Məhkəmə qərarları › İş №3(004)-3276/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3276/2021

21.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3276/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş materiala baxaraq məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi Uçot siyasəti şöbəsinin müdiri X3 tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 30 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən hüquqi şəxs «ÇİNAR AVTOPARKİNQ” MMC-nin tərəfindən 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditi aparılmamışdır və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 tərtib edilmiş protokola etiraz edərək bildirmişdir ki, Müəssisə 01 dekabr 2019-cu il tarixdən fəaliyyətə başlamış və həmin il üzrə 59.370 manat mənfəət əldə etdiyi üçün mənfəət vergi bəyannaməsi kiçik sahibkar kimi verilmişdir. Audit aparılması illik olduğundan və MMC kiçik sahibkarlıq subyekti olduğuna görə müstəqil auditor cəlb edilməmişdir. Lakin, 2020-ci il üzrə audit qanunda nəzərdə tutulmuş qaydada keçirilmişdir. Uçot siyasəti şöbəsinin 17 noyabr 2021-ci il tarixli Bildirişi Müəssisəyə daxil olmamışdır. Hesab edirik ki, MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə tərtib edilən protokol qanuni və əsaslı sayıla bilməz. Göstərilənlərə əsasən "xxxx" MMCnin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə ona qarşı tərtib edilən protokol üzrə icraata xitam verilməsininə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokol tərtib etmiş orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 01 dekabr 2019-cu il tarixdən fəaliyyətə başlamış və həmin il üzrə 59.370 manat mənfəət əldə etdiyi üçün mənfəət vergi bəyannaməsi kiçik sahibkar kimi verilmişdir. 2020-ci il üzrə isə audit qanunda nəzərdə tutulmuş qaydada keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılıb qərar qəbul olunması üçün məhkəməyə göndərilməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə görə “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, "xxxx"-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində 30.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar