Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3254/2025 22.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, Şikayət vermiş şəxs X2, Bakı şəhəri BPİ X9 İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 99VD022 dövlət qeydiyyat nişanlı Honda Civic markalı avtomobilin qanuni istifadəçisidir. 11 may 2025-ci il tarixdə, saat 20:33-də Bakı şəhəri, Mikayıl Müşviq küçəsində 99YP457 nömrəli yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmış və barəsində İXM-nin 342.2.2 maddəsinə uyğun olaraq protokol tərtib edilmişdir. Avtomobili “qeyri-qanuni” LED işıq mənbələrinin istifadəsi adı ilə cərimə meydançasına aparılmışdır. İXM 96-cı maddəsində sürücünün nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılması üçün səbəblər göstərilmişdir. Həmin maddədə sadalanan qayda pozuntularının heç birini törətmədiyini nəzərə alaraq, YPX inspektorları tərəfindən vəzifə səlahiyyətlərinin aşılması faktı qeydə alınmışdır. Hadisənin video görüntüsünü qoşma şəklində ərizəsinə əlavə edir. Bildirmişdir ki, İXM-də və digər hüquqi sənədlərdə “LED” ifadəsi ümumiyyətlə istifadə olunmur. İXM-nin 342.2.2-ci maddəsi yalnız normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsini əhatə edir. Avtobomilin xarici işiq cihazlarında istifadə edilən lampalar avadanlıq hesab edilmir, istifadə edilən lampaların halogen və ya led olması barədə heç bir məhdudiyyət yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 aprel 2015-ci il tarixli 96 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalarda LED lampalar barədə qadağa yoxdur. Bundan savayı, İXM-də xarici işıq cihazlarının istifadə qaydasının pozulmasına görə 342.5-ci maddəsi ilə inzibati tənbeh növü olaraq 50 AZN məbləğində cərimə nəzərdə tutulmuşdur. Daha əvvəl 09 dekabr 2023-cü il tarixdə eyni hal baş verdiyi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməli olmuş və xx.xx.2024-cü il tarixli Nəsimi Rayon Məhkəməsinin qərarı ilə eyni maddə ilə barəmdə başlanılmış icraata xitam verilmişdir. Qərarın surətini ərizəyə əlavə etmişdir. Hesab edir ki, YPX inspektoru tərəfindən protokol qanunsuz olaraq tərtib edilib və qərar da qanunsuz qəbul edilib. Bakı şəhər DYPİ polis mayoru X4 tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, hesab edir ki, İXM-nin 53 maddəsinin 53.1-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.2-ci bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, X3 işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.5-ci maddəsinə əsasən X3 İşlər üzrə qərardan verilən şikayətdən dövlət rüsumu tutulmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq TP ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, xarici işıq cihazlarının dəyildirilməsinə görə saxlanılmış, lakin onun avtomobildə etdiyi dəyişiklik konstruksiya dəyişikliyi deyildir. Köhnə işıqlar yana bilərdi, ona görə də dəyişmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ X9 İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, “Yol hərəkəti haqqında” qanunda qeyd olunur ki, xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Avtomobilin köhnə işıqları sarıdır, quraşdırılmış işıqlar led ağ işıqlardır, həmçinin avtomobilə səs quraşdırmışdır ki, bu da qanunsuzdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu, odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 12 may 2025-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X6 xx.xx.2025-ci il tarixində, saat 20:33-də, Bakı, Mikayıl Müşfiq, 1c ünvanında “Honda Cıvıc minik” markalı, 90VD022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. 11 may 2025-ci il tarixli Təlimata 5 saylı əlavə Avtonəqliyyat saxlanılma qəbulu barədə aktdan görünür ki, Honda markalı, 90VD022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmişdir. 12 may 2025-ci il tarixli Təlimata 5 saylı əlavə Avtonəqliyyat saxlanılma qəbulu barədə aktdan görünür ki, Honda markalı, 90VD022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi öz hərəkəti ilə duracağa gətirilmiş, nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi duracaqdan buraxılmış, avtomobildə olan led lampalar sökülmüşdür. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərdən görünür ki, şikayətçi X6 YPX əməkdaşları tərəfindən saxlanılmış, ona qanun pozuntusu izah edilmiş, X6 isə dərhal yerindəcə protokol tərtib edilməsini tələb etmiş, daha sonra özü avtomobili duracağa təmin etmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, 2005-ci il buraxılışlı “Honda Civic” markalı nəqliyyat vasitəsinin ön işıq cihazlarında (fənərlərində) zavod istehsalı zamanı nəzərdə tutulmuş halogen lampalar əvəzinə, ağ rəngli LED lampalar quraşdırılmışdır. Bu dəyişiklik avtomobilin istehsalçısı tərəfindən müəyyən edilmiş konstruktiv və texniki göstəricilərə zidd olmaqla, nəqliyyat vasitəsinin istismarı zamanı dəyişdirilə bilməyəcək mühüm texniki parametrlərdən birinə – işıq cihazlarının tipinə müdaxilə hesab olunur. Qeyd edilməlidir ki, 2005-ci ildə istehsal olunmuş “Honda Civic” modelləri üzrə rəsmi texniki spesifikasiyalarda və istehsalçı sənədlərində LED tipli fənərlərin istifadəsi nəzərdə tutulmamış, bu modellər yalnız halogen işıq mənbələri ilə təchiz olunmuşdur. Bu fakt texniki normativlər və ictimai təcrübədə məlum olan texnoloji reallıqlar baxımından sübuta ehtiyac olmadan müəyyən olunmuş hal hesab edilməlidir. Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” Qanunun 3 nömrəli əlavəsinin 2.1.2-ci bəndində açıq şəkildə qeyd olunur ki, işıq cihazlarının tipi, iş rejimi və rəngi dəyişdirilə bilməz və bu dəyişikliklər yalnız avtomobilin istehsalçısının müəyyən etdiyi göstəricilərə uyğun olduqda qanunidir. Bununla da müəyyən olunur ki, həmin nəqliyyat vasitəsinə LED işıq mənbələrinin quraşdırılması nəqliyyat vasitəsinin konstruktiv xüsusiyyətlərinin qanunsuz dəyişdirilməsi, istismar qaydalarının pozulması və texniki baxımdan yol verilən tələblərin kobud şəkildə pozulması halıdır. Belə dəyişiklik İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinin – “nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmayan işıq cihazlarının quraşdırılması” – tələbini pozur və inzibati məsuliyyətə səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar X3 işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən X3 işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə bu əlamətləri nəzərə alaraq X2 əməlində AR İXM-nin 342.2.2-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğu qənaətinə gəlir. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, X6 barəsində AR İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 12 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3254/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3254/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver