Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3244/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərarından şikayət verilmiş Azərbaycan Respublikası ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" ASC-nin direktoru X5-Əfəndiyeviçin Azərbaycan Respublikası ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" ASC-nin direktoru X5-Əfəndiyeviç Azərbaycan Respublikası ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X1 "xxxx" ASC tərəfindən qanunsuz olaraq yerin təkindən istifadə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən araşdırılma aparılmış, inzibati icraata başlanılması üçün iş materialları Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində xx.xx.2025-ci il tarixli, MN1441332 nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmiş, o, 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində inzibati icraat aparılarkən ona bildiriş göndərilməmiş, inzibati xəta ilə bağlı onun izahatı alınmamış, inzibati protokol tərtib edilərkən ona məlumat verilməmiş, protokolun surəti də ona təqdim edilməmişdir, inzibati tənbeh vermə haqqında qərarın qəbul ediləcəyi ilə bağlı da o xəbərsiz olmuşdur. İnzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrimin izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin ona təqdim edilməməsi və ya göndərilməməsi onu öz müdafiə hüququnu qurmaqdan məhrum etmişdir. Həmin inzibati xətaya görə baş direktoru olduğu X1 "xxxx" ASC barəsində inzibati tənbeh tətbiq edilmiş, cəmiyyət 5000 (beş min) manat məbləğinə cərimə edilmişdir. Sözügedən inzibati xətaya görə vəzifəli şəxs kimi yenidən onun barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilməsi hüququn ümumi prinsiplərindən olan “non bis in idem” prinsipinin, həm də ədalətlilik prinsipinin pozulmasıdır. Ona görə də hesab edirəm ki, qərar ləğv edilməli, inzibati icaata isə xitam verilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, idarənin xx.xx.2025-ci tarixli, MN ******* saylı qərarı tamamilə qanuni və əsaslıdır. Ona görə də şikayətin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, eyni inzibati xətaya görə "xxxx" ASC cərimə edilmiş, həmin əmələ görə hüquqi şəxsin təqsiri sübuta yetirilmişdir. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi vəzifəli şəxsi məsuliyyətdən azad etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" ASC-nin direktoru X5- Əfəndiyeviç məhkəmə iclasında iştirak etməmiş, müdafiəçisinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçısını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Baş prokurorluğunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəzifəli şəxs X5-Əfəndiyeviç (VÖEN: **********) - xx.xx.1987-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ‘‘X1 "xxxx" ASC-nin direktoru, Bakı şəhəri Yasamal rayonu İsmayılbəy Qutqaşınlı küçəsi ev 4 mənzil 105 qeydiyyatda olmaqla yaşayan barəsində Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından ‘‘X1 "xxxx" ASC-nin direktoru X5-Əfəndiyeviç Azərbaycan Respublikası İXM-in 228-ci maddəsi ilə təqsirli bilinərək barəsində 2500 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X1 "xxxx" MMC-yə məxsus yük avtomobilləri Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi istiqamətində Xəzər dənizinin sahil zolağına keçirilən baxış zamanı sahil zolağının üst hissəsini ekskavatorlar vasitəsilə yığaraq daşımışdır. Bununla da “X1 "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin tələbləri “X1 "xxxx" MMC-nin direktoru X5-Əfəndiyeviç tərəfindən də kobudcasına pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, eyni inzibati xətaya görə hüquqi şəxsin məsuliyyətə cəlb edilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsi məsuliyyətdən azad etmir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" ASC-nin direktoru X5-Əfəndiyeviç tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqqında iş üzrə qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş "xxxx" ASC-nin direktoru X5-Əfəndiyeviçin Azərbaycan Respublikası ETSN 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci tarixli, MN ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-3244/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3244/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver