Məhkəmə qərarları › İş №3(004)-3257/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3257/2022

06.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3257/2022 06.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixində Heydər Əliyev prospektində ictimai qaydanı pozmuş xx.xx.2022-ci il tarixdə M.Müşviq 1 ünvanında BPİ DYPİ-də ucadan səs-küy salmışdır. Belə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Heydər Əliyev prospekti və Zığ beton yolunda ** EY *** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyat vasitəsini idarə edərkən sol ayağını pəncərədən çıxararaq avtomobili idarə etməyi ilə əlaqədar BPİ DYPİ-yə dəvət edilmiş, orada o, etdiyi hərəkətə haqq qazandıraraq ictimai qaydanı kobud şəkildə pozaraq səs-küy salmaqla iş rejimini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-nin polis sahə inspektoru X3 tərtib etdiyi protokolu müdafiə edərək Şəxs oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək, heç bir ictimai qaydanı pozmadığını, yorğun olduğunu, o səbəbdən avtomobili elə formada idarə etdiyini bildirmişdir. Polis orqanına heç bir hörmətsizlik etmək niyyətinin olmadığını qeyd edərək, əməlindən peşman olmasını və bir daha analoji hallara yol verməyəcəyinə dair söz verməsini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı Şəhər DYPİ-nə bilavasitə tabe olan YPX Alayının YPX baş inspektoru polis mayoru X2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 14:30 radələrində Toyota Prius markalı **-EY-*** d.n.n.-lı avtomobilin sürücüsü xx.xx.1995 təvəllüdlü Şəxs Heydər Əliyev pr və Zığ beton yolunda hərəkətdə olarkən sol ayağını pəncərədən çölə çıxardaraq hərəkət iştirakçılarının və sürücülərin diqqətini özünə cəlb edərək, ictimai qaydanı kobud şəkildə pozaraq video çəkilişlər edib, həmin görüntülər sosial şəbəkədə paylaşılmış və bu görüntü ictimaiətdə ciddi narahatçılıq doğuraraq qınağa səbəb olmuşdur. Bununla bağlı yuxarıda qeyd olunan avtomobilin sürücüsü xx.xx.2022-ci il 17:35 radələrində Yasamal rayonu Tbilisi prospektində saxlanılaraq Bakı Şəhər BPİ DYPİ-yə 103-cü nömrəli otağa araşdırılma məqsədilə dəvət olunmuşdur.Vətəndaş etdiyi əməldən peşmançılıq çəkmədiyini, daha da hay-küy salaraq heç bir qayda-qanunu pozadığını bildirmişdi. O, dərhal onu sakitçiliyə dəvət etmişdir. İXM-nin 61-ci maddəsinin rəhbər tutaraq ona hüquq və vəzifələrini izah etmişdir. Dərhal digər YPX əməkdaşlarının köməyi ilə Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişdir, NH-ə təhvil verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 05 aprel 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında iş materiallarına əlavə olunmuş CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs ** EY *** dövlət qeydiyyat nişanlı Toyota Prius minik markalı nəqliyyət vasitəsini avtomobil hərəkətdə olmasına baxmayaraq sol ayağını avtomobilin sol pəncərəsindən çıxararaq idarə etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, xx.xx.2022-ci il tarixdən saat 18:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar