Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-3288/2024 25.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X2, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1, 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal RPİ-nin 29-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələri ilə 25 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin Bakı şəhəri Yasamal RPİ DYPŞ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 333-1.1 maddəsi ilə 23 iyun 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında 25 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs 23 iyun 2024-cü il tarixdə Yasamal DYPŞ-nin əməkdaşlarına qarşı nalayiq küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında 23 iyun 2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Şəxs 23 iyun 2024-cü il tarixdə, saat 04:57-də Toyota Rav-4 minik markalı, 11ND011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yasamal rayon Məhkəməsinin 3(004)-3289/2024 saylı, 25 iyun 2024-cü il tarixli qərardadına əsasən məhkəmənin icraatında olan 3(004)-3288/2024 və 3(004)-3289/2024 nömrəli inzibati işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu (25 iyun 2024-cü il tarixli, MN ******* saylı) tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, Şəxs barəsində raport əsasında protokol tərtib etmişdir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu (23 iyun 2024-cü il tarixli, İXP ******* saylı) tərtib etmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 03:00 radələrində Yasamal rayonu, Xiyabani küçəsində onlara təhkim edilmiş **-YP-*** d.q.n-lı BMW markalı nəqliyyat vasitəsi ilə xidmətdə olarkən önlərində olan “Toyota Rav 4” markalı, **-ND-*** d.q.n-lı avtomaşın manevr etmə qaydasını pozduğu üçün ona tərəflərindən saxla işarəsi verilmişdir. Daha sonra onlara yaxınlaşarkən avtomobildə 3 nəfərin əyləşdiyini, sürücü şüşəni endirən zaman isə avtomaşın salonundan kəskin spirt iyi gəlmişdir. Sürücü Şəxs narkoloji test zamanı narkotik vasitənin təsiri altında sərxoş olduğu müəyyən edilmişdir. Odur ki, Şəxs ünvanlarına nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmadığı üçün barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində yığıncaqda spirtli içki qəbul etmiş, sonuncu dəfə narkotik vasitə marixuananı may ayında ölkə xaricində-Dubayda olarkən qəbul etmiş, polis əməkdaşları ilə avtomobildən düşərək mübahisə etmiş və onların normal iş qaydasını pozduğunu, bundan sonra polis əməkdaşlarından avtomobili idarə edərək qaçmağa çalışmış, bir neçə dəqiqə onu yol patrul əməkdaşları təqib etdikdən sonra saxlamış, polis əməkdaşlarını mübahisə edərkən onları söyməmiş, həmçinin polis əməkdaşları tərəfindən də ona qarşı hər hansı psixi və ya fiziki təsir olmamışdır. Məhkəmə iclasında dindirilmiş Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X5 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 03:00 radələrində Yasamal rayonu, Xiyabani küçəsində onlara təhkim edilmiş **- YP-*** d.q.n-lı BMW markalı nəqliyyat vasitəsi ilə xidmətdə olarkən önlərində olan “Toyota Rav 4” markalı, **-ND-*** d.q.n-lı avtomaşın manevr etmə qaydasını pozduğu üçün ona tərəflərindən saxla işarəsi verilmiş, daha sonra yaxınlaşıb sürücüyə özlərini təqdim etmişlər. Nəqliyyat vasitəsində sürücüdən başqa 3 nəfər əyləşmişdir, sürücü şüşəni endirən zaman avtomaşın salonundan kəskin spirt iyi gəldiyini hiss etmiş, bu zaman 1 nəfər şəxs arxa qapını açaraq nəqliyyat vasitəsindən düşüb ona yaxınlaşmış, onun qanuni xidmətinə müdaxilə etməyə başlamışdır. Dəfələrlə vətəndaşa xidmətinə müdaxilə etməməyini bildirsə də, o buna məhəl qoymayaraq ünvanımıza nalayiq söyüşlər söyməyə başlamış, eyni zamanda bir-birlərinə onları döyməyə göstəriş vermiş, daha sonra onları döyməyə cəhd etmiş, lakin onlar tərəfindən qarşı tərəfə dərhal adekvat cavab verilərək həmin şəxslər zərərsizləşdirilmişdir. Həmin şəxslərdən ikisi qaçmağa müvəffəq olsa da, onlardan sürücü Şəxs və sərnişin X8 avtomobil ilə qaçarkən yol patrul əməkdaşları tərəflərindən saxlanılmış, bundan sonra Şəxs piyada qaçarkən ayağı büdrədiyi üçün yıxılmış və üz nahiyyəsi asfalta sərt formada dəyərək əzilmişdir. Sürücü Şəxs narkoloji test zamanı narkotik vasitənin təsiri altında sərxoş olduğu müəyyən edilmişdir. Odur ki, Şəxs ünvanlarına nalayiq söyüşlər söyərək onların qanuni tələblərinə tabe olmadığı üçün barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılaraq içkili olub-olmadıqları soruşulmuş, sonra nəqliyyat vasitəsində olan yoldaşlardan biri polislə mübahisə etməyə başlamış, bu zaman o, avtomobildən düşərək onları ayırmağa çalışmış, ancaq buna müvəffəq olmamışdır. Polis əməkdaşları ilə aramızda mübahisə düşmüşdür. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən onlara qarşı fiziki və ya psixi təsir olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 25 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən vətəndaş Şəxs 23 iyun 2024-cü il tarixdə Yasamal DYPŞ-nin əməkdaşlarına qarşı nalayiq küçə söyüşləri söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında 23 iyun 2024-cü il tarixli, İXP ******* saylı protokola əsasən Şəxs 23 iyun 2024-cü il tarixdə, saat 04:57-də Toyota Rav-4 minik markalı, 11ND011 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati qaydada tutma haqqında” 23 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 23 iyun 2024-cü il tarixdə, saat 11:00-da tutulmuşdur. 23 iyun 2024-cü il tarixli, 1/610 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə tibbi mayinədən keçirilən zaman onda narkotik vasitələrin qəbulu nəticəsində sərxoşluq vəziyyəti aşkar edilmişdir. 23 iyun 2024-cü il tarixli “Avtonəqliyyat saxlanılma qəbulu barədə” aktdan görünür ki, “Toyota” markalı, **-ND-*** d.q.n. nəqliyyat vasitəsi saxlanılması üçün qəbul edilmişdir. 23 iyun 2024-cü il tarixli Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçi əvəzi polis baş leytenantı Sərxan Quliyev, baş əməliyyat müvəkkili polis baş leytenantı Tamerlan Quliyev, sahə inspektoru polis baş leytenantı Pərviz Qəmbərov, sahə inspektoru polis leytenantı Ağadadaş Tağızadə, məsul növbətçi köməkçisi polis baş serjantı Balamirzə Axundovun iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 04:40 radələrində Yasamal RPİ-nin DYPŞ-in YPX-nin inspektorları tərəfindən, Bakı şəhəri, Yasamal rayonu, Xiyabani küçəsindən gətirilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1996-cü il təvəllüdlü, Şəxs polisin qanuni tələblərinə məhəl qoymamışdır və hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Vətəndaş Şəxs PŞ-də daxil olduğu zaman onun üzünün sag göz ətrafı göyərti və sol qolun dirsəyi hissəsində qaraltı izi aşkar edilmişdir. Şəxs ilə söhbətlər zamanı həmin xəsarəti hadisə yerindən qaçmaq istəyərkən yıxılaraq asfaltın yanında səki hissəsində dəydiyini və xəsarət aldığını bildirmişdir Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında təqdim etdiyi video diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə, gecə saat 03:00 radələrində Yasamal rayonu ərazisində “Toyota” markalı, **-ND-*** d.q.n. nəqliyyat vasitəsi YPX-nin inspektorları tərəfindən saxlanılmış, daha sonra YPX əməkdaşı saxlanılan maşına yaxınlaşaraq özünü sürücüyə təqdim etmiş, sürücü və maşında əyləşən sərnişinlər maşından düşərək polis əməkdaşları ilə mübahisə yaratmış, polisin qanuni tələblərinə tabe olmamış, onların ünvanına nalayiq ifadələr işlətmiş, YPX-nin inspektorları ilə mübahisə yaratmışlar, Şəxs hadisə yerindən avtomobilə əyləşərək qaçmış və daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şəxs polis bölməsində verdiyi yazılı izahatından görünür ki, o, içkili olduğu üçün polisə tabesizlik göstərdiyini etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Şəxs təqsirləndirildiyi AR İXM-nin 510-cu maddəsinə münasibətdə məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolu tərtib etmiş və məhkəmə iclasında iştirak edən X4 isə öz izahatında AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dəlalət edən heç bir hala istinad edə bilməmişdir. Bundan əlavə AR İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Belə ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı pozan hərəkətlər dedikdə isə ictimai və ya şəxsi mənafelərə zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolun məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirli olması AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1-ci maddələrinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında iştirak edən polis əməkdaşının izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 23 iyun 2024-cü il tarixdə Yasamal DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair akt, məhkəmə iclasında etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Həmçinin, məhkəmə Şəxs törətdiyi İXM 535.1-ci maddəsində nəzərdə tutulan xətaya münasibətdə sərxoş vəziyyətdə olduğunu onun məsulliyətini ağırlaşdıran hall kimi nəzərə alır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsini, narkotik vasitə qəbul edən şəxsin həmin vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə etməsinin, nəinki həmin şəxsin özünün, o cümlədən, cəmiyyətin digər üzvlərinin (həmin avtomobildə əyləşən sərnişinlərin, yolu keçən piyadaların) həyat və sağlamlığı üçün real təhlükə yaratdığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həsbetmənin əvvəli 23 iyun 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Bununla yanaşı, məhkəmə səlahiyyətli orqanın diqqətini şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanuni olmamasına cəlb edir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs 23 iyun 2024-cü il tarixdə, saat 11:00da inzibati qaydada tutulmuş, tutma protokolunda formal olaraq onun 25 iyun 2024-cü il tarixdə, saat 10:30-da azad olunması göstərilsə də, o, polis nəzarəti altında 25 iyun 2024-cü il tarixdə, saat 12:34-dən sonrakı saatlarda məhkəmə qarşısına çıxarılmışdır ki, bu şəxsin qanunla müəyyən edilmiş müddətdən artıq saxlanılaraq azadlıq hüququnun məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Beləliklə, yekun olaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli, onun AR İXM-nin 333-1.1 və 535.1-ci maddələri ilə təqsirli olması yuxarıda sadalan sübutlarla öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 535.1-ci maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 23 iyun 2024-cü il tarixdən, saat 11:00dan hesablansın. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-3288/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-3288/2024
25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver