Məhkəmə qərarları › İş №3(004)-3263/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3263/2025

30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3263/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektoru X4 iştirakı ilə, X1 Bakı şəhəri Yasamal RPİ-nin X10 şöbəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Bakı şəhəri Yasamal RPİ-nin X10 şöbəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 16 may 2025-ci il tarixində saat 15:00 radələrində ona məxsus olan 99-E-418 dövlət qeydiyyat nömrə nişanlı Harley-Davidson 1200CC markalı motosikl ilə hərəkət edərkən Bakı şəhəri Yasamal rayonu Ə.B.Haqverdiyev küçəsində **-YP-*** dövlət qeydiyyat nömrə nişanlı yol patrul xidməti tərəfindən saxlanmışdır. Saxlanılmasının səbəbi motosiklın səsinin yüksək olması göstərilmişdir. Hadisə yerində heç bir protokol, akt və ya digər hüquqi sənəd tərtib olunmadan duracağa dəvət olunmuşdur. O, səs ucaldıcı qurğunun mövcud olmadığını dəfələrlə bildirmişdir. Motosiklda ustalar tərəfindən hər hansı dəyişiklik edilməmiş və qaynaq izləri mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektoru X7 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində xidmətdə olan zaman onun tərəfindən saxlanılmış Harley-Davidson 1200CC markalı motosikla sonradan əlavə avadanlıq qismində “Vance & Hines” şirkətinə məxsus səsboğucu quraşdırılması aşkar edilmişdir. Həmin avadanlığın texniki funksiyası motosiklın motorundan çıxan səsi gücləndirmək, eləcə də motosiklın səsinin daha aqressiv səslənməsinə köməkdir. Qeyd edilən avadanlıq zavod tərəfindən nəzərdə tutulmamışdır, onun sahibi tərəfidən sonradan əlavə olaraq quraşdırılmışdır. Bunu sübut edən fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Eyni zamanda bildirmişdir ki, zavod istehsalçı tərəfindən nəzərdə tutulmayan sözügedən qurğunun quraşdırılması səs gücləndirici funksiyası olduğu üçün motosikldən güclü səs çıxır və bu dav əhalinin haqlı narazılığına səbəb olur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında iştirak etməmiş, müdafiəçisinin (vəkilinin) iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin X10 şöbəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 14:57-də Bakı şəhəri Yasamal rayonu Ə.B.Haqverdiyev məhəllə 1055, GPS: 40.3917788,49.8088778 ərazisində “Harley- Davidson XL 1200 NS” markalı 99-E-418 dövlət qeydiyyat nömrə nişanlı motosiklı idarə edərkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclası zamanı baxış keçirilən zaman inzibati tənbeh vermə haqqında qərarda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Eləcə də məhkəmə tərəfindən “İnternet İnformasiya ehtiyyatlarından” əldə edilmiş məlumatlardan müəyyən edilmişdir ki, “Vance & Hines” şirkəti Harley-Davidson markalı motosikllar üçün səsgücləndirici və ya səsboğucu (exhaust/muffler) qurğular istehsal edir. Həmin qurğuların texniki funksiyası motosiklın vizual və estetik görünüşünü dəyişməkdən əlavə motosiklın səsini daha dərin, güclü və aqressiv etməkdir. Sözügedən avadanlıq qeyd edilən marka motosikllar üçün zavod tərəfindən nəzərdə tutulmamışdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş fotoşəkillərin müqayisəli tədqiqi nəticəsində də müəyyən edilmişdir ki, X5 tərəfindən ona məxsus “Harley-Davidson XL 1200 NS” markalı 99-E-418 dövlət qeydiyyat nömrə nişanlı motosikla onun motorunun səsini gücləndirmək (dəyişmək) məqsədilə “Vance & Hines” şirkətinə məxsus səsboğucu quraşdırılmışdır. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və yadəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal RPİ-nin X10 şöbəsinin xx.xx.2025-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar