Məhkəmə qərarları › İş №3(004)-3258/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3258/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3258/2024 16.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 iclas katibliyi, X1, Qərarından şikayət verilmiş AR DİN Bakı Şəhər X14 İdarəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı Şəhəri X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X13 Şöbəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, o, xx.xx.2024-cü il tarixində təxminən saat 16 radələrində Qəbələ dairəsi tərəfdə heç bir qayda pozuntusuna yol vermədən hərəkətdə olan zaman, X13 İdarəsinə məxsus 303 dövlət qeydiyyat nömrəli nişanlı avtomobillə xidmət aparan Baş serjant Samir adlı yol polisi əməkdaşı ona saxla əmrini verib. O, əmrə tabe olaraq avtomobili saxlayıb və ondan onu nəyə saxlamasının səbəbini soruşduqda, o, “avtomobildə konstruksiya dəyişikliyi olub, bu səbəbdən avtomobil duracağa getməlidir” deyə bildirmişdir. Bu zaman o, ona bildirib ki, heç bir problem yoxdur, duracağa getməyini tələb edirlərsə ilk növbədə onun barəsində protokol tərtib etsin, o bilsin ki, nəyə görə cərimə meydançasına gedir və hansı qanun pozuntusuna ol vermişdir. Buna baxmayaraq DYP əməkdaşı yenə öz dediyindən dönməyib, heç bir protokol tərtib etmədən və ona hansı qanun pozuntusuna yol verdiyini bildirmədən idarə etdiyi avtomobili qanunsuz olaraq cərimə meydançasına yerləşdirmişdirlər. Əvvəlcə onun barəsində İXM-nin 342.2.2-ci maddəsi ilə (normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə - 150 manat) onun iştirakı olmadan cərimə yazılmışdır. Bunu necə ediblər, harda yoxlayıblar, necə təyin ediblər ona çox maraqlıdır. Növbəti gün “İmprotexə” yoxlanışa gediblər, məlum olub ki, avtomobildə orta qazan çıxarılıb. İmprotexdən sonra isə, yazılan protokol AR İXMnin 342.3-cü maddəsi ilə əvəz olunub, guya maşından çox səs çıxır deyə. Lakin servisdə səslə bağlı bir yoxlanış aparılmamışdır. Bəs bu yazılan protokol nəyə əsasən dəyişdirilmişdir, çox maraqlıdır. Bundan sonra Bakı şəhər DYPİ Yol Patrul Xidməti polis kapitanı X9 tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə tətbiq etmişdir. Aşağıda qeyd olunanlara əsasən Bakı şəhər DYPİ-nin polis kapitanı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İlk öncə onu bildirmək istəyir ki, "BMW 3301 minik” markalı, ** NK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi onda olduğu müddət ərzində nəqliyyat plitəsinin işlənmiş qazları xaric etmə sistemində hər hansı bir avadanlıq quraşdırmamış və ya dəyişdirməmişdir. Bununla bağlı hər hansı bir hərəkət edilibsə ondan əvvəl edilmişdir ki, avtomobili aldığı zaman və xx.xx.2024-cü il tarixdə texniki baxışdan keçən zaman hər hansı pozuntuya yol verməyi, normativ tələblər pozulmaqla hər hansı bir avadanlıq quraşdırmağı və ya dəyişdirməyi ilə bağlı ona heç bir irad bildirilməmişdir. Bundan başqa bildirir ki, maddənin dizpozisiyasından göründüyü kimi nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələbləri pozulmaqla adanlığın quraşdırılması və ya dəyişdirilməsində məqsəd mühərrikin səs gücünün artırılması olmalıdır. Lakin iş materiallarında ona məxsus olan “BMW 3301 minik” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mühərrikinin səs gücü ümumiyyətlə yoxlanılmamış, sözügedən nəqliyyat vasitəsinin mühərrikin səs gücünün normadan artıq və ya müəyyən edilmiş norma daxilində olması araşdırılmamışdır. Bundan əlavə “İmprotex Motorsdan” alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “BMW 3301 minik” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat asitəsinin səsboğucu sisteminin odboğan qazanı aradan qaldırılmışdır. Lakin iş materiallarında həmin ehtiyyat hissəsinin çıxarılmasının və ya olmamasının nəqliyyat vasitəsinin mühərrikinin səs gücü artmasına səbəb olub-olmaması barədə heç bir sübut mövcud olmamamışdır. İnzibati təhbeh haqqında qərar və onun verilməsinə əsas olmuş protokol heç bir obyektiv araşdırma aparılmadan tərtib edilmişdir ki, bununla ona qarşı kobud şəkildə qanun pozuntusuna yol verilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 342.3-ci maddəsinin dispozisiyasında göstərilən halları müəyyən etmək xüsusi bilik tələb etdiyindən, iş üzrə ekspertiza aparılmalı və ekspert rəyinə əsasən qiymət verilməli idi. Odur ki, Bakı şəhər X14 İdarəsinin polis kapitanı X4 xx.xx.2024-cü il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməsini, əməlində Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xilam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın nümayəndəsi Nümayəndə2 məhkəməyə verdiyi izahatında bildirdi ki, şikayət əsassızdır və təmin edilə bilməz. Bütün sebutlar məhkəmə təqdim edilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İlk əvvəl məhkəmə qeyd edir ki, qərardan şikayətvermə müddəti ötürülməmişdir. Müddətin ötürülməsi təsdiq edilmir. Ona görə də şikayətə baxılmalıdır. Həmçinin qərar qanunsuzdursa, bu cür qərardan şəxsin şikayətvermə hüququna məhdudiyyətlər yaradılmamalıdır. Belə ki, inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri buna xidmət edir. Çünki İXM-nin 5.1-ci maddəsinə əsasən insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. İXM-nin 5.2-ci maddəsinə əsasən həmin Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı Şəhəri X13 İdarəsinin TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən X7 xx.xx.2024-cü il tarixdə saat 18:24 radələrində Yasamal rayonu, H.B.ünvan 1 ünvanında Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (yəni, mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə) təqsirli bilinib 500 manat cərimə edilmişdir. Qərarın qəbul edilməsinə əsas İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol olmuşdur. Həmin protokol və qərarda şəxsin xx.xx.2024-cü il tarixdə həqiqətən də “mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi” ilə müşaiyyət olunan nəqliyyat vasitəsini idarə etməsini təsdiq edəcək sübutla təsdiq edilmir. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Normativ tələblərin pozulması ilə avadanlığın quraşdırılması və ya dəyişdirilməsinə dair hər hansı bir mütəxəssis və ya ekspert rəyi, texniki rəy, texniki vasitələrin göstəriciləri, kamera görüntüsü, hər hansı bir fotoşəkil, ümumiyyətlə hər hansı bir sübut növü mövcud deyildir. Protokol tərtib etmiş orqan yalnız "xxxx" MMM-dən məktub almaqla kifayətlənmişdir. Bundan əlavə inzibati xətanın törədilməsi aşkar edildikdən sonra avtomobil texniki baxışdan keçirilməmiş, nəqliyyat vasitəsinin mühərrikinin səs gücünün texniki göstəriciləri müəyyən edilməmişdir. Belə olduğu halda şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Qeyd edilən vəziyyətdə həmin inzibati xətanın X7 tərəfindən törədilməsində şübhələr yaranır. Bütün göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şəxsin əməlində inzibati xəta tərkibinin olması səlahiyyətli orqanın qərarında kifayət qədər sübuta yetirilməmişdir, bu barədə sübutlar kifayət etmir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədib-törətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Bununla da məhkəmə hesab edir ki, qərarda konkret sübuta istinad edilmədiyindən, sübutsuz vəziyyətdə hadisənin törədilməsində şəxsi təqsirli bilib, sadəcə İXM-nin inzibati xəta kimi müəyyən edilmiş maddəsinin dispozisiyasına istinad edilərək şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Konkret əməl İXM-də inzibati xəta kimi müəyyən edilmişdirsə və şəxsin həmin əməlin törədilməsində təqsiri İXM-lə müəyyən edilmiş qaydada sübuta yetirildikdən sonra inzibati məsuliyyətə cəlb edilə bilər. Qərarda şəxsin ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan konkret hansı əməli (hərəkət və ya hərəkətsizlik) törətməsi göstərilməli, həmin əməlin hansı sübutlarla müəyyən edilməsi qeyd edilməli və həmin əməlin İXM-in hansı maddəsinin dispozisiyasında nəzərdə tutulmuş inzibati xəta olması qərarda öz əksini tapmalıdır. İXM-də 2 qaydada protokol tərtib edilməsi müəyyən edilmişdir. Dərhal və ya inzibati araşdırmanın nəticəsi üzrə. Belə ki: - İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmçinin - İXM-nin 101.3-cü maddəsinə əsasən İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Lakin hazırkı iş üzrə şəxs əməlin mövcudluğu ilə razılaşmadığı üçün, tərtib edilmiş protokol yeganə sübut ola bilməz. Hazırkı iş üzrə protokol hər hansı bir araşdırmanın nəticəsi olaraq tərtib edilməmişdir. Hazırkı protokolu tərtib etmiş şəxs hesab etmişdir ki, xəta törədilib, ona görə də hər hansı bir araşdırma aparmadan protokol tərtib etmişdir. Bu səbəbdən də həmin protokol onu tərtib etmiş şəxsin subyektiv mülahizəsini (ehtimalını) əks etdirməklə, dərhal tərtib edilmişdir. Subyektiv mülahizəsini (ehtimalı) əks etdirən protokol isə şəxsin təqsirliliyini təsdiq edən yeganə sübut kimi qəbul edilə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X7 barəsində İXM-in 342.3-cü maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı Şəhəri X13 İdarəsinin İXP ******* saylı, xx.xx.2024-cü il tarixli protokol əsasında qəbul edilmiş TP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar