olmadığından protokol onu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-sinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İXM-nin 40, 100-110 və 114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş 13 iyun 2022-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material natamam olduğundan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-sinə geri qaytarılsın. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar