Məhkəmə qərarları › İş №3(004)-3250/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3250/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3250/2020 24.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, X1 nümayəndəsi və vəkili X4 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su X2 MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su X2 MN ******* saylı qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ‘'Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” xx xxxx 2020-ci il tarixli Qərarının 1.6.2-ci bəndinə əsasən, 2 kodu altında, vətəndaşlara ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə 2 (iki) saat müddətinə gündə 1 dəfə verilir. X5 xx.xx.2020-ci il tarixində müvafiq Qərarda nəzərdə tutulmuş göstərişlərə tamamilə uyğun olaraq, açıq havada vaxt keçirmək məqsədilə yaşayış yerini sms-icazə alaraq 2 saat müddətinə tərk etmiş, yaşayış yerinə 5 dəqiqəlik məsafədə yerləşən dəniz kənarına getmişdir. Sms-icazəsinin mövcudluğu barədə məlumat verməyinə baxmayaraq, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən ona dəniz sahilində gəzməyə icazə verilmədiyi əsas gətirilərək cərimə yazılmışdır. Qərarı aşağıdakılara görə əsassız hesab edir: 1) Protokolda tərəfindən guya törədilmiş olan inzibati xətanın mahiyyəti “15:00 radələrində Zaqulba qəsəbəsi, Xəzər dənizi sahilində epidemiya sanitar-gigiyena və karantin rejimlərini pozmaq” kimi göstərilmişdir. Söhbətin hansı pozuntudan getdiyini müəyyən etmək isə mümkün deyil, inzibati xətanın mahiyyəti aydın olmadığından, protokol, ümumiyyətlə, qanunla müəyyən olunmuş tələblərə cavab vermir və etibarsızdır. 2) Qərardan belə aydın olur ki, inzibati xətanın mahiyyəti dənizdə çimməkdən ibarətdir. Halbuki, o, dənizə daxil olmadan, yalnız dənizin sahilində gəzərək hava almışdır. Hətta Protokolda da dənizdə deyil, dəniz sahilində olmağı göstərilmişdir. Dənizin sahilində çimmək isə, aydın məsələdir ki, mümkün deyil. Deməli, Qərarda nəzərdə tutulmuş, təqsirləndirildiyi hərəkət (dənizdə çimmək) nəinki hər hansı başqa sübutla, hətta İdarənin öz protokolu ilə belə sübut edilmir, Qərar protokola uyğun deyil. 3) Hətta dənizdə çimmiş olsaydı belə, bu, inzibati xəta tərkibi yaratmayacaqdı. Belə ki, xx.xx.2020-ci il tarixində dənizdə çimməyi qadağan edən hər hansı normativ-hüquqi akt qüvvədə deyildi. Hətta cavab məktubunda belə yalnız “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın çimərliklərdən və dənizdə çimməyə icazə verilməməsi ilə əlaqədar müvafiq qərarı” ifadəsindən istifadə edilmiş, söhbətin hansı qərardan getməsi ilə bağlı heç bir açıqlama verilməmişdir. Çünki elə bir qərar mövcud olmamışdır. Qərarla vətəndaşların 2 saatlıq icazə əsasında hava almasına icazə verilmiş, havanı quruda, dənizdə, meşədə, yaxud dağın başında almalı olması ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirilməmişdir. Qeyd olunanlardan aydın görünür ki, ona İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tətbiq edilməsi ilə əlaqədar hər hansı qanuni əsas mövcud olmamış, tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili X6 şikayətdə göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan məhkəmə iclasına gəlməmiş və ya nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su X2 MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 15:00 radələrində Zaqulba qəsəbəsi Xəzər dənizinin sahilində epidemiya, sanitar, gigiyena və karantin rejimini pozaraq dənizdə çimdiyinə görə Azərbaycan Respublikası İXM-nin 211-ci (hazırda 211.1) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublıikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökümətin İnkişafı Mərkəzi” X10 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktub görünür ki, 2020-ci il 29 iyun tarixində saat 14:06-dan 16:06-dək 8103 SMS-icazə sistemində vətəndaş X3 (Seriya: AZE 08619424, FİN 346199T) adına icazə qüvvədə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırılması zamanı X5 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması öz təsdiqini tapmamışdır. Əksinə, məhkəməyə təqdim olunmuş sübutlar təsdiq edir ki, xx.xx.2020-ci il tarixində X3 Bakı şəhəri ərazisində hərəkəti üçün müvafiq icazəsi olmuşdur. Lakin buna baxmayaraq, səlahiyyətli orqan mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. Ona görə də X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su X2 MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Su X2 MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar